Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə nəşr olunan “Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan modeli” kitabının təqdimat mərasimi keçirilib.
Kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyində multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəclidir. 248 səhifədən və 4 fəsildən ibarət olan nəşr “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin “Dəyərlərimiz – vəhdətimiz: Multikulturalizm” layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində çap olunub.
Əsərdə multikulturalizmin nəzəri əsasları, beynəlxalq təcrübədə tətbiqi və Azərbaycan modelinin xüsusiyyətləri geniş şəkildə araşdırılıb. Kitabda multikultural dəyərlərin hüquqi-siyasi əsasları, müxtəlif ölkələrin təcrübəsi, beynəlxalq təşkilatların bu sahədə fəaliyyəti, eləcə də Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri ətraflı təhlil edilir.
Müəllif qeyd edir ki, nəşr yalnız maarifləndirici xarakter daşımır, həm də dərs vəsaiti və metodik material kimi istifadə oluna bilər.
Təqdimat mərasimində Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid çıxış edərək tədbiri açıq elan edib. Daha sonra söz AYB İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənliyə verilib.
Tədbirdə çıxış edən Xalq yazıçısı, AYB sədrinin birinci müavini Çingiz Abdullayev kitabın Azərbaycan və ingilis dillərində olan versiyalarını oxuduğunu bildirərək nəşri uğurlu və əhəmiyyətli elmi iş kimi qiymətləndirib.
Millət vəkili, professor Jalə Əliyeva isə multikulturalizm mövzusunda belə əsərlərin hazırlanmasının vacibliyini vurğulayıb.
Təqdimatda Azərbaycanın Əməkdar jurnalisti Adil Cəmil, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, professor Nurulla Əliyev, jurnalist-yazıçı İradə Məlikova, avstraliyalı musiqiçi və alim Con Varney, eləcə də bir sıra şair, yazıçı və ziyalılar çıxış edərək kitab barədə fikirlərini bölüşüblər.
Mərasimdə müxtəlif ictimai birliklərin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər. Sonda tədbir iştirakçılarına kitabın Azərbaycan və ingilis dillərində nəşr olunmuş nüsxələri təqdim olunub.


