
Saray qəsəbəsi ərazisində yeni təcili tibbi yardım filialı fəaliyyətə başlayıb.
Bu barədə Sumqayit.tv-yə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yeni filial 7/24 saat növbəli rejimdə fəaliyyət göstərir və burada 1 tibbi briqada xidmət aparır. İki otaqdan ibarət olan stansiya 1 ədəd təcili tibbi yardım avtomobili ilə təmin olunub.
Qeyd olunub ki, yeni yaradılan filial Saray qəsəbəsi ilə yanaşı, Ceyranbatan qəsəbəsində yaşayan vətəndaşlara da xidmət göstərəcək. Filial Saray Ailə Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərir.
TƏBİB-dən verilən məlumata görə, yeni stansiya və filialların istifadəyə verilməsi təcili tibbi yardım xidmətinin əlçatanlığını artıracaq, çağırışlara daha qısa müddətdə çatmağa imkan yaradacaq və tibbi yardımın vaxtında göstərilməsinə şərait yaradacaq.
Məlumat üçün bildirilib ki, görülən tədbirlər nəticəsində Qaradağ rayonu və Sumqayıt şəhəri üzrə fəaliyyət göstərən təcili tibbi yardım stansiyalarının sayı 6-ya çatıb.
17-03-2026, 16:43
141