Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
Sumqayit.tv xəbər verir ki, Bilal Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.
Dünya Etnoidman Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Prezidenti əldə olunmuş uğurlar münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı ölkəmizin Konfederasiyada fəal təmsil olunduğunu bildirərək, Azərbaycan idmançılarının bu qurumun yarışlarında uğurla iştirak etdiklərini deyib.
Görüşdə ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin olduğu bir daha qeyd edilib, Azərbaycanın və Türkiyənin həmişə bir-birinin yanında olduqları vurğulanıb.