Qulu Məhərrəmli: “Ölkədə hamının evi olmalıdır, o cümlədən də jurnalistlərin”
Media cameəsində jurnalistlərin 3-cü binası ilə bağlı gedən müzakirələr heç zaman olmadığı qədər dərin bir uçurum yaradıb. Bina ötən ildən hazır olsa da, 2020-ci ildə pandemiya səbəbindən onun jurnalistlərə paylanması təxirə salındı, daha sonra KİVDF-nin keçmiş rəhbərinin həbsi, aparılan araşdırmalar, yeni agentliyin yaradılması xeyli zaman aldı. Bu il mətbuat günü ərəfəsində mənzillərin paylanılması gözlənilsə də, agentlik açıqlama verdi ki, bu barədə qərar yoxdur və bina MEDİA-ya təhvil verilməyib. Son olaraq bir qrup media kapitanı və QHT rəhbərinin prezidentə jurnalistlər binasının şəhid ailələri və qazilərə verilməsi ilə bağlı müraciət imzalaması sosial şəbəkədəki media nümayəndələrini ayağa qaldırdı.Etirazın əsas məzmunu bu gün Azərbaycan mətbuatının maliyyə qaynaqlarının zəif olması və jurnalistlərin əmək haqqının aşağı olması, hazırkı bahalı qiymətlər və əlçatmaz ipoteka şərtləri altında onların öz gəlirləri ilə mənzil əldə edə bilməməsi, digər tərəfdən, illərdir 3-cü binadan mənzil gözləyən evsiz jurnalistlərin ümidlərinin puça çıxması oldu. Birinci müraciətdən sonra 100-dən çox jurnalist Prezidentə müraciət ünvanlayaraq hazırda gənc jurnalistlərin mənzil problemindən əziyyət çəkdiyini və bunun hansısa formada köklü həlli ilə bağlı qərar verilməsini xahiş edib.
Bundan başqa, müraciətə imza atan bəzi media rəhbərlərinin əvvəlki jurnalist binalarından mənzil alması, hökumətdən digər yollarla ev alması və yüksək səviyyəli yaşam şərtlərinə malik olması, öz mənzillərindən pay vermək əvəzinə başqa jurnalistlərin haqqına girməsi də mənzil gözləntisində olanları daha çox qəzəbləndirib.
Müraciətdə imzası olan BDU-nun müəllimlərindən professor Qulu Məhərrəmlinin facebookda açıqladığı mövqeyi də tənqid hədəfinə çevrilib. Professor gedən oyunlara qoşulmadığını, bu imzanı daha çox medianın etik prinsipləri baxımından atdığını vurğulayıb.
QHT rəhbərləri isə əsasən müharibə iştirakçılarını, şəhid ailələrini təmsil edən kəsim olaraq imza atıblar. Hazırda media onların da fəaliyyətini araşdırır və ortaya çıxan faktlar bəzilərinin heç də məsum olmadığını ortaya qoyub.Bu şəxslərdən birinin - Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənovun dələduzluğu haqda jurnalist İmdad Əlizadə yazıb. Onun hətta hakim önünə çıxarıldığı deyilir. Ondan başqa, “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyinin sədri Xədicə Babayevanın fəaliyyəti maraq kəsb edir. Hər il hökumətdən ciddi məbləğdə qrant alıb effektsiz fəaliyyətlə məşğul olan bu şəxslərin müraciətdəki imzası da ciddi qınanılıb. Məlum olub ki, bu şəxslər, ümumiyyətlə, şəhid ailələrinin mövqeyindən məlumatsızdırlar. Çünki mətbuata açıqlama verən bir neçə şəhid ailəsi başqalarının haqqından kəsilərək onlara mənzil verilməsini şəhidlərin ruhuna hörmətsizlik hesab etdiklərini bildiriblər.
Qulu Məhərrəmli Sumqayit.tv xəbər verir ki, məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən professor, media eksperti Qulu Məhərrəmli öz mövqeyini hələ birinci bina tikilərkən ortaya qoyduğunu bildirib: “Mənim mövqeyim lap əvvəldən belə idi ki, hökumətin jurnalistlərə bu şəkildə ev hədiyyə etməsi etik qaydalara uyğun deyil. Biz bunu birinci bina paylananda da demişdik, bizdən narazı qalan dostlar, həmkarlar da var idi. Hesab edirik ki, bu ölkədə hamının evi olmalıdır, o cümlədən də jurnalistlərin. Ancaq bunu bu cür kampaniya şəklində edəndə cəmiyyətin müxtəlif təbəqələrində suallar yaranır ki, niyə jurnalistlər bu qədər diqqət mərkəzindədir. Digər məsələ evlərin paylanması zamanı yol verilən ədalətsizlik idi. Daha sonra tikinti zamanı yol verilən, sonradan istintaqın ortaya çıxartdığı 18 milyonluq korrupsiya - bunlara hansı jurnalist etiraz edib. Digər tərəfdən, jurnalistlərin etik kodeksi var və orada yazılıb ki, jurnalist dövlət qurumlarından məsafə saxlamalıdır”.
Qulu Məhərrəmli jurnalistlər üçün də sosial ipoteka şərtlərinin tətbiq olunmasını təklif edir: “Bütün bunlarla yanaşı, mən də bildirirəm ki, jurnalistlər arasında həqiqətən mənzili olmayanlar, illərlə kirayələrdə yaşayanlar var. Onlar bizim həmkarlarımızdır, biz problemin həlli üçün təklif edirik ki, jurnalistlər üçün də sosial ipoteka şərtləri olsun və onlar mənzil şəraitlərini yaxşılaşdırsınlar. Biz əvvəldən fikrimizi bu şəkildə ifadə etmişik və bu fikirdə də qalırıq. Ancaq hazırda məsələnin bu şəkildə təşkili və kampaniya xarakteri daşıması insanları narazı salır. Biz də qınaqlara bu şəkildə cavab verdik ki, biz heç bir oyunda iştirak etmirik. Jurnalistlərin də, müəllimlərin də hamının evi olsun deyirik. Ancaq cəmiyyətdə də bu cür riyakar mövqe gördük ki, şəhidlər başımızın tacıdır, amma bizim evimizi verin. Bu cür atmosferdə normal polemika mümkün deyil, səmimiyyət də olmur. Halbuki normal mənəvi mühitdə jurnalistlərin də, müəllimlərin də, şəhid ailələri və qazilərin də problemlərini həll etmək olar”.