Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR...

Sumqayit.tv xəbər verir ki, modern.az saytı necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də "Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə Milli Məclisin üzvü olmuş şəxslərdən bəhs edirik.Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Milli Məclisə bitərəf olaraq seçilmiş Tofiq Hüseynlidir. 
O Tofiq Hüseynli ki, ictimaiyyət onu "Çörək Tofiq” ləqəbi ilə tanıyır.Tofiq Gülmalı oğlu Hüseynli parlamentə 2000-ci il noyabrın 5-də deputat seçilmiş və II çağırış Milli Məclisin üzvü olmuşdu. 40 saylı Sumqayıt üçüncü seçki dairəsindən Milli Məclisə mandat qazanan Tofiq Hüseynli bəzi həmkarlarından fəqli olaraq, parlamentdəki kürsüsünü uzun müddətə qoruyub saxlaya bilmədi. Yəni cəmi bir çağırış (2000-2005-ci illər) deputat mandatı daşıdı, növbəti seçkilərdə üzvü olduğu Yeni Azərbaycan Partiyası onu seçki marafonundan kənarda qoydu.
O, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü olub. 2005-ci ildə deputat səlahiyyətlərini başa vurub. Evlidir, 3 övladı var. Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.El arasında "Çörək Tofiq” kimi tanınan sabiq deputat Sumqayıtın ən tanınmış iş adamlarından sayılır. 
Tofiq Hüseynli 1952-ci il avqustun 21-də Qubadlı rayonunun Qundanlı kəndində anadan olub. 
O, hələ uşaq olanda - 1953-cü ildə valideynləri Qubadlıdan Sumqayıt şəhərinə köçüblər. 1969-cu ildə orta məktəbi bitirəndən sonra iki il istehsalatda çalışıb, hərbi xidmətdə olub. 1973-cü ildə Moskva Yeyinti Sənaye İnstitutunun çörəkbişirmə texnologiyası fakültəsinə daxil olub. 1979-cu ildə ali təhsilli mühəndis-texnoloq ixtisası üzrə çörək kombinatında işə başlayıb. 
1982-ci ildə Sumqayıt çörək-qənnadı kombinatına sex rəisi işləyib, 1992-ci ildə bu müəssisənin bazasında yaradılan səhmdar cəmiyyətin sədri seçilib.31 avqust 1993-cü il tarixində doğulduğu Qubadlının işğal edilməsilə bu rayondan Sumqayıta böyük köçkün axını oldu və torpaqlarından didərgin düşən qubadlılıların bir qismi ümid yeri kimi Tofiq Hüseynlinin yanına pənah apardı. Bəzi məlumatlara görə, o zaman Qubadlıdan Sumqayıta 20 minə yaxın məcburi köçkün gəlmişdi. Onları qarşılamaq, sığınacaqla təmin etmək, yedirib-geyindirmək lazım idi. Müharibə şəraiti, zavod va fabriklərdə acınacaqlı vəziyyət hökm sürürdü. Belə bir vaxtda Tofiq Hüseynov həmyerlilərinin bir qisminin köməyinə çatdı. 200-dən artıq köçkün ailəsinin başçısını öz müəssisəsində işə götürdü, bəzi ailələrin yataqxanalarda, sanatoriyalarda yerləşdirilməsini təmin etdi.
Bu istiqamətdəki fəaliyyətinə görə, Tofiq Hüseynli "Hacı Zeynalabdin Tağıyev adına fəxri mükafat"la təltif edilib.
2019-cu ilin noyabrında Prezident İlham Əliyev "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında" sərəncam imzalayıb.Sərəncamla Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə bir sıra şəxslər təltif ediliblər. Təltif edilənlər arasında "Sumqayıtçörək” ASC-nin direktoru, keçmiş deputat Tofiq Gülmalı oğlu Hüseynli də var. Belə ki, T.Hüseynli 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Tofiq Hüseynlinin qardaşı Ramiz Hüseynov da Sumqayıtda tanınınmış şəxsdir və hazırda şəhər Bələdiyyəsinin üzvüdür.
Sabiq deputat Tofiq Hüseynlidən bəhs etmişkən, onun da iştirakı ilə 2003-cü ildə keçirilmiş məşhur müşavirəyə də toxunmaq yerinə düşər. Söhbət o zamankı dövlət başçısı Heydər Əliyevin Sumqayıtda keçirdiyi 3 aprel 2003-cü il tarixli və ölkədə böyük səs-küy doğuran müşavirədən gedir.
Bu, mərhum prezident Heydər Əliyevin Sumqayıta sonuncu səfəri idi. Həmin gün bütün respublika ictimaiyyətinin diqqəti Sumqayıta yönəlmişdi. Dövlət başçısı Sumqayıtda o zaman yerli məmurlar və iş adamları arasında yaranmış qarşıdurmaların, aparılan intriqaların sonlandırılması üçün xəbərdarlıq etmiş, şəhərin problemlərini gündəmə gətirmiş, icra başçısını elə oradaca işdən çıxarmışdı. Müşavirədə Prezidentin katibliyinini rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Yusif Hümbətov da iştirak etmişdi.
İclasda iştirak edən Sumqayıtın o zamankı deputatları Tofiq Hüseyli, Xıdır Alovlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Təvəkkül Məmmədov, "Azərkimya”nın rəhbəri Fikrət Sadıqov, iş adamı Zaman İsgəndərov Heydər Əliyevin ciddi tənqidi ilə üzləşmiş və ondan kəskin xəbərdarlıqlar eşitmişdilər.
Bu da səbəbsiz deyildi. O zaman şəhərdə həllini gözləyən problemlərin bir çoxu adları çəkilən şəxlər arasında yaranmış qarşıdurmalardan qaynaqlanırdı.
Yəqin ki, yaşlı və orta nəsildən olan sumqayıtlılar həmin müşavirəni yaxşı xatırlayırlar. Elə ictimai-siyasi hadisələri izləyənlər də...
Modern.az saytı oxucular üçün də maraqlı ola biləcəyini nəzərə alaraq, həmin toplantının stenoqram yazısını təqdim edir:
3 aprel 2003- cü il
Azərbaycan prezidenti Heydər Əliyevin sədrliyi ilə Sumqayıtda geniş müşavirə
Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi 

- Hörmətli sumqayıtlılar! 
Xanımlar və cənablar! 
Mən sizi səmimi qəlbdən salamlayıram. Sumqayıtda yaşayan insanlara, həmişə olduğu kimi, indi də hörmətimi bildirirəm və hamınıza cansağlığı və işlərinizdə uğurlar arzulayıram. 
