
İlin sonunadək Sumqayıta 60 ədəd elektrikli sərnişin avtobusu gətiriləcək.
Sumqayit.TV Prizmatv.az-a istinadən xəbər verir ki, bunu Sumqayıt Nəqliyyat MMC-nin Park rəisi Tofiq Saydumov bildirib.
Onun sözlərinə görə, 2016-cı ildən etibarən Sumqayıt şəhərində ictimai sərnişin nəqliyyatının hərəkətinin təkmilləşdirilməsi və sakinlərin müasir nəqliyyat xidmətlərindən yararlanması məqsədilə şəhərə iritutumlu avtobuslar gətirilib. Belə ki, həmin il ümumilikdə 206 ədəd avtobus şəhər sakinlərinin istifadəsinə verilib. Onlardan 75-i AKİA, 26-sı Karsan, 105-i isə Isuzu markalı avtobuslar olub.
Tofiq Saydumov qeyd edib ki, son illərdə şəhərin nəqliyyat sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər daha da genişləndirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, 2025–2026-cı illərdə avtobus parkının yenilənməsi istiqamətində əhəmiyyətli işlər həyata keçirilib.
“Bu müddət ərzində Çin istehsalı olan, Yutong markalı, sıxılmış qazla işləyən və müasir standartlara cavab verən 46 ədəd avtobus, həmçinin Türkiyə istehsalı olan AKİA markalı 10 ədəd avtobus alınaraq şəhər sakinlərinin istifadəsinə verilib”, – deyə Tofiq Saydumov bildirib.
Park rəisinin sözlərinə görə, yeni avtobusların şəhərdaxili marşrutlara cəlb olunması sərnişinlərin daha rahat və təhlükəsiz daşınmasına, xidmət səviyyəsinin yüksəldilməsinə və mövcud nəqliyyat parkının mərhələli şəkildə yenilənməsinə imkan yaradıb.
O vurğulayıb ki, ictimai nəqliyyatın inkişafı Sumqayıt Şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılan əsas istiqamətlərdən biridir. Şəhər rəhbərliyinin tapşırıq və tövsiyələri əsasında sərnişindaşıma sahəsində müasir yanaşmaların tətbiqi, avtobus parkının yenilənməsi və sakinlərin rahatlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Tofiq Saydumov bildirib ki, qarşıdakı dövrdə Sumqayıtın ictimai nəqliyyat sistemində daha bir mühüm yeniliyin tətbiqi nəzərdə tutulur. Belə ki, ilin sonunadək şəhər sakinlərinin istifadəsinə daha 60 ədəd elektrik avtobusunun verilməsi planlaşdırılır.
“Elektrik avtobuslarının şəhər marşrutlarına cəlb olunması ictimai nəqliyyatın daha müasir, komfortlu və ekoloji tələblərə uyğun şəkildə qurulmasına mühüm töhfə verəcək. Bu avtobusların istifadəyə verilməsi həm sərnişinlərin rahatlığının artırılmasına, həm də şəhər nəqliyyatında ekoloji yanaşmaların gücləndirilməsinə imkan yaradacaq”, – deyə Tofiq Saydumov qeyd edib.
O əlavə edib ki, görülən işlər Sumqayıtda ictimai nəqliyyat infrastrukturunun mərhələli şəkildə yenilənməsini və şəhərin müasir nəqliyyat sisteminə keçidinin sürətləndirilməsini təmin edir.
“Əsas məqsəd şəhər sakinlərinə daha keyfiyyətli, təhlükəsiz, rahat və müasir ictimai nəqliyyat xidməti göstərməkdir. Bu istiqamətdə həyata keçirilən layihələr bundan sonra da davam etdiriləcək”, – deyə Tofiq Saydumov bildirib.