
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ülvi” Aztəminatlılara Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam cəmiyyət ailədən başlayır” layihəsi çərçivəsində milli ailə dəyərlərinə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Sumqayit.tv xəbər verir ki, tədbirin əsas məqsədi milli ailə dəyərlərinin qorunması, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, bu istiqamətdə ictimai maarifləndirmənin gücləndirilməsi, eləcə də medianın və vətəndaş cəmiyyəti institutlarının ailə dəyərlərinin təbliğində rolunun müzakirə olunması olub.
Dəyirmi masada media nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, vətəndaş cəmiyyəti fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “layihə rəhbəri Ülvi” Aztəminatlılara Dəstək İctimai Birliyinin sədri Ağanənə Seyidqızı layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verərək bildiriblər ki, sağlam cəmiyyətin formalaşmasının əsas təməli sağlam ailədən başlayır. Qeyd olunub ki, milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və gənc nəslin bu dəyərlər əsasında yetişdirilməsi müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir.
Tədbirin moderatoru Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov çıxışında ailə institutunun cəmiyyətin inkişafındakı rolundan, ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və anlaşmanın vacibliyindən danışıb. O, bu mövzuda ictimai dialoqun genişləndirilməsinin və maarifləndirmə tədbirlərinin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Müzakirələr zamanı çıxış edənlər – Sumqayıt TV-nin rəhbəri Elçin Abdullayev, “Bizim Şəhər” qeyri-hökumət təşkilatının sədri Mətanət Zeynalova, “Sağlam Düşüncə” təşkilatının sədri Ramiz Əliyev, “Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin sədri Zeynəb Hacıyeva, “Sosial Təşəbbüs” İstimai Birliyinin sədri Emil Maqalov, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova, Qadın Təşəbbüsü və Sosial Problemlərinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva və başqaları müasir dövrdə ailə institutunun üzləşdiyi çağırışlar, milli ailə dəyərlərinin qorunması, ailədaxili münasibətlərdə yaranan problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, sağlam ailə münasibətlərinin təşviqi, cəmiyyətin sosial rifahının yüksəldilməsi və gələcək nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsi baxımından bu cür layihələr mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda iştirakçılar layihənin həyata keçirilməsinə göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürlərini ifadə edib, bu istiqamətdə görülən işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd ediblər.
İlhamə Məhəmmədqızı













Dünən, 23:24
17