Mən xeyli müddətdir istəyirdim ki, Sumqayıta gəlim, burada sizinlə, Sumqayıtın sakinləri ilə görüşüm, şəhərlə daha yaxından tanış olum və Sumqayıt üçün əlavə nə etmək mümkündürsə, bu tədbirlər haqqında düşünüm. Ancaq təəssüflər olsun ki, mənim bu istəyim bəzi səbəblərdən yerinə yetirilmədi, bəzi başqa işlər, xarici səfərlər və s. meydana çıxdı. İndi isə mənim buraya sizin yanınıza Sumqayıta gəlməyim bir az qeyri-adi xarakter daşıyır. 
Bu da Sumqayıtın rəhbərliyinin, icra hakimiyyəti başçısının dəyişilməsi ilə əlaqədardır. Bilirsiniz ki, mən 10 ildir Azərbaycan prezidentiyəm və indiyə qədər biz icra hakimiyyəti başçıları təyin etmişik. Mən onların heç birini gedib təqdim etmirəm, yaxud da işdən azad olunması haqqında məlumat vermirəm. Onda sual olunur, bəs nə üçün Heydər Əliyev buraya gəlibdir? Həqiqətən ,bildirirəm ki, ola bilərdi, məsələn, Sumqayıtın xüsusi xarakterini nəzərə alaraq, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevi buraya göndərərdim. O, gəlib bu işləri görərdi. Yaxud, çox vaxt şöbə müdiri Yusif Hümbətov bu işlərlə, icra hakimiyyəti başçılarının dəyişdirilməsi ilə məşğul olur, gedir, təqdim edir, lazımi sözlərimizi deyir. 
Ancaq, yenə deyirəm, Sumqayıt bizim respublikada xüsusi yer tutduğuna görə və təəssüflər olsun ki, bir çox obyektiv səbəblərdən Sumqayıtda çətinliklər, problemlər yarandığına görə və bir də son vaxtlar burada rəhbər vəzifələrdəki şəxslər arasında münasibətlərin bəzən qeyri-sağlam olduğunu müşahidə etdiyimə görə və burada ayrı-ayrı vəzifəli şəxslərin dövlət orqanlarına təsir göstərmək cəhdlərini də hiss etdiyimə görə bu gün şəxsən özüm Sumqayıta gəlməyi qərara aldım. 
Məsələ nə yerdədir? Biz təxminən üç il bundan əvvəl, dəqiq olsa, deyəsən, 2 il 10 aydır Təvəkkül Məmmədovu Sumqayıta icra hakimiyyətinin başçısı təyin etdik. Mən etiraf edirəm ki, biz ondan əvvəl işləmiş icra hakimiyyəti başçısının ciddi nöqsanlarına baxmayaraq, uzun müddət dözdük. Çalışdıq ki, onu normal bir yola gətirək və o, bu günün tələblərinə uyğun, Azərbaycan Prezidentinin tələblərinə uyğun işləyə bilsin. Təəssüf ki, o bunu edə bilmədi. Biz bilirdik ki, vaxtilə Surət Hüseynov Azərbaycanın ayrı-ayrı bölgələrini əlinə keçirən zaman onun bir dəstəsi, quldurlar dəstəsi avtomatla - filanla Sumqayıta gəlib guya şəhər fəallarını toplayıb və onların razılığı ilə, - Surət Hüseynov o vaxt mənə belə deyirdi,- Şakir Abuşovu icra hakimiyyətinin başçısı seçiblər. Biz bunu bilirdik. 
Mən ona iki- üç dəfə demişdim ki, bilirəm. Sən qeyri-qanuni təyin olunmusan. Mən bilirəm ki, sən bura Surət Hüseynov tərəfindən təyin edilmisən. Ancaq bunun üstündən keçirəm. Sən burada uzun müddət işləyən adamsan, sumqayıtlısan. Əgər sən normal işləsən .... Biz nə qədər çalışdıq, onu normal yola gətirə bilmədik. O, burada çox böyük səhvlər buraxdı və Sumqayıta çox böyük zərbələr vurdu. Etiraf edirəm, bizim də günahımız ondan ibarətdir ki, vaxtında bu məsələni həll etmədik. Məsələ uzandı. Sonra qərara gəldik ki, onu işdən azad edək. Bəs kimi təyin edək ?! Bizim işçilər müəyyən araşdırmalar apardılar və Təvəkkül Məmmədovun namizədliyi meydana çıxdı. 
Bu da təsadüfi deyildi. Mənim xatirimdədir, deyəsən, hələ ya 1981, yaxud da 1982-ci ildə, mən Azərbaycanda Mərkəzi Komitənin birinci katibi işləyən zaman biz Təvəkkül Məmmədovu şəhər sovetinin sədri təyin etmişdik.Yəni mən bu adamı o vaxtdan görmüşdüm, tanıyırdım və o vaxt pis işləməmişdi. Burada müxtəlif tikinti təşkilatlarında, başqa təsərrüfatlarda işləmiş, yəni böyük təcrübəyə malik olan bir adamdır. Uzun illər Sumqayıtda yaşayan, Sumqayıtı tanıyan adamdır. Ona görə onun namizədliyi tamamilə təbii olaraq meydana çıxdı və mən Təvəkkül Məmmədovu burada icra hakimiyyətinin başçısı təyin etdim. 
Biz belə müşahidə edirdik ki, Təvəkkül Məmmədov icra hakimiyyətinin başçısı təyin olunandan sonra bir çox işlər gördü. Burada kadr sahəsində çox hərc-mərclik, qohumbazlıq var idi. Onların bəzilərini kənarlaşdırdı, təmizlədi. Ancaq belə görünür ki, bu işi tamamilə axıra qədər çatdıra bilmədi, təmizləyə bilmədi. Şəhərin abadlaşması ilə əlaqədar da xeyli işlər görübdür. Siz bunu yaxşı bilirsiniz. Düzdür, mən arzu edərdim ki, Sumqayıt daha da abad, daha da gözəl olsun. İndi mən Sumqayıt haqqında öz fikirlərimi deyəcəyəm. Ancaq o, yəqin imkanı dairəsində, nəyi bacarırdısa, onu etdi. 
Ancaq bir müddət bundan əvvəl bizə Təvəkkül Məmmədov haqqında anonim məktublar daxil oldu. Nə bilim, o pis işləyir, vəzifəsini apara bilmir, haradasa gedib katibəsinin toyunda kefli olubdur, neyləyibdir. Bəli, digər tərəfdən, guya o, narkotik qəbul edir, nəşə çəkir və çox belə şeylər. Bunlar anonim məktublar olduğuna görə bizim işçilər Təvəkkül Məmmədovu həmin məktublarla tanış edirdilər. O da bunları inkar edirdi və bununla da qurtarırdı. 
