
Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində sakinlərin yaşadığı yataqxana binasında söküntü işlərinə başlanılıb. İddialara görə, bu səbəbdən binada kommunal xidmətlərin də dayandırılması gündəmdədir.
Sumqayıt.tv xəbər verir ki, binada yaşayan ailələrin sözlərinə görə, vaxtilə Fövqəladə Hallar Nazirliyində xidmət edən şəxslərin yaşadığı yataqxananın sökülməsi barədə qərar qəfil verilib.
Sakinlər bildirirlər ki, onların hara köçürüləcəyi və hər hansı təminatla təmin olunub-olunmayacaqları hələlik məlum deyil. Onların sözlərinə görə, yaxın müddətdə su təminatının da dayandırılacağı bildirilib. Buna səbəb kimi isə sakinlərin həmin ünvanda qanunsuz yaşaması göstərilir.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sözügedən yataqxana binası qurumun balansında deyil.
Sakinlər söküntü işlərinin Dövlət Neft Şirkəti tərəfindən aparıldığını iddia edirlər. SOCAR-dan isə “Xəzər Xəbər”ə bildirilib ki, məsələyə yaxın zamanda aydınlıq gətiriləcək.
Hazırda sakinlərin gələcək taleyi və onların köçürülməsi ilə bağlı məsələlərə rəsmi açıqlama gözlənilir.
Ətraflı:Xəzər Xəbər
Bu gün, 12:55
8