
Sumqayıt şəhərinin Yaşıldərə ərazisində içməli suyun xəbərdarlıq edilmədən kəsilməsi sakinlərin narazılığına səbəb olub.
Sakinlərin Sumqayit.tv- redaksiyasına ünvanladığı müraciətdə bildirilir ki, su təchizatı dünən səhər saatlarından etibarən heç bir əvvəlcədən məlumat verilmədən dayandırılıb və bu saatadək bərpa olunmayıb. Bildirilir ki, gün ərzində su yalnız təxminən bir saat müddətində verilib, daha sonra isə yenidən kəsilib.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara zəng etdiklərini, onlara “qəza var” cavabının verildiyini bildirirlər. Lakin aradan iki gün keçməsinə baxmayaraq, problem hələ də aradan qaldırılmayıb.
Yaşıldərə sakinləri içməli suyun uzun müddət kəsili qalmasının ciddi çətinliklər yaratdığını deyərək, su təchizatının təcili bərpa olunmasını tələb edirlər.
Sumqayit.tv olaraq məsələni diqqətdə saxlayırıq və inanırıq ki, aidiyyəti qurumlar tərəfindən qısa müddətdə müvafiq tədbirlər görülərək ərazidə su təchizatı bərpa olunacaq.
10-02-2026, 12:02
135