
Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, 52 saylı binanın qarşısında yaranan və sakinlərin narazılığına səbəb olan problem aradan qaldırılıb.
Sumqayıt şəhərində yağışdan günlər keçməsinə baxmayaraq ərazidə qalan böyük gölməçə ətraf mühitdə antisanitar vəziyyətin yaranmasına, çirkli suyun toplanmasına və xoşagəlməz qoxunun yayılmasına səbəb olmuş, bu isə sakinlər üçün ciddi narahatlıq yaratmışdı.
Ən çox narahatlıq doğuran məqam isə həyətdə uşaqlar üçün nəzərdə tutulmuş oyun şəhərciyinin tamamilə su ilə dolması idi. Bu səbəbdən uşaqlar həmin ərazidə oynaya bilmir, bu isə həm təhlükəsizlik, həm də normal istirahət baxımından problem yaradırdı.
Qeyd edək ki, sözügedən ərazi şəhərdə “nümunəvi məhəllə” kimi təqdim olunur. Mövcud vəziyyət isə ərazidə suyun axıdılması və kanalizasiya sisteminin işləkliyi ilə bağlı problemlərin olduğunu göstərirdi.
Məsələ ilk olaraq Sumqayit.tv tərəfindən ictimailəşdirildikdən sonra aidiyyəti qurumlar tərəfindən operativ reaksiya verilib. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ümumi nəzarət çərçivəsində vəziyyət diqqətə alınıb, Sumqayıt Su Kanal İdarəsi tərəfindən suyun çəkilməsi və axıdılması istiqamətində tədbirlər görülüb, 14 saylı MİS isə məhəllə səviyyəsində müvafiq xidmət işlərini həyata keçirib.
Görülən tədbirlər nəticəsində ərazidə yaranmış gölməçə aradan qaldırılıb və vəziyyət normallaşdırılıb.

9-04-2026, 18:29
255