İşğal dövründə mən Füzuli rayonunun bizdə olan hissəsinə, ərazilərinə dəfələrlə gəlmişdim, 12 dəfə Füzuli rayonunda olmuşdum. Rayonun inkişafı ilə bağlı çox böyük işlər görüldü. Horadiz qəsəbəsinə şəhər statusu verildi və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzi müəyyən edilmişdir. Böyük sosial infrastruktur layihələri icra edildi - 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikildi. İnfrastrukturla bağlı çox böyük işlər görülmüşdür. Fərdi evlərin bərpası işləri görülmüşdür. Yəni, Füzuli rayonunun inkişafı ilə bağlı çox genişmiqyaslı işlər aparılırdı. Qeyd etdiyim kimi, 12 dəfə Füzulidə olmuşam. Burada köçkünlərlə görüşərək hər zaman onlara deyirdim ki, Füzuli şəhəri və rayonun qalan hissəsi azad olunandan sonra biz daha yaxşı evlər tikəcəyik, daha gözəl şərait yaradacağıq və siz qayıdacaqsınız. Bu gün artıq bunu hər kəs görə bilir. Çünki Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Biz Füzulidən Şuşaya elektrik xətləri çəkmişik. Çünki Şuşa azad olunandan sonra mənfur düşmən bütün elektrik xətlərini kəsib, hətta su xəttini də partlatmışdır və Şuşa işıqsız qalmışdır, özü də qış aylarında. Ona görə çətin şəraitdə Füzulidən Şuşaya elektrik xətləri çəkildi. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli bu gün qoyulmuşdur.
Yollarla bağlı. İndi siz gələndə yeni yoldan istifadə etdiniz. Görürsünüz, biz bu yolları qısa müddət ərzində çəkdik. Biz hətta Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Eyni zamanda, Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Yəni, Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.
Bütün bu işləri görərək biz bir məqsədi güdürdük ki, keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytaraq. Bu gün təməl daşının qoyulması mərasimlərində iştirak edərkən biz artıq bu günü də böyük dərəcədə yaxınlaşdırmışıq. Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaqdır.
Bu gün Füzuli şəhərinin baş planı təqdim ediləcək. Artıq mənə bu baş plan təqdim edildi. Bu gün bərabər bu plana baxarıq. Bizim mütəxəssislərimiz bu plan üzərində uzun aylar ərzində işləyiblər. Bu gün biz hamımız bu layihə ilə bir daha tanış olarıq. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulacaq.
Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin – Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik. Bildiyiniz kimi, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik.
Bu işləri görmək üçün əlbəttə ki, biz uzun illər işləmişik. Uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün şərait yaratmışıq, imkanlar yaratmışıq - texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları. Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir. Artıq mənə verilən məlumata görə, doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.