Sonra isə "Azərkimya”nın başçısı Fikrət Sadıqov bir neçə dəfə bizim Aparata gəlibdir, mənim Icra Aparatımın rəhbəri Ramiz Mehdiyev ilə, şöbə müdiri Yusif Hümbətovla görüşüb və Təvəkkül Məmmədov haqqında həmin şeyləri Fikrət Sadıqov da çatdırıbdır ki, məsələ belədir, ona görə də o, burada işləyə bilməz, onu götürmək lazımdır. Bu, bir dəfə gəlib, iki dəfə gəlib, üç dəfə gəlib, cəhd edib ki, mənim də yanıma gəlsin. Mənim onu qəbul etməyə vaxtım olmayıbdır. 
Nəhayət, mənə dedilər ki, Fikrət Sadıqov, deputatlar Tofiq Hüseynov və Xıdır Alovlu mənim yanıma gəlmək, Sumqayıtdakı vəziyyət haqqında, icra hakimiyyəti başçısı haqqında danışmaq istəyirlər. Düşündüm ki, əgər bunların üçü də yığışıb gəlmık istəyirlərsə, gərək mən vaxt tapıb qəbul edim. Vaxt tapdım, bunları qəbul etdim. Təvəkkül Məmmədovun səhvləri haqqında ən çox Fikrət Sadıqov danışdı. Sözləri belə idi ki,Sumqayıtda heç bir iş görməyib, kadrlara münasibəti pisdir. Həmin o şayiələr ki,var,- onları bir də təkrar etmək istəmirəm.- bunların hamısını Fikrət Sadıqov dedi. 
Sonra Yeni Azərbaycan Partiyasının Sumqayıt üzrə sədri Xıdır Alovlu da Fikrət Sadıqovun dediklərini təsdiq etdi, bəzi şeyləri də əlavə etdi. 
Eyni sözləri Tofiq Hüseynov da təsdiq etdi. Mən bunları dinlədikdən sonra fikirləşdim ki, doğrudan da, bunların üçü də Sumqayıtda yüksık vəzifəli adamlardır, hər birinə etimad göstərilmişdir. İndi bunlar gəlib prezidentin qarşısındadırlar və əgər prezidentə bu sözləri deyirlərsə, demək, onlar buna məsuliyyət daşıyırlar və yəqin ki,burada həqiqət var. Sonra fikirləşməyə başladım. 
O zamankı icra başçısı Təvəkkül Məmmədov

İcra hakimiyyətinin başçısı Təvəkkül Məmmədov bir neçə dəfə xahiş etmişdi ki, mən onu qəbul edim. Sonra isə xahiş etmişdi ki, mən onu tək yox, Fikrət Sadıqovla bir yerdə qəbul edim. Mən bu xahişi yerinə yetirdim və bir neçə gün bundan öncə Təvəkkül Məmmədovu və Fikrət Sadıqovu qəbul etdim. Fikrət Sadıqov mənə dediyi sözləırin bir çoxunu Təvəkkül Məmədovun yanında dedi. Ancaq Təvəkkül Məmmədov birincisi, onları inkar etdi, ikincisi, burada gördüyü işlər haqqında çoxlu məlumatlar verdi. 
Xıdır Alovlu orada yox idi, bunlar ikisi idi. Ramiz Mehdiyev də, Yusif Hümbətov da iştirak edirdilər. Bunları dinləyəndən sonra mən belə bir fikrə gəldim ki, Təvəkkül Məmmədovun işində səhvlər var, bəzi ciddi səhvlər var və bu, inkaredilməzdir. Mən o sayiələri deyə bilmədim. Cünki onu heç kəs təsdiq edə bilmədi. Kim təsdiq edir ki, nə bilim, kefli olubdur? Kim təsdiq edir, burada varsa, desin.Yaxud kim təsdiq edir ki, o, nəsə çəkir? Mən ondan soruşdum, sən siqaret çəkirsənmi? Dedi ki, beş ildir siqaret çəkmirəm. 
Vallah, mən bilmirəm, nəşəni nə cür çəkirlər. Amma yadımdadır, xeyli vaxt əvvəl görmüşdüm ki, papirosun içinə doldururlar. Narkomanlar da iynə vururlar. O da deyir ki, gəlin mənim bədənimə baxın, görün iynə yeri haradadır. Demək, bunu da təsdiq edə bilmədilər. Ona görə mən bunları kənara qoydum. O şeyləri ki, heç kəs təsdiq edə bilmir, elə deyil. Sabah hər adam durub başqası haqqında istədiyi şeyi deyə bilər. İndi o qədər böhtançılar, o qədər böhtan sözlər deyənlər, hətta qəzetlərdə yazanlar var. Artıq bu barədə Azərbaycanda qıtlığımız yoxdur. 
Ancaq bunları dinləyəndən sonra məni bir neçə şey narahat etdi. Məsələn, Təvəkkül Məmmədov deyir ki, Səməd Vurğun adına saray neçə vaxtdır bağlanıbdır. Orada Ərəblinski adına teatr var idi, teatr dağılıbdır. Fikrət Sadıqov da heç bir iş görmür,çünki bina Fikrət Sadıqovun tabeliyindədir, yaxud, bilirsiniz, biz vaxtilə burada böyük bir mədəniyyət sarayı tikmişdik, siz ondan xeyli istifadə edibsiniz.Təvəkkül Məmmədov dedi ki, biz bir dəfə orada şəhər yığıncağı keçirmək istəyirdik, Sadıqov bizə icazə vermədi. İkinci tərəfdən də deyir ki, indi sarayın damı axır, təmirə ehtiyacı var, istifadəsiz qalıbdır. Bu da Fikrət Sadıqovun tabeliyindədir. Bu iki fakt məni çox narahat etdi. Mən orada Fikrət Sadıqova çox ciddi dedim. 
Yaxşı Fikrət Sadıqovun təşkilatı, demək olar ki, Sumqayıtın böyük bir hissəsidir. İndi əsas işləyən istehsal müəssisələri kimya sahəsindədir.Kimyanın da hamısı Fikrət Sadıqovdadır. Bu müəssisələrin gəlirləri də var,imkanları da var. Fikrət Sadıqovun özü bunu bilir,onun maddi imkanları çoxdur ki, Sumqayıtdakı həmin o sarayları təmir etsin. 
