YAP-ın 30 illik deputatı: İmamverdi İsmayılov kimdir? - Maraqlı məlumatlar yayıldı
Milli Məclisə seçkilərin keçirilməsi fonunda bir çox şəxslər, hətta tanınmış siyasətçilər yenidən parlamentə düşmək uğrunda mübarizə aparmağa başlayıblar. Builki seçkilərdə şansını sınamaq istəyən deputatlardan biri də hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan İmamverdi İsmayılovdur.
Adətən, namizədliyini verən bəzi şəxslər və onların fəaliyyəti ilə bağlı qısa araşdırma aparanda bu adamların milyonluq mal-mülkləri ilə bağlı informasiyalar qarşımıza çıxır. Təəssüf ki, İ. İsmayılov da bu qəbildən olan deputatlardan biridir.
27 il işğal altında qalan Zəngilan və Qubadlını təmsil edən İ. İsmayılovun fəaliyyətinə fikir versək, adıçəkilən rayonlardan olan şəxslər üçün ciddi nələrsə etməyinin şahidi olarıq. Hətta Qubadlı-Zəngilan camaatının dərd-sərini söyləmək üçün onu on illərdir axtarıb tapa bilmədiyini də söyləsək, yanılmarıq.
Yenicag.az-ın qalmaqallı deputatlar rubrikasının növbəti “qonağı” olan İ. İsmayılov parlamentdə səssizliyini qoruyan şəxslərdən biridir. Bəzi deputat həmkarları kimi villa yarışında ən yüksək pilləyə çıxmaq istəyən cənab İsmayılovun adı, əsasən, biznes fəaliyyəti və qaranlıq işləri ilə bağlıdır. Qısa araşdırma nəticəsində İ. İsmayılovla bağlı dövri mətbuatda yayılan informasiyalardan bəlli olub ki, onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanları mövcuddur. Hətta qeyd olunur ki, onun ölkədəki tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payı da var. Məlumatlara görə, deputat ölkənin müxtəlif bölgələrində də özünə iş qurub. Onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan xəbərlər sırasındadır.
Hətta bahalı avtomobil həvəskarı olan cənab İsmayılovun 10-AA-706 dövlət nömrə nişanı olan “Mercedes” S-Class və 10-EE-888 nömrə nişanlı “Lexus” markalı maşınlarının olmasına dair də məlumatlar dərc olunub. Qeyd olunan digər bir iddia isə İ. İsmayılovun 5 il bundan öncə Sumqayıtda özünə bahalı villa tikdirməsi ilə bağlı verilən informasiyalar idi. Deyilənlərə görə, o, bu villanın tikintisinə 700 min manatdan çox pul sərf edib.
Hələ deputatın maşın bazarında payından başqa, onun ailəsinə məxsus xüsusi avtomobil seriyaların olduğu da qeyd olunur. Məlumata görə, 999 və 888 seriya nömrələri yalnız İsmayılovlar ailəsinə məxsusdur və onu “özəlləşdirən” də deputatın oğlu – Sumqayıt Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəis müavini, mayor İlkin İsmayılovdur. Həmin İlkin İsmayılov ki, adı qalmaqallı bir qətl işinə belə qarışmışdı. Qubada hoteldə qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobilin də İsmayılovlara məxsus 999 seriyası daşıdığı məlum olmuşdu.
O vaxt Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10-OD-999 dövlət nömrə-nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilmişdi. Hadisə zamanı İlkin İsmayılovun nömrə alveri ilə məşğul olması barədə söz-söhbətlərin də yayılmasına səbəb olmuşdu.
Bundan başqa, deputatın adı daha bir qalmaqallı işdə – MTN işində də keçib. O zaman həbsdə olan “Gündəlik Bakı” qəzetinin baş redaktorunun istintaqı zamanı onun arxasında dayanan şəxslərdən birinin Milli Məclisin üzvü İmamverdi İsmayılov olduğu üzə çıxmışdı. Onun qəzet vasitəsilə bəzi məmurlar haqqında informasiyalar yazdırdığı da bəlli olub.
Mətbuatda onun oğlu ilə bağlı başqa bir qalmaqallı xəbər isə İlkin İsmayılovun direktoru şagirdlərin önündə döyməsi xəbəri idi. Amma göründüyü kimi, deputat bütün bu qara işlərin içindən sapsağlam çıxıb və hələ növbəti seçkilərdə də deputat olmaq iddiasındadır.
Məclislərin birində İsmayılov seçicilərə borcu olmadığını, haqqını lazım olan yerlərə verib, mandat aldığını bildirib. Onun seçicilərlə 29 illik münasibətsizliyi də bunu açıq şəkildə sübut edir.
Tarixə qısa ekskurs etsək, görərik ki, deputat həyatında bir dəfə Sumqayıtdakı məcburi köçkünlərin arasına gəlib un paylayıb. O undan da insanlar kütləvi şəkildə zəhərlənib.
Araşdırma zamanı məlum olub ki, həmin un məcburi köçkünlərə yardım üçün gəlib, lakin paylanmadığına görə anbarda qalıb və vaxtı keçmiş məhsul olub. Bəlli ki, Azərbaycan reallığında deputatdan seçicilərin razı qalıb-qalmadığı çox da önəmli deyil. Əsas olan həmin adamın var-dövlətinə var-dövlət qatmasıdır. İ. İsmayılov da belə deputatlardan biri kimi bizim xatirimizdə qalıb.