
Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra ciddi nöqsanlar aşkar edilib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, obyektin elektrik təsərrüfatı mövcud qaydalara uyğun quraşdırılmayıb, ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb. Həmçinin, yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı hazırlanmayıb və müvafiq çıxışlar təşkil edilməyib.
Yoxlama zamanı yanğınxəbərverici siqnalizasiya sisteminin sazlığına dair sınaq protokolunun təqdim olunmadığı, obyektin yanğın su hovuzu ilə təmin edilmədiyi və havalandırma sisteminin istismara yararlılığına dair sənədlərin olmadığı da müəyyən edilib.
Bundan əlavə, obyektdə yanan əşyaların pərakəndə şəkildə saxlanıldığı, daşınmaz əmlakın icbari sığortasının aparılmadığı və fəaliyyətin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmasına dair sənədin təqdim olunmadığı qeyd olunub.
FHN-in məlumatına görə, mövcud nöqsanlar obyektin istismarı zamanı hər an baş verə biləcək yanğının sürətlə yayılmasına və ağır nəticələrə səbəb ola bilər.
Qeyd olunanları nəzərə alaraq, mağazada yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulduğu əsas götürülərək obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və sənəd obyekt nümayəndəsinə təqdim edilib.
10-04-2026, 14:46
231