Qərbi Azərbaycanın Haqqıxlı kəndində doğulmuş tanınmış iş adamı və ictimai xadim Ələsgər Fərrux oğlu Mehdiyev 60 illik yubileyini qeyd edir. “Şinkar Holdinq”in rəhbəri olan Ələsgər Mehdiyev mədəniyyətə və ictimaiyyətə verdiyi töhfələrlə tanınır.
Bu günlərdə Qərbi Azərbaycanın tanınmış simalarından biri, iş dünyasında öz dəsti-xətti ilə seçilən, ictimai və mədəni həyatda fəal mövqe tutan Ələsgər Fərrux oğlu Mehdiyev 60 illik ömür yubileyini qeyd edir.
Ələsgər Mehdiyev 1965-ci ildə Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonunun Haqqıxlı kəndində dünyaya göz açıb. İlk təhsilini də məhz bu qədim və zəngin mədəniyyəti olan kəndin orta məktəbində alıb. Ali təhsilini başa vurduqdan və hərbi xidmətini tamamladıqdan sonra, oradan başlayan həyat yolu onu uğurla iş dünyasına aparıb. Hazırda o, ölkəmizdə tanınmış, iş adamı “Şinkar Holdinq”in rəhbəridir və bu sahədə qazandığı uğurlar onun qabiliyyətinin, işgüzarlığının, prinsipiallığının və uzaqgörənliyinin nəticəsidir.
“Şinkar Holdinq” MMC dövlət proqramlarının həyata keçirilməsi istiqamətində geniş fəaliyyəti ilə seçilən qurumlardan biridir. Azərbaycan Respublikasının müxtəlif bölgələrində, o cümlədən Bakı və Bakıətrafı rayonlarda, eləcə də respublikamızın əksər şəhər və rayonlarında istehsal müəssisələrinin, sosial təyinatlı və strateji əhəmiyyətli obyektlərin – Qəbələdə hava limanının və mehmanxanaların, Ağcabədidə məcburi köçkünlər üçün qəsəbələrin, Abşeronda un dəyirmanının və digər mühüm layihələrin tikintisini yüksək səviyyədə həyata keçirmişdir.
Ələsgər müəllim təkcə iş dünyasında deyil, həm də ictimai, sosial və mədəni həyatımızda fəal iştirakı ilə seçilir. O, xalq musiqisinə olan dərin marağı və sevgisi ilə tanınır. Onun təşəbbüsü və dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi formalaşıb və bu istiqamətdə aparılan işlər gənc nəslin milli ruhda tərbiyəsində mühüm rol oynayır.
Azərbaycanın beynəlxalq səviyyədə inkişaf edən iqtisadi əlaqələrində də “Şinkar Holdinq”in rolu böyükdür. Xüsusilə, 2012-ci ildə Bakıda keçirilmiş “Evrovizion” musiqi yarışmasının təşkili zamanı müxtəlif təyinatlı infrastruktur layihələrinin tikinti-quraşdırma işləri məhz bu holdinq tərəfindən yerinə yetirilmişdir. Qəbələ Beynəlxalq Aeroportunun, “Tufandağ” yay-qış idman kompleksinin, “Qafqaz” hotellər qrupunun inşası, eləcə də hazırda həyata keçirilən Şahdəniz-2 və Cənubi Qafqaz Boru Kəməri (TANAP) kimi strateji layihələrdə Ələsgər Mehdiyevin rəhbərlik etdiyi holdinqin əhəmiyyətli iştirakı xüsusi qeyd olunmalıdır.
Ələsgər Mehdiyev sənət adamlarına, yaradıcı gənclərə, kəndinin insanlarına göstərdiyi mənəvi və maddi dəstəklə də fərqlənir. O, xeyirxahlığı, təvazökarlığı və ailəsinə olan bağlılığı ilə də çoxlarına nümunədir.
Əmək fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi olaraq, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı, 2015-ci ildə isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Xüsusilə qeyd edilməlidir ki, o, Qərbi Azərbaycan İcmasının fəaliyyətində də fəal iştirak edir və bu istiqamətdə görülən işlərə hər zaman dəstək verir. Tariximizin unudulmaması və gələcək nəsillərə doğru şəkildə ötürülməsi istiqamətində Ələsgər Mehdiyevin atdığı addımlar əhəmiyyətlidir.
60 illik ömür yolu – zəhmətlə, dürüstlüklə və vətən sevgisi ilə yoğrulmuş bir həyat yoludur. Bu münasibətlə Ələsgər Fərrux oğlu Mehdiyevi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və uğurlarla dolu yeni illər arzulayırıq.
Yubileyiniz mübarək, Ələsgər müəllim!