Sevinc QasımovaYeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini27 Sentyabr – bu gün Azərbaycan xalqının tarixinə ən önəmli səhifələrdən biri olaraq həkk edildi. Torpaqlarımızın işğaldan azad edilməsi üçün başlanan əks-hücum əməliyyatından 1 il ötür. Ali Baş Komandan İlham Əliyevin uzunmüddətli uğurlu siyasəti, məğrur rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi və 44 günün yekununda Azərbaycan Ordusunun şücaəti sayəsində qazanılan Zəfər ölkəmizin bundan sonrakı inkişafı və tərəqqisi üçün möhkəm dayaq deməkdir.
30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan ötən il sentyabrın 27-də ölkəmizə qarşı növbəti təxribatı törədərək, cəbhə boyu ərazilərdə hücum əməliyyatlarına başladı. Daha çox torpaq ələ keçirmək arzusunda olan ermənilərin 27 sentyabr təxribatı xalqımızın səbir kasasını daşıran son həmlə idi.
1990-cı illərdə ermənilər tərəfindən başlanmış və 2020-ci ilə qədər davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına daim çalışan, işğalda olan torpaqlarımızın danışıqlar vasitəsilə qaytarılması prinsipinə sadiq olan Ali Baş Komandan bu dəfə həddini daha da aşan faşist düşmənin təxribatına cavab verilməsini, əks-hücum əməliyyatlarının başlanmasını əmr etdi. 44 gün davam edən Vətən Müharibəsində Şanlı Ordumuz özünə “məğlub edilməz” imici yaratmağa çalışan, yeni ərazilər işğal etmək iddiaları səngiməyən Ermənistana sarsıdıcı zərbələr vurdu. O zərbələr ki, uzun illər ermənilərin özünə gələ bilməyəcəyinə qarantiya oldu. Ermənistan Ordusunun 6 mindən artıq canlı qüvvəsi, milyardlarla dollar dəyərində hərbi texnikası qəhrəman əsgərlərimiz tərəfindən məhz Vətən Müharibəsində məhv edildi. Ən önəmlisi, Ordumuzun qəhrəmanlığı, məğrurluğu və haqq yolundan dönməzliyi məğlubiyyətə düçar olan Ermənistanı diz çökərək, təslim aktını imzalamağa məcbur etdi.
Vətən Müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi.
Dövlət başçısı Vətən Müharibəsinə qədər beynəlxalq tribunalardan erməni faşistlərinin törətdiyi vəhşiliklər, onların mənfur niyyətləri barədə məlumatlar səsləndirir, beynəlxalq aləmi təcavüzün qarşısını almağa çağırırdı. Ancaq beynəlxalq təşkilatlar bu çağırışlara laqeyd yanaşır, Azərbaycana məğlubiyyətlə barışmağı tövsiyə edirdilər. Təcavüzkar Ermənistana dəstək verənlər, faşistləri daha çox qana susamağa ruhlandırırdı.
Müharibə əmrini çoxdan gözləyən Azərbaycan xalqı, müzəffər ordumuz Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşdi. Azərbaycan apardığı haqq savaşından qalib çıxaraq, tarixin səhifələrinə əzəmətli Zəfərini qızıl hərflərlə yazdı. Qələbəmizin rəmzinin yumruq olaraq seçilməsi əslində təsadüfi deyildi. Bu yumruq gücümüz, birliyimiz, həmrəyliyimiz, qələbəmizdir. Azərbaycan xalqı Vətən müharibəsində öz birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin «Hamımızın bir vətəni var-Azərbaycan» çağırışı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızı bir araya gətirdi, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində hər kəsi üzərinə düşdüyü vəzifəni yerinə yetirməyə çağırdı.
Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük savaş 2020-ci il noyabrın 10-da Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli bəyanatın imzalanması ilə yekunlaşdı. Bu razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyır, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Muxtar Respublikanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilir. Ümumiyyətlə, böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın isə ağır məğlubiyyətinin ifadəsidir.
Ali Baş Komandanın ifadə etdiyi kimi, indi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri əllərində silah, bayraq, ürəklərində Vətən sevgisi ilə qayıdıblar. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik qələbəmizin əsas amilinə çevrildi. Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir.
Zəfər günündən indiyə qədər Prezident İlham Əliyev mütəmadi olaraq azad olunmuş torpaqlarımıza səfər etdi, qürurla, möhkəm bir iradə ilə tapşırıqlarını verdi, ərazilərimizin daha möhtəşəm şəkildə dirçəldiləcəyinə təminatını ifadə etdi. “Biz ərazilərimizi bərpa edəcək, cənnətə çevirəcəyik” deməklə, ölkə başçısı bütün Azərbaycan xalqının qələbə ruhlu gələcəyə olan inamını bir az da artırdı.
Azərbaycan xalqının 44 günlük şərəfli mübarizəsində canından keçən 3 minə yaxın igid Vətən oğlu şəhidlik zirvəsinə yüksəldi, minlərlə hərbiçimiz yaralandı. 27 sentyabr qəhrəmanlarımızın Anım günüdür. Bizə qürur yaşadan hərbçilərimizin bu şücaətini heç zaman unutmayacağıq. Onların ailələri bizə, bu vətənə, bu xalqa əmanətdir. Azərbaycan xalqı vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinin, qazilərimizin hər an yanındadır.