
Sumqayıt şəhərində yüksək vəzifəli məmurun işdən azad edilməsi geniş ictimai müzakirələrə səbəb olub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Memarlıq və Şəhərsalma idarəsinin rəisi Rəşad Əhmədəliyev ilə əmək münasibətlərinə xitam verib.
Sumqayit.tv xəbər verir ki, “Denmedia.az”ın əldə etdiyi məlumata görə, Rəşad Əhmədəliyevin ərizəsi alınaraq vəzifəsindən azad olunmasına səbəb kimi onun fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlərin daxil olması göstərilir.
Bildirilir ki, o, vətəndaşların – xüsusilə şəhid ailələri və qazilərin müraciətlərinə vaxtında baxmayıb, onların problemlərinin həllində passiv mövqe nümayiş etdirib. Bu isə cəmiyyətdə narazılıq doğuran əsas məqamlardan biri kimi qeyd olunur.
İddialar bununla da məhdudlaşmır. Məlumatlarda qeyd olunur ki, şəhər ərazisində qeyri-qanuni tikintilərin aparılmasına şərait yaradılması, səkilərin zəbt edilərək obyektlərin yerləşdirilməsi kimi hallarda onun adı hallanır. Eyni zamanda, bu proseslərdə külli miqdarda qeyri-rəsmi ödənişlərin alınması və milyonlarla vəsaitin mənimsəməsi kimi hallar da baş verib.
Bundan əlavə, keçmiş vəzifəli şəxsin böyük həcmdə əmlaka sahib olması, Bakı və Sumqayıt şəhərlərində müxtəlif obyektlər əldə etməsi, yaxın qohumlarına bahalı avtomobillər bağışlaması ilə bağlı məlumatlar da var. Hətta onun Sumqayıt bulvarı ərazisində yüksək dəyərə malik obyekt tikdirdiyi də qeyd olunur. Hazırda işdən qovulan Rəşad Əhmədəliyevin bütün əmlakınınn siyahıya alınması prosesinə başlanılıb.