
Sumqayıt TV-nin redaksiyasına şəhərdaxili sərnişindaşıma xidmətinin təşkilində yaşanan çətinliklərlə bağlı növbəti sərnişin müraciəti daxil olub. Şəhər sakinləri 33 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların sayının azlığından və intervalların normadan artıq böyük olmasından narazılıqlarını ifadə ediblər.
Müraciətdə iddia olunur ki, şəhərin mühüm istiqamətlərindən birini əhatə edən bu xətt üzrə gündəlik olaraq cəmi 4 avtobus xidmət göstərir. Sərnişinlərin bildirdiyinə görə, ötən gün xətdə olan nəqliyyat vasitələrindən birinin təkərinin partlaması intervalın daha da uzanmasına və dayanacaqlarda böyük sıxlığın yaranmasına səbəb olub.
Sakinlər məsələnin köklü həllini tələb edərək redaksiyamıza bunları qeyd ediblər: "4 avtobus fəaliyyət göstərəndə də çətinlik çəksək də, birtəhər mənzil başımıza çata bilirdik. Lakin bir avtobusun sıradan çıxması ilə yolda qalan sərnişinlərin sayı xeyli artdı. Xahiş edirik, səsimizin aidiyyəti strukturlara çatdırılmasına və bu gediş-gəliş probleminin tənzimlənməsinə köməklik göstərəsiniz".
İcra Hakimiyyətinin reaksiyası: "Gündəlik xəttə 10-11 avtobus çıxır"
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Sumqayıt TV-yə rəsmi açıqlama verib. Qurum rəsmisi şəhərdə ictimai nəqliyyatın təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görüldüyünü və avtobus parkının yenilənməsinin prioritet olduğunu vurğulayıb.
Sakinlərin şikayətləndiyi marşrut xəttinə toxunan Eyvaz Qocayev bildirib ki, iddiaların əksinə olaraq, hazırda xətt üzrə daşımalar fasiləsiz təşkil edilir:
"33 nömrəli marşrut xətti üzrə də gündəlik olaraq orta hesabla 10–11 avtobusun xətt üzrə hərəkəti təmin edilir və sərnişinlərin daşınması fasiləsiz şəkildə təşkil olunur. Bir sıra digər marşrut xətlərinə yeni, müasir standartlara cavab verən avtobuslar cəlb olunmuş, nəqliyyat xidmətinin keyfiyyətinin artırılması təmin edilmişdir".
Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, şəhərin ictimai nəqliyyat sisteminin daha da yaxşılaşdırılması məqsədilə 33 nömrəli marşrut xətti üzrə də avtobus parkının tam yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində tədbirlər icra hakimiyyətinin gələcək planlarına daxil edilib.
Mövzunu diqqətdə saxlayacağıq.
Sumqayıt TV
Bu gün, 18:23
31