
Sumqayıt şəhəri, Saray qəsəbəsi və Qurd Dərəsi massivi istiqamətində yaşayan sakinlər 17 və 17A nömrəli avtobusların hərəkət intervalından narazıdırlar.
Sumqayit.tv-yə müraciət edən sakinlərin sözlərinə görə, bəzi hallarda avtobusları 40-45 dəqiqə gözləməli olurlar. Bu vəziyyət xüsusilə məktəbə və işə gedən, eləcə də şəhərin digər istiqamətlərinə hərəkət edən sakinlər üçün ciddi çətinlik yaradır.
Sakinlər bildirirlər ki, 17 və 17A nömrəli marşrutlara əlavə avtobusların ayrılmasına ehtiyac var. Onların fikrincə, Sumqayıtda 522, 523 və 6 nömrəli marşrutlarda işləyən kiçik tutumlu avtobuslara bənzər nəqliyyat vasitələrinin bu istiqamətə də cəlb edilməsi sərnişin sıxlığının və uzun gözləmə müddətinin azalmasına kömək edə bilər.
