
Martın 28-də Azərbaycanda milli təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü qeyd olunur. Bu tarix 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən, hər il bu gün təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.
Azərbaycanın təhlükəsizlik sistemi ilk olaraq Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirlik nəzdində yaradılıb. Sovet dövründə müxtəlif strukturlar altında fəaliyyət göstərən bu orqanlar əsasən mövcud rejimin qorunmasına xidmət edib.
1967-ci ildə Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin olunması ilə sistemdə ciddi dönüş baş verib, milli kadrların irəli çəkilməsi və inkişafı təmin olunub.
Müstəqillik dövründə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik sahəsində mühüm islahatlar aparılıb. 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Son illərdə terrorçuluq, transmilli cinayətkarlıq və narkotik qaçaqmalçılığına qarşı mübarizədə mühüm nəticələr əldə olunub, kibertəhlükəsizlik sahəsində uğurlu əməliyyatlar həyata keçirilib.
Bu gün Azərbaycan təhlükəsizlik orqanları dövlətin suverenliyinin və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqda davam edir.
Dünən, 15:46
11