
“Məlumatlar təsdiq edilsə, aydın olacaq ki, Müctəba Xamneyinin ölkədə nə baş verdiyindən və atasının yerinə seçildiyindən xəbəri belə yoxdur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elçin Abdullayev bildirib

Politoloq bəzi İran mediasında ölkənin yeni ali liderinin 28 fevralda yaralanmasından sonra hələ də reanimasiyada olması haqqında yayılan iddialar barədə danışıb:

“İranın yeni ali dini lideri Müctəba Xamneyinin ağır yaralanması ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Əsasən sosial şəbəkələrdə, eləcə də İran televiziyasının keçmiş aparıcısı Ehsan Kərami tərəfindən bu barədə məlumat sızdırılıb. Liderin ağır vəziyyətdə olduğu və reabilitasiya şəraitində müalicə aldığı qeyd edilir. Əgər yazılanlar həqiqətdirsə, bu o deməkdir ki, bu şəxsin özünün heç ölkənin ali dini lideri seçilməsindən xəbəri yoxdur. Belə olan halda onun İranda hazırda nə baş verdiyindən belə məlumatı yoxdur. Müctəba Xamneyinin ağır yaralanması ilə bağlı hələ rəsmi mənbələrdə təsdiqlənəcək məlumat verilməyib”. Ekspertin sözlərinə görə, mümkün olan budur ki, o ağır yaralıdır və SEPAH bunu dünyadan, eləcə də İran cəmiyyətindən gizlətməyə çalışır:

“Oğul Xamneyinin atasının yerinə keçirilməsi məhz SEPAH-ın verdiyi qərardır. Çünki bu təşkilat İranda mövcud rejimin davam etdirilməsində maraqlıdır və hakimiyyətin ömrünü uzatmağa çalışır. Sırf bu hökumətin davamiyyəti üçün ata Xamneyinin yerinə oğul Xamneyini gətirdilər. Baxmayaraq ki, Müctəbanın lider seçilməsi İranda bir çox qüvvələr tərəfindən qəbul edilmir. Onun hökumət idarəçiliyində səriştəsiz olduğu vurğulanır, amma rəsmi məlumatlara görə, M. Xamneyi İranın ali dini lideri kimi artıq guya fəaliyyətdədir. Hər halda onun atası Əli Xamneyi də 1989-cu ildə ali dini lider postuna gətirilərkən ondan daha ali sayılan şəxslər vardı, amma zaman keçdikcə o təcrübə topladı və İran vətəndaşlarının beynində gerçək lider olaraq tarixə keçə bildi”. E. Abdullayev qeyd edib ki, bu iddialar İran rəsmiləri tərəfindən təsdiqlənməyənə qədər doğruluq ehtimalı çox deyil: “Hər halda biz bu ölkədə və əsasən də oğul Xamneyinin ətrafında nələr baş verdiyini dəqiq bilmirik, xəbərin doğruluğu rəsmi təsdiq edilməlidir. Rəsmi məlumatlarla da bu iddialar təsdiq olunsa, o deməkdir ki, Müctəba Xamneyinin İranın ali dini lideri olmasından özünün xəbəri yoxdur”
11-03-2026, 19:45
51