Bu böyüklükdə şəhərdir, 300 minə yaxın əhalisi var. Əgər mədəni istirahət üçün bir yerə getmək imkanı yoxdursa, teatr dağılıbsa, sarayın bu birisi də istifadə olunmursa, bu insanlar nə etsinlər?! Bunun haqqında hamısı-icra hakimiyyətinin başçısı da, Fikrət Sadıqov da, başqaları da düşünməlidir. Amma icra hakimiyyətinin başçısı deyir ki, Sadıqov bizi yaxına qoymur. 
Fikrət Sadıqovdan soruşuram, niyə belə eləmisən? Deyir ki, mən altı aydır oraya getməmişəm. Amma altı ay deyil axı! 
Məsələn, vaxtı ilə biz Ərəblinsski adına teatrı yaratdıq.Yaxşı teatrdır.Yəqin çoxlarınızın yadındadır. O teatrdan bir çox gənc artistlər Azərbaycan Milli Dram Teatrına, başqa teatrlara gəldilər.Çox yaxşı kadrlar yetişdirdi. Bu birincisi. İkincisi də, bu, Sumqayıtın əhalisinə xidmət edirdi. Axı, burada mədəniyyəti boğmaq olmaz, mən gördüm ki,burada mədəniyyət tamamilə boğulubdur.Yaxşı, Fikrət Sadıqov başa düşmür ki, bu teatrı dağıtmaq olmaz? Fikrət Sadıqov başa düşmür ki, iki sarayın ikisi də onun tabeliyindədir və ağır vəziyyətdə qalıbdır? O,bunu anlamırmı?! Bunlar məni çox narahat etdi. 
Mən Fikrət Sadıqova orada dedim, indi burada da deyirəm. Belə olmaz, hörmətli Fikrət, olmaz. Sənə böyük etimad göstərilibdir, böyük bir sahə verilibdir. Yaxın düşən yox, toxunan yox. Orada nə edirsən? Özün bilirsən, birdə Allah bilir. Amma orada hər şey də düz deyil, normal deyildir. Sən Sumqayıtda hörmətli adamsan, burada böyük sahə sənin əlindədir, niyə şəhərə fikir vermirsən? Sən nəinki sarayları, hətta şəhərin başqa yerlərini də qaydaya salmalısan, lazımi işlər görməlisən. Bunları eləməlisən, çünki sənin imkanların bütün başqa təşkilatların imkanlarından çoxdur. Amma sən imkanları özünün altına yığmısan. Bəli, Sumqayıtın çox imkanlarından istifadə edirsən amma Sumqayıta heç bir şey vermirsən, belə şey olmaz, Fikrət, olmaz! 
Bilirsən ki, mən həmişə sənə hörmət etmişəm. Hələ vaxtilə, 1970-ci illərdə səni mən ilk dəfə zavod direktoru təyin etmişəm və həmin o vəzifəyə vaxtilə mən Moskvaya getməmişdən qabaq səni təyin etmişəm. Mən gələndən sonra da sən işləyirsən, heç kəs də sənə demir ki, gözün üstə qaşın var. Bunu qiymətləndirmək lazımdır, anlamaq lazımdır. Bunun əvəzində sən burada intriqaya başlamısan. 
Təvəkkül Məmmədov deyir ki, Fikrət Sadıqovun qardaşı icra hakimiyyəti başçısının müavini idi, mən onu işdən azad etdim. Ona görə indi Fikrət Sadıqov mənim üstümə düşübdür. Azad edib, yaxşı edib, düz edibdir. Birincisi, mənə dedilər ki, o, təyin olunandan sonra bütün müavinləri azad edibdir. İkincisi də, o, icra hakimiyyətinin başçısıdır, bilir. Üçüncüsü də, yaxşı, Fikrət Sadıqovun özü orada böyük işdə, bir qardaşı da burada, nə bilim, başqa qardaşı da orada - demək hamısı Fikrət Sadıqovun qohumları olmalıdır?! Başqa adamlara burada yer yoxdur?! Bu, düzgün deyildir. Əgər Fikrəıt Sadıqov belə düşünürsə,- təəssüf ki, indiyə qədər mən bunu bilməmişəm,- çox böyük səhv edir. 
Ümumiyyətlə, burada kadr sahəsində çox pis vəziyyət var. Mənə deyiblər, burada bir neçə qrup var, onların əlində böyük kapital var. Onlardan biri Fikrətdir, biri Hüseynovdur, bir neçə başqaları da var. Zaman var. Deyirlər bütün ticarət, 30 ildir Sumqayıtın ticarəti onun əlindədir. Sovet vaxtında olub, indi özəlləşdirilib, hamısı əlindədir. Yaxşı, sən bunları əlinə almısan, özəlləşdirmisən, götürdüyünü götür. Bəs, Sumqayıta nə xeyir vermisən? Elə hamısını özün götürməlisən? Hamısı sənə çatmalıdır? Bəs başqaları? 
Sumqayıtın o vaxtkı deputatları Tofiq Hüseynli və Xıdır Alovlu...

Ümumiyyətlə, burada özəlləşmədə böyük səhvlər var. Deyirlər ki, burada olan obyektlərin böyük bir hissəsini Fikrət Sadıqovun qoyumları özəlləşdirıblər. Başqa bir hissəsini Tofiq Hüseynov özəlləşdiribdir. Başqa bir hissəsini Zaman İskəndərov özəlləşdiribdir. Böyük bir hissəsini keçmiş icra hakimiyyətinin başçısı Abışov özəllləşdiribdir. Demək, belə çıxır ki, buradakı obyektlər, yeməkxanalar və şair özəlləşdirilən zaman beş adamın əlinə keçibdir. 
Bəli, burada yaxşı iş adamları yaranıbdır. Biz bazar iqtisadiyyatını inkişaf etdiririk, bazar iqtisadiyyatını tətbiq edirik. İş adamlarının yaranması, sahibkarlığın inkişaf etdirilməsi bizim məqsədimizdir. Biz çalışırıq ki, dəyərli iş adamları yaransın və bizim iqtisadiyyatımız inkişaf etsin. Ancaq indi bu iş adamları cəmi beş-altı nəfərdir, hər şeyi əllərinə keçiriblər və başqalarına yardım göstərmirlər və burada çox işlər də düzgün getmir. 
