
Son günlər ölkənin müxtəlif təhsil müəssisələrində baş verən zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Bakı və Sumqayıtda baş verən iki insident məktəblərdə təhlükəsizlik, psixoloji sağlamlıq və idarəetmə məsələlərini yenidən gündəmə gətirib.
Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimə odlu silahdan atəş açaraq xəsarət yetirib. Digər hadisə Sumqayıt şəhərində yerləşən 33 nömrəli tam orta məktəbdə baş verib; 14 yaşlı şagird sinif yoldaşı tərəfindən döyülərək kəllə-beyin travması alıb.

Sevinc BAXIŞOVA
Sumqayit.tv-yə açıqlama verən psixoloq Sevinc Baxışova bildirib ki, son vaxtlar ölkənin müxtəlif məktəblərindən yayılan görüntülər, səs yazıları, silahla törədilən insidentlər və sosial şəbəkələrdə müzakirə olunan müəllim-direktor gərginlikləri təhsil sistemində ciddi problemlərin olduğunu göstərir. “Əslində hər bir hadisə təkcə özünü göstərmir, illərdir yığılan idarəetmə boşluqları, kommunikasiya problemləri və psixoloji yüklənmənin nəticəsidir. Məktəbdə müəllim və şagird emosional vəziyyətini idarə edə bilmir, direktor ilə pedaqoji heyət arasında gərginlik yaranır, valideynlərin iştirakı ilə xoşagəlməz hadisələr baş verir. Sosial şəbəkələrdə müzakirələr dərinləşdikcə məktəblərdə idarəetmə mədəniyyətinin ciddi problemlərlə üzləşdiyi daha aydın görünür. Bu gün hansı ümumtəhsil məktəblərində gərginlik yaşanırsa, bu, məktəb mühitində rəhbərlik, psixoloji sağlamlıq və kommunikasiya mədəniyyətinin yenilənməsinə ehtiyac olduğunu göstərən ciddi siqnaldır”, – deyə psixoloq vurğulayıb.

Təranə İBRAHİMOVA
Təhsil psixoloqu Təranə İbrahimova isə bildirib ki, xüsusilə silahlı insidentlər məktəb ictimaiyyəti üçün ağır psixoloji travma yaradır. Onun sözlərinə görə, silahın məktəb mühitində mövcudluğu təhlükəsizlik hissini məhv edir və şagirdlər ilə müəllimlər arasında qorxu və narahatlıq yaradır. Bu, yalnız hadisə baş verdikdə deyil, silahın varlığı ilə də emosional pozğunluqlar, kabuslar, müdaxilə edən düşüncələr və yeniyetmələr arasında zorakılığı tərifləmək riskini artırır. Məktəblərdə psixoloji nəzarət sadəcə müşahidəyə çevrilməməli, erkən riskləri aşkar edən sistemli mexanizm kimi işləməlidir. Valideynlər isə övladlarının davranış və emosional vəziyyətinə diqqətlə yanaşmalı, evdə silahların təhlükəsizliyinə diqqət etməli və uşaqlarla etibarlı, açıq münasibət qurmalıdırlar. Problemlər inkar edilməməli, erkən mərhələdə aşkarlanmalı və peşəkar psixoloqlarla əməkdaşlıq edilməlidir.
Psixoloqlar vurğulayırlar ki, yalnız qarşılıqlı hörmət, ədalət və şəffaflıq prinsipləri üzərində qurulan təhsil sistemi, həm ailə, həm məktəb, həm də dövlət strukturlarının birgə məsuliyyəti ilə məktəbləri təhlükəsiz və sağlam mühitə çevirə bilər.
Dünən, 15:46
137