
Milli Məclisdə keçirilən iclasda deputat Müşfiq Məmmədli səhiyyə sahəsində mövcud yanaşmalar və qanunvericilik təşəbbüsləri çərçivəsində çıxış edib.
Sumqayit.tv xəbər verir ki, deputat Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı dövlət vəsaitlərinin təyinatdan kənar istifadəsi ilə bağlı hallara diqqət çəkib. Onun sözlərinə görə, bu kimi hallarda ziyanın ödənilməsi ilə məsuliyyətdən azad olunma praktikası sonradan idarəetmədə problemlərə yol aça bilər.
Məmmədli bildirib ki, belə yanaşma bəzi hallarda həmin şəxslərin yenidən rəhbər vəzifələrə təyin olunması ilə nəticələnir ki, bu da ictimai etimada mənfi təsir göstərir.
Müzakirələr zamanı Sumqayıt Tibb Mərkəzi ilə bağlı da faktlar xatırladılıb. Belə ki, 2023-cü ildə qurumun sabiq direktoru Səkinə Sadıxova ilə bağlı dövlət vəsaitlərinin istifadəsi üzrə araşdırmalar aparılıb və müvafiq cinayət işi başlanıb. Daha sonra ziyanın ödənilməsi əsası ilə onun cinayət məsuliyyətindən azad edildiyi bildirilir.
Məlumatlara görə, Səkinə Sadıxova sonrakı dövrdə TƏBİB-də fəaliyyət göstərib, hazırda isə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edir.
Deputat vurğulayıb ki, dövlət vəsaitləri ilə bağlı məsələlərdə daha sərt və prinsipial yanaşmanın tətbiqi vacibdir.
10-04-2026, 18:34
264