Mən bu gün bizim vergilər nazirindən soruşdum ki, burada vergilərin ödənilməsi nə təhərdir. Keçən il 10 milyard vergi verilməyibdir. Nazir Fazil Məmmədov mənə dedi ki, ona görə də burada vergi müfəttişidir, kimdir, onu işdən götürdüm. Niyə, nə üçün verilməyibdir? Həm özəl biznes vergiləri verməlidir, həm də dövlət müəssisələri vergiləri. Bəs vergini verməsək biz büdcəni haradan dolduracağıq? İndi bizim büdcəmizin gəlirinin iki mənbəyi var. Biri vergilər, biridə gömrük rüsumları. Başqa mənbəyimiz yoxdur. Biz bununla büdcə yaradırıq və bu büdcə ilə bütün büdcə təşkilatlarını saxlayırıq. Müəllimləri, həkimləri, mədəniyyət işçilərini, dövlət işində olanları, başqalarını. Özü də bilirsiniz ki,biz hər il onların maaşlarını artırırıq. Bu il də maaşları artıracağıq Amma bunlar bizim vergilərin yığılmasından asılıdır. Əgər şəxsi, özəl biznesdə olan adamlar  vergidən yayınırlarsa,- burada belə faktlar çoxdur, mən bunu bir də yoxlatdıracağam, büdcəni necə dolduraq? Yaxud dövlət müəssisələri, Fikrət Sadıqovun təşkilatı dövlətdən subsidiya alır, benzin alır, nə bilim, nə alır,amma dövlətə nə verir? Heç bir şey! 
Biz bir neçə il bundan əvvəl Yaponiyaya getdik. Dedilər ki, burada, Sumqayıtda buxar-generator qurğusu tikmək lazımdır və bunun üçün 80-90 milyon kredit götürülməlidir. Düzü, mən bu krediti götürmək istəmirdim. Çünki buna dövlət zəmanəti lazımdır. Fikrət Sadıqov məni orada inandırdı ki, biz o qurğunu tikəndən sonra polietilen istehsal edəcəyik, onu satacağıq. Onu yaponların özlərinə satacağıq və bununla da onların kreditini verəcəyik. Amma alınmadı.
Orada mənə belə dediklərinə görə kreditin götürülməsinə razılıq verdim. İndi yaponlar bunların məhsulunu almırlar. Niyə, nədən ötrü almırlar? Axı orada müqavilədə yazılmışdı. Çünki harayasa satırlar. Mən soruşdum, dedi ki, kreditin 32 milyonunu qaytardılar. Amma hələ nə qədəri qaytarılmayıbdır. Belə çıxır ki,elə bu işləyir, gəliri də krediti qaytarmağa verir, amma dövlətə bir şey gəlmir. Bəs dövlət neyləsin? Dövlət bu qədər zəhmət çəkir, xərc qoyur, bəs dövlətə nə gəlir? Əgər bu dövlət müəssisəsi dövlətə bir şey vermirsə, onda nəyə lazımdır? Kadrların yerləşidirilməsi məsələsi. Demək, bir çox vəzifələrdə Fikrət Sadıqovun qohumları işləyir, o cümlədən onun idarəsində, təşkilatında çoxları işləyir.Tofiq Hüseynovun bir dəstə qohumu işləyir. Bir dəstə də Zaman İskəndərovun qohumu işləyir və başqalarının qohumları işləyir. Başqa adamlara yer yoxdur! Bunların həm biznesdə böyük imkanları var. Həm də böyük vəzifədədirlər. Bu vəzifələrdən, bu imkanlardan istifadə edərək, eyni zamanda, bütün qohum-qardaşlarını vəzifələrə doldurublar. Bəs, başqa adamlar kənarda qalır axı. Niyə, nədən ötrü? Kənarda onlardan da dəyərli adamlar var. Bu, birincisi, ikincisi, nə üçün burada elə bir neçə adam, onların qohumları dövlət vəzifələrini tutmalıdır? Nə üçün? 
Məsələn, Fikrət Sadıqovun qardaşını Təvəkkül Məmədov vəzifədən çıxarıbdır. Deyirlər ki, indi ondan qisas alır. Əksinə, gərək Fikrət Sadıqov başa düşəydi ki, qardaşı orada 6 il işləyib, ömrü boyu işləməyəcək ki, ikincisi də, Fikrət Sadıqov orada işləyir, qardaşı icra hakimiyyətində işləyir. Bu, düzgün deyil axı. Düzgün deyil!
"Azərkimya"nın sabiq rəhbəri Fikrət Sadıqov...

Fikrət Sadıqova dedim ki, mənim də iki qardaşım var. Mən o vaxt birinci katib işləyəndə də onlar bir vəzifə almadılar, sadəcə, elmi işdə işlədilər. Sonra, mən burada olmayanda əleyhimə ki, işlər görürdülər, o vaxt onları çox əzdilər, sıxdılar,işdən çıxardılar. Mən qayıdandan sonra onlar yenə öz elmi işlərinə qayıdıblar. Biri akademikdir, Cəlal Əliyev. Akademiyadan nə qədər adam gəldi ki, onu Elmlər Akademiyasına prezident təyin edək. Mən dedim ki,olmaz. Onun özü də istəmədi.Bu barədə haqqı demək lazımdır. Özü də dedi ki, istəmirəm. Mən də dedim, lazım deyil.Sadəcə, laboratoriya müdiridir,elmi işlə məşğul olur.Yaxşı, mən neçə illərdir Azərbaycanın başçısıyam, öz qardaşımı bir vəzifəyə qoya bilmərəmmi?. 
O biri qardaşım iqtisadçıdır. Tibb İnstitutunda iqtisad kafedrasının müdiri idi. O vaxt çıxartdılar, atdılar çölə. Mən gələndən sonra İqtisad Universitetrindən dəfələrlə ərizə yazdılar ki, onu bizə rektor qoyun. Özü də getmədi, mən də buna razı olmadım. Amma gərək Fikrət Sadıqovun bu qardaşı burada olsun, o qardaşı orada olsun ? Nə bilim Hüseynovun qudası gərək icra hakimiyyətinin başçısının birinci müavini olsun? Niyə, nə üçün? Başqa adam yoxdur? Qubadlıdan o qədər dəyərli adam var ki! Bəlkə də Hüseynovun qardaşından da dəyərli adam var. Nəyə görə Hüseynovun qardaşı icra hakimiyyəti başçısının birinci müavini olsun? Nə üçün? 
