
Masallı rayonunun Kolatan bələdiyyəsində ciddi qanun pozuntuları və sui-istifadə halları ilə bağlı iddialar səslənib. İddialara görə, hazırkı bələdiyyə sədri Rauf Cəbiyev bələdiyyə idarəsini şəxsi maraqlarına xidmət edən bir quruma çevirib.
Bu barədə bələdiyyənin sabiq sədri İsrail Səfərov şəxsi “Facebook” hesabında paylaşdığı statusda bildirib.
“Kolatan bələdiyyə sədri Azərbaycan Respublikası Konustutsiyasına, Bələdiyyələr haqqında qanuna zidd olaraq Azərbaycan Respublikasının Prezdenti tərəfindən təstiq edilmiş Milli məclis tərəfindən qəbul edilmiş qanunları öz xeyrinə dəyişərək bələdiyyə idarəsini şəxsi şirkətinə çevirib. Bələdiyyə üzvlərini idarədən uzaqlaşdıraraq istədiyi kənar adamları işə götürüb. Saxta protokollar tərtib edir və bələdiyyə üzüvlərinin yerinə özü qol çəkərək protokolları saxtalaşdırır. Hər saxta protokol yazanda kəndin bir küçəsini süpürərək izi itirmək istəyir. Vətəndaşlara bildirmək istəyirəm ki, mən işləyəndə təkcə öz əmək haqqımı götürmüşdüm onu da zibil pulu köçürmək üçün. Rauf Cəbiyev isə bələdiyyənin bütün pullarını və xeyriyyəçilərin də pullarını mənimsəyir” – deyə Səfərov yazıb.
Fakt.info xəbər portalı məsələ ilə bağlı İsrail Səfərovla əlaqə saxlayıb. Sabiq sədr paylaşdıqlarını təsdiqləyərək əlavə edib:
“Rauf Cəbiyev seçkilər ərəfəsində sədr olmaq istəmədiyini bildirsə də, üç ay sonra bu post uğrunda mübarizəyə başladı. Sədr seçildiyi ilk günlərdə sosial şəbəkədə korrupsiyadan uzaq olacağı barədə paylaşım etsə də, elə ilk gündən özünə 850 manat maaş təyin etdi. Həmin gündən də bələdiyyə qanunsuzluqların mərkəzinə çevrildi.”
Saxta protokollar və qanunsuz icarə müqavilələri
İsrail Səfərovun sözlərinə görə, Rauf Cəbiyev sədr olduqdan sonra bələdiyyə üzvlərini idarədən uzaqlaşdıraraq, bələdiyyə üzvü olmayan Səmədov Mübariz Əvəz oğlu adlı şəxsi kargüzar (onun əmək müqaviləsinə 09 sentyabr 2025-ci ildə xitam verilməsinə baxmayaraq hələ də bələdiyyədə işləyir), Cəfərov Amin Teymur oğlunu isə operator vəzifəsinə (onun da ali təhsili yoxdur, hərbi xidmətdə olmayıb) işə götürüb. Sədr olduğu vaxtdan 28 saxta protokol tərtib edib və bələdiyyə üzvlərinin yerinə özü imza atıb.
Səfərov bildirir ki, sədr 11 vətəndaşla hərrac və ya müsabiqə keçirilmədən, qanunsuz şəkildə 11 aylıq icarə müqavilələri bağlayıb:
“Bu müqavilələr əsasında bələdiyyə adından pul alıb, bir hissəsini isə şəxsən özü üçün götürüb. Bu artıq açıq-aşkar rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadədir.”
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2007-ci ilin 1 dekabr tarixində qüvvəyə minmiş fərmanda belə qeyd olunur:
“Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.”
Bu o deməkdir ki, bələdiyyə torpağını birbaşa müqavilə ilə (hərracsız) icarəyə vermək qanunsuzdur — müddətindən (1 ay, 11 ay, 3 il və s.) asılı olmayaraq.
Əmlak Məsələləri Dövlət Komitəsi və Baş Prokurorluq dəfələrlə bəyan edib ki, 2007-ci ildən sonra hərracsız bağlanmış bütün bələdiyyə icarə müqavilələri etibarsız sayılır və belə müqavilələr Dövlət Reyestrində qeydiyyata alınmır.
Bu baxımdan Kolatan bələdiyyəsinin sədri tərəfindən bağlanmış bütün 11 aylıq müqavilələr qanunsuz və hüquqi qüvvədən məhrum sayılır.
Fakt.info-nun əldə etdiyi siyahıya əsasən, Rauf Cəbiyev tərəfindən hərracsız bağlanmış müqavilələr aşağıdakı şəxsləri əhatə edir:
1. Əliyeva Reyhanə Muğdad qızı – “Ağsaqqallar evi” adlı obyekti illik 150 manat ödəməklə icarəyə götürüb.
2. Səfərəliyev Elvin Sübhan oğlu və Səfərəliyev Habil Qardaş oğlu – 2 ha torpaq, 616,60 manat.
3. Rzayev Sətdar Oruc oğlu – 50 sot torpaq, 154 manat.
4. Tağıyev Zaur Nayib oğlu – 2 ha torpaq, 609,20 manat.
5. Nuriyev Əyyar Ağarəzi oğlu – 1,5 ha torpaq, 462,90 manat.
6. Aslanov İdris Əstan oğlu – 2 ha torpaq, 616,60 manat.
7. Əbilov Vəfadar Məhərrəm oğlu – 1 ha torpaq, 308,40 manat, 150 manat ödəniş edib.
8. Məhərrəmov Zöhrab Oruc oğlu – 50 sot torpaq, 150 manat ödəyib.
9. Ağayeva Elnarə Novruz qızı – 2 ha torpaq, 316 manat ödəyib.
10. Zərbiyeva Zahirə Xankişi qızı – 2 ha torpaq, 616,80 manat yazılıb, 316,80 manat bank yolu ilə, 300 manat isə “əlbəəl” verilib.
Sonuncu vətəndaşın oğlu Zərbiyev Coşqun Şamil oğlu artıq Rauf Cəbiyev barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Digər vətəndaşlar da yaxın günlərdə eyni addımı atmağa hazırlaşırlar.
Qeyd edək ki, Rauf Cəbiyevin ali təhsilinin olmaması və hərbi xidmətdən yayınaraq saxta hərbi bilet aldığı da söylənilir. Buna baxmayaraq o özünü “Masallı Xəbərləri MİP” adlı “Facebook” səhifəsinin təsisçisi və baş redaktoru kimi təqdim edirək Masallı rayonunun ictimai həyatında fəal iştirak edir. Ona aid sosial şəbəkə hesablarında mütəmadi olaraq rayon icra hakimiyyətinin fəaliyyətini işıqlandırır.
Belə vəziyyətdə onun həm ictimai nəzarət funksiyasını yerinə yetirən jurnalist, həm də icraedici qərar verən bələdiyyə sədri kimi çıxış etməsi etik və hüquqi baxımdan ziddiyyətli haldır.
Kolatan bələdiyyəsində baş verənlər təkcə bir kəndin problemi deyil. Bu, bələdiyyə idarəçiliyində şəffaflığın pozulması, qanunların şəxsi maraqlara tabe etdirilməsi və vətəndaş etimadının sarsıdılması nümunəsidir.
Faktlar göstərir ki, Rauf Cəbiyevin fəaliyyəti həm “Bələdiyyələr haqqında” Qanunun, həm də Prezident fərmanının tələblərinə ziddir.
Məsələ hüquq-mühafizə orqanları tərəfindən təcili şəkildə araşdırılmalıdır.
09.09.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilən Kolatan Bələdiyyəsinin üzvü olmayan kargüzar Mübariz Səmədov 28 oktyabr tarixində qeyri-qanuni olaraq iş başında olmasını təsdiq edən foto: