
Son günlər havanın temperaturunun kəskin aşağı düşməsi ilə paralel olaraq Sumqayıt şəhərinin Xəzər bağları, mikrorayonlar və bəzi yaşayış ərazilərində mavi qazın təzyiqinin zəifləməsi ilə bağlı şikayətlər artıb.
Sakinlər bildirirlər ki, xüsusilə axşam və gecə saatlarında qazın təzyiqi normadan xeyli aşağı düşür, bu da istilik və məişət ehtiyaclarının ödənilməsində ciddi çətinlik yaradır.
Bir izləyici sosial şəbəkə üzərindən redaksiyamıza müraciətində qeyd edib ki, qar yağan və hava kəskin soyuyan kimi qazın təzyiqi hiss olunacaq dərəcədə azalır. Onun sözlərinə görə, belə havalarda qaza tələbatın artması təzyiqin düşməsinə təsir göstərsə də, problem hər il təkrarlanır.
Məlumdur ki, qış mövsümündə qaz istehlakının artması sistemə əlavə yük yaradır. Lakin sakinlər hesab edirlər ki, bu hallar öncədən nəzərə alınmalı və fasiləsiz qaz təminatı üçün lazımi tədbirlər görülməlidir.
Redaksiya olaraq məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə rəsmi sorğu ünvanlamağa hazırlaşırıq. Qurumun mövqeyi əldə edildikdən sonra oxucularımıza təqdim ediləcək.
Qaz təzyiqi ilə bağlı problem yaşayan sakinlərdən yaşadıqları ərazini və müşahidə etdikləri vəziyyəti şərhlərdə qeyd etmələri xahiş olunur.
Müəllif Sumqayit.tv
5-02-2026, 22:58
74