Yəni deyirəm ki, bilin,Sumqayıt o qədər də böyük yer deyil. Artıq burada ixtisar gedibdir və dövlət orqanlarında vəzifələr çox azdır. Belə halda bir qrup adam bu vəzifələrə də öz qohuməqrəbalarını, qardaşlarını, nə bilim, uşaqlarını yerləşdirəndə, təbiidir ki, bu, Sumqayıtda normal şərait yarada bilməz. Ona görə də Təvəkkül Məmmədovun səhvləri var və mən onu işdən azad edirəm. Amma Fikrət Sadıqovun səhvləri ondan az deyildir.Tofiq Hüseynov deputatdır, onun səhvləri ondan az deyildir. Zaman İskəndərovun da səhvləri ondan az deyildir. Həmin Abışov Sumqayıtın böyük bir hissəsini əlinə keçiribdir, onun da səhvləri az deyildir. 
Mən təəssüf edirəm ki, bu vəziyyəti indiyə qədər bilməmişəm. Çox təəssüf edirəm. Çünki mən Sumqayıtı, demək olar ki, yaranandan tanıyıram, Sumqayıt gözəl bir şəhərdir. 1945-1952-illərdə boru-prokat zavodu tikiləndə burada ilk evlər inşa olunubdur. 
SSRİ Nazirlər Sovetinin sədri, rəhmətlik Tixonov mənə bir neçə dəfə danışmışdı ki, o,1960-cı illərdə SSRİ Dövlət Plan Komitəsi sədrinin müavini olubdur, özü metallurq idi,- bu zavod tikilən zaman gəlib bir neçə ay burada yaşayıb, işləyibdir. Deyirdi ki, burada milçəkdən, ağcaqanaddan, həşəratlardan canımızı qurtara bilmirdik. Burada belə bir vəziyyət var idi. Amma indi Sumqayıta baxın, nə qədər gözəl evlər tikilibdir, nə qədər yaxşı prospektlər yaranıbdır. Burada 300 minə qədər insan yaşayır və bu şəhər həmişə bizim fəxrimizdir. Biz vaxtilə buna "Gənclik şəhəri” deyirdik. İndi burada yaşlılar da var, gənclər də var. Ancaq Sumqayıtın bir xüsusiyyəti də odur ki, buraya Azərbaycanın bir çox rayonlarından insanlar gəlib toplşıblar. Hesab edin ki, Sumqayıt kiçik bir Azərbaycan kimidir. Burada həm cənub zonasından çox adamlar var, həm QubadlıZəngilan zonasından çox adamlar var, həm Qarabağ zonasından çox adamlar var, həm Naxçıvandan, - düzdür, o qədər çox deyil, adamlar var, yerlilər var. Demək olar ki, Sumqayıtda bütün respublika təmsil olunur. Bu, çox yaxşı haldır. 
Ancaq, eyni zamanda, burada ədalət olmalıdır. Burada hamıya diqqət olmalıdır. İnsanlar yalnız öz biliyinə, bacarığına, bizim dövlətçılıyimizə sədaqətinə görə dövlət vəzifələri tutmalıdırlar. Bax, yalnız buna görə. Ancaq burada belə olub ki, qohumluğuna görə vəzifə tutublar. Məni bağışlasınlar ki, belə ifadə işlədirəm, bu balinalar, bunun mənasını bilirsiniz, öz qohumlarını yerləşdiriblər. Sumqayıtda daha boş yer yoxdur. 
Deyəsən, Təvəkkülün qohumu yoxdur, yoxsa var? 
Təvəkkül Məmmədov: Cənab prezident, burada bacım uşaqları var. Amma vəzifədə deyillər. Energetika sahəsində "Barmek”də işləyirlər. 
Heydər Əliyev: Yaxşı, əyləş. 
Amma o birisilər? Bax, bunlar məni narahat edir. Mən sizə açıq deyirəm. Buna görə də mən buraya gəlmişəm. Sizinlə görüşüb açıq danışıram.Yəqin ki, çoxdandır belə söhbət eşitməmişdiniz. Heç kəsin şəxsiyyətindən asılı olmayaraq, tutduğu vəzifəsindən asılı olmayaraq, onun səhvlərini, günahlarını burada sizin yanınızda üzünə deyirəm. 
Xıdır Alovlu bizim partiyanın Sumqayıt üzrə sədridir. Bəli, mən onu bizim Yeni Azərbaycan Partiyası yaranandan tanıyıram. Partiyaya sədaqətli adamdır. Ancaq onun böyük səhvləri var. Əgər sənin gəlib Təvəkkül Məmmədovdan şikayət etməyin obyektiv səbəblərdən olsaydı, mən deyərdim, yaxşı. Amma subyektiv səbəblərdəndir. 
Birincisi, sən icra hakimiyyəti başçısının müavini idin. Təvəkkül Məmmədov səni işdən çıxartdı. Düz elədi. Çünki sən gərək partiyanın işi ilə məşğul olaydın. Sən orada müavin olanda partiyanın işi ilə yaxşı məşğul olmamısan. O vaxt Sumqayıt kimi böyük şəhərdə Yeni Azərbaycan Partiyasının cəmi 6-7 min üzvü olubdur. İndi 12 mindir. Elədir? 
Xıdır ALOVLU: Cənab prezident, 15 minə yaxındır. 
Heydər ƏLİYEV: 15 minə yaxındır. İndi bunların əksəriyyəti sən müavinlikdən gedəndən, partiyanın işi ilə məşğul olandan sonra olubdur. Mən vaxtilə sənə bir neçə dəfə demişəm ki, partiyanın işi ilə lazimi səviyyədə məşğul olmursan. İndi sənə nə lazımdır ki, orada da, burada da vəzifə tutasan? Sən deputatsan. Oradan yaxşı maaş alırsan. Partiyanın sədrisən, oradan da maaş alırsan. Yaxşı, bundan əlavə istəyirsən ki, icra hakimiyyəti başçısının da müavini olasan, hər yeri tutasan?! Belə şey olar?! Düz edib səni çıxaribdır, yaxşı eləyibdir. Mən bunu bəyənirəm. Amma sən ürəyində Təvəkkül Məmmədova qarşı kin saxlamısan. Ümumiyyətlə, bil, sənin də səhvlərin çoxdur, az deyildir. Mən bunu ona görə deyirəm ki, səni istəyirəm, sənə hörmət edirəm. Amma bil ki, səhvlərin çoxdur. Daha xırdalamaq istəmirəm. Özünü yığışdır, yığışdır. Burada bizim partiyanın sədrliyinə layiq ol və yaxşı işlə, ədavətlə məşğul olma. Amma sən bir dəfə Ramiz Mehdiyevin yanına gəlmişdin. Demişdin ki, məni icra hakimiyyətinin başçısı qoyun. Bu yarayarmı? Adam gəlsin desin ki, məni icra hakimiyyətinin başçısı qoyun - bu yaramaz! 
Beləliklə, bir də deyirəm, mən Təvəkkül Məmmədovu vəzifədən azad etdim. Bu vəzifəyə Vaqif Əliyevi təyin etmişəm. Bir dön o tərəfə sənə baxsınlar. Vaqif Əliyev 9 ildir ki, bizim gənclər, idman və turizm nazirinin birinci müavinidir. Bizim partiya yaranandan Yeni Azərbaycan partiyasının fəal üzvlərindəndir. Hələ gənc vaxtından təşkilati işlərlə məşğul olubdur. Universiteti bitirəndən sonra orada xeyli müddət komsomol komitəsinin katibi olubdur. Fizika elmləri namizədidir, universitetdə müəllimlik edir. Milli Elmlər Akademiyasında elmi işlə məşğul olubdur. 
1994-cü ildə mən onu gənclər, idman və turizm nazirinin birinci müavini təyin etmişəm və bu müddətdə də o, yaxşı işləyibdir, bu gün də yaxşı işləyir. Bütün bunlara görə də mən Vaqif Əliyevi Sumqayıta İcra hakimiyyətinin başcısı təyin etmişəm. 
Mən bu adamı tanıyıram, bu adama inanıram. Onun burada nə qohumu var, nə qardaşı var, nə də dostu var. Yeni adamdır. Siz onu qəbul etməlisiniz, kömək etməlisiniz və onun uğurla işləməsi üçün şərait yaratmalısınız. 
Mən təyin etdiyim adamı gələcəkdə də dəstəkləyəcəyəm. Biz lazımi köməyi edəcəyik. Amma buradakı bu klanlar bugünkü danışıqdan nəticə çıxarmasa, biz onların haqqında lazımi ölçü götürəcəyik. Heç kəs düşünməsin ki, bəli, biz yığışdıq Təvəkkülü çıxardıq. İndi bu gəldi, gəlin onun belinə oturaq. Birincisi, onun belinə oturmaq qətiyyən mümkün deyildir. O, buna özü imkan verməz. Ikincisi də, biz buna imkan verməyəcəyik. 
Bir sözlə, gərək Sumqayıtda ictimai-mənəvi iqlim dəyişsin. Xüsusən, dövlət sektorunda və özəl sektorda. Bax, indiki bu iqlim Sumqayıta xeyr gətirməyəcəkdir. Hərə - Sadıqov da, Hüseynov da, Alovlu da, İsgəndərov da, nə bilim Abışov da o birisi də, bu birisi də özü üçün nəticə çıxarsın və bilsin ki, hər kəs Sumqayıtın inkişafına öz töhfəsini verməlidir. Sumqayıtı daha da abadlaşdırmaq lazımdır. Təbiidir ki, bunların hamsını dövlətin vəsaiti ilə etmək mümkün deyildir. Amma özəl sektor bunu edə bilər. Fikrət Sadıqovun təşkilatı bunu edə bilər. Bunu etmək lazımdır. Bilin ki, mən bunlara nəzarət edəcəyəm. 
Mən Fikrət Sadıqova 3 ay vaxt verirəm. O, iki sarayın ikisidə qaydaya salınmalıdır. Mən özüm gəlib baxacağam. İcra hakimiyyətin yeni başçısına tapşırıram ki, Ərəblinski adına teatrın adamlarını yığın. Səməd Vurğun adına saray yüksək səviyyədə təmir olunsun və o teatr öz işinə başlasın. Başa düşdün?! 
Fikrət Sadıqov: Cənab prezident, iki aya biri, digəri də bir aya yüz faiz hazır olacaqdır. 
Heydər ƏLIYEV: Mən sənə deyirəm elə! Başa düşdün?! 
Fikrət Sadıqov: Bəli. 
Heydər ƏLIYEV: Otur. İndiyə qədər də bunu edə bilərdin, amma eləməmisən. Bir də deyirəm, buradakı ictimai-mənəvi iqlim tamamilə dəyişməlidir. Biz buna dözə bilməyəcəyik. Heç kəs hesab etməsin ki, bəli, indi bəziləri burada böyük kapital sahibidir, böyük mülk sahibidir, onlara heç bir şey etmək olmaz. Yox. 
Dövlət hər bir şey edə bilər və biz lazımi ölçülər götürə bilərik. 
Mənim sizə deyə biləcəyim sözlər bundan ibarətdir. Əgər kiminsə sualı varsa desin. 
Zaman İSGƏNDƏROV: Cənab prezident, mənim haqqımda deyilən sözə görə bir-iki kəlmə demək istəyirəm. Mən burada yox. Xızı rayonunda böyük sahibkaram, 300 hektar taxıl sahəm var, onu əkib-biçirəm. Mən iki il müddətində Sumqayıt şəhərinin abadlaşdırılmasına 145 milyon manat pul qoymuşam. Bunu bütün camaat da bilir. Mən Sumqayıtda böyük xeyriyyəçiyəm. Nə qədər qaçqın-köçkün, əlil varsa, hamısına kömək edirəm. Məni Sumqayıtda xeyriyyəçi Zaman kimi tanıyırlar. Bunu yoxlatmaq Sizin üçün çətin deyildir. Bunu bu gün edə bilərsiniz. 
Mənim bu sözümü buradakıların hamısı eşidir. Hamının üzünə dik baxıram və deyirəm, mənim bir univermağım olub, onu da özəlləşdirmişəm. Ondan başqa heç bir yerdə nə mənim özəl yerim var, nə də başqa bir şey. Sumqayıtın abadlaşmasına bu gündə nəyim varsa, onu qoymağa hazıram ki, şəhər gözəlləşsin, çiçəklənsin. Bizim gözəl, hörmətl iprezidentimizin bu sözündən sonra nə imkanım varsa edəcəyəm. Amma mənim haqqımda deyilənlərə nəinki mən, camaat da inana bilməz. 
Heydər ƏLİYEV: Yaxşı, başa düşdüm. Dayan, birincisi, 140 milyon azdır. Sən onunla çox fəxr etmə. Sənə görə o, çox azdır. İkincisi xeyriyyəçiliyinə görə sağ ol. Üçüncüsü də mənim dediyim sözlərdən nəticə çıxart?! 
Zaman İSGƏNDƏROV: Yəni bundan nəticə çıxartmamaq olar?! 
Heydər ƏLİYEV: Onu düz deyirsən. 
Zaman İSGƏNDƏROV: Cənab prezident, yənə deyirəm Xızı rayonunda 300 hektar sahədən nə taxıl yığıramsa onu da paylayıram. Xızıda, Yeni Yaşmada və Sumqayıtdakı sanatoriyada yerləşən qaçqınlara bu il 35 ton buğda vermişəm. Özüm yüzlərlə insana iş vermişəm. Hazırda 100-dən çox qaramalım, 1000-dən çox qoyunum var.Yəni bunların hamısı zəhmətim və Sizin üzərimizdə olan nəzarətiniz sayəsində olubdur. Siz deyəni bundan sonra ikiqat edəcəyəm. 
Heydər ƏLİYEV: Min baş qoyun - keçi, yüz baş da qaramal azdır. Sənin kimi adamın gərək 10 min baş mal-qarası olsun. 
Zaman İSGƏNDƏROV: Cənab prezident, təzə başlamışam. 
Heydər ƏLIYEV: Mənim etirazım yoxdur. Bunları inkişaf etdir. Amma hamısını özün yemə. Başa düşdün?! 
Zaman İSGƏNDƏROV: Baş üstə. 
Heydər ƏLİYEV: Daha kimin nə sözü var? Sözü olan yoxdur. Onda gəlin söhbətimizi qurtaraq .Mən sözümün sonunda bir də onu demək istəyirəm ki, Sumqayıt Azərbaycanın gözəl bir şəhəridir. Mən keçmişdə Azərbaycanın başçısı olarkən Sumqayıtın inkişaf etməsi, burada sənaye müəssisələrinin yaranması üçün, onların yüksək səviyyədə işləməsi üçün çox işlər görmüşəm. 
Yadımdadır, biz burada evtikmə kombinatı tikdik və ondan sonra çox böyük evlər tikildi. O vaxt, evtikmə kombinatı tikiləndə neçə dəfə buraya gəlmişəm. Yəqin çoxlarının yadında olmalıdır.Yəqin Təvəkkülün də yadındadır. 
Təvəkkül MƏMMƏDOV: Bəli. 
Heydər ƏLİYEV: Əyləş, əyləş. 
Burada çox iş görmüşəm. Mən bunu ona görə deyirəm ki, Sumqayıta bu qayğı lazımdır. Mən həmişə bu qayğını göstərmişəm. Bu gün də buraya gəlməyim, sizinlə açıq səmimi söhbət etməyim mənim, Azərbaycan dövlətinin Sumqayıta qayğısının təzahürüdür. Bunu bilin. Mən bu qayğını bundan sonra da göstərəcəyəm. Etiraf edirəm ki, bir müddət Sumqayıt mənim nəzərimdən qaçıbdır. Mən bunu özümə bağışlaya bilmirəm. Ancaq indi, bax bu işlərlə şəxsən məşğul olandan sonra sizə deyirəm ki, Sumqayıta diqqət yetirəcəyəm. Məsələn, boruprokat zavodu ilə məşğul oluruq. Bilirsiniz ki,indi bir firma onu götürüb, orada minə qədər adam işləyir. Elədirmi, yoxsa, yox? 
Təvəkkül MƏMMƏDOV: Bəli, bu gün min nəfər işləyir və Böyük Britaniya firması 50 milyon dollar vəsait qoyacaqdır. 
Heydər ƏLİYEV: Əyləş. Alüminium zavodunu canlandırmışıq. Orada artıq yeni məhsul buraxılır. Elədirmi? 
Təvəkkül MƏMMƏDOV: Bəli, 45 min ton istehsal olunubdur. 
Heydər ƏLİYEV: 45 min ton alüminium istehsal edilib və hansısa firmaya icarəyə verilibdir. Elədirmi? 
Təvəkkül Məmmədov: Bəli, Hollandiya firmasına verilibdir.Təxminən 400 milyard manatlıq məhsul istehsal olunacaqdır. 
Heydər ƏLİYEV: Biz çalışırıq ki, başqa sahələrə də xarici investisiya cəlb edək. Amma bilin, bu, çox çətindir. Çünki xarici investor o yerə gəlir ki,orada tez gəlir götürmək olar. Məsələn, görürsünüz, bizim neft sektoruna hamısı necə axdılar, gəldilər. Bütün dünyadan gəldilər. Çünki orada doğrudan da həm iş var, həm də onun nəticəsi var. Amma burada - mənim yadımdadır, biz burada iki trikotaj fabriki tikdik. İndi özəlləşdirilibdir, heç bir şey də yoxdur. Elədirmi, yoxsa yox? 
Təvəkkül MƏMMƏDOV: Cənab prezident, indi tikiş fabrikləri çoxdur, özəl işləyirlər. 
Heydər ƏLİYEV: Amma trikotaj fabriki var idi. 
Təvəkkül MƏMMƏDOV: Trikotaj fabriki ümumiyyətlə işləmir. Amma özəl tikiş fabriklərində çox iş görülür, ancaq hələki, məhsulu sata bilmirlər. 
Heydər ƏLİYEV: Görürsən, çünki yəqin məhsulun keyfiyyəti yaxşı deyil ki, sata bilmirlər. 
Təvəkkül MƏMMƏDOV: Cənab prezident, ola bilər. 
Heydər ƏLİYEV: Mən bunları bilirəm. 
Ümumiyyətlə, yenə də deyirəm. Burada obyektiv səbəblərə görə çətinliklər var. Ancaq mən yenə də deyirəm, baş nazirə tapşırmışam, iqtisadi inkişaf nazirinə tapşırmışam, başqalarına tapşırmışam. Bundan sonra da nəzarət edəcəyəm ki, Sumqayıtı canlandıraq burada olan müəssisələri bir az inkişaf etdirək və özəl sektor da yaxşı inkişaf etsin.Özəl sektor inkişaf etməlidir, iş görməlidir,vergiləri vaxtında verməlidir. Beləliklə, bizdə bazar iqtisadiyyatını yaratmalıdır. 
Sumqayıtlılara bir daha ən xoş arzularımı bildirirəm. Sizinlə görüşməyimdən çox məmnunam. 
Diqqətinizə görə sizə təşəkkür edirəm.Hamınıza cansağlığı arzu edirəm və Sumqayıtın inkişafı naminə uğurlar arzulayıram. Sağ olun... 

5-07-2021, 11:11 346

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 12:39
Bu gün, 12:32
Bu gün, 11:50
Bu gün, 11:41
Bu gün, 11:34
Bu gün, 11:31
Bu gün, 10:24
Bu gün, 10:10
Bu gün, 10:00
Bu gün, 09:00
Dünən, 19:29
Dünən, 11:07
Dünən, 10:53
Dünən, 10:46
Dünən, 10:16
Dünən, 10:01
Dünən, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903