
“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə təqsirləndirilən 10-cu sinif şagirdi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sumqayit.tv Qafqazinfo.az-a istinadən xəbər verir ki, Sumqayıtın sabiq məmurunun oğlu olan məktəblinin ittihamı ağırlaşdırılıb.
Məlumata görə, 4 ay davam edən araşdırmanın sonunda istintaq məktəblinin müəllimini xuliqanlıq niyyəti ilə öldürməyə cəhd etdiyi qənaətinə gəlib.
Bu səbəbdən Ə.Ş-yə əvvəl Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə verilmiş ittiham dəyişdirilərək 29, 120.2.2-ci maddə (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) ilə əvəz olunub.
İlkin araşdırma zamanı məktəblinin atası Samir Şirinovun da ifadə verdiyi bildirilib.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara əsasən, güllələnən müəllim şagirdini bağışlayıb və tərəflər arasında barışıq əldə olunub.
Məlumata görə, yaxın günlərdə iş üzrə məhkəmə araşdırmasının başlanacağı gözlənilir.
Xatırladaq ki, şagirdə verilmiş yekun ittiham üzrə 14 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulsa da, yetkinlik yaşına çatmadığı üçün ona 10 ildən artıq cəza verilə bilməz.
Bu gün, 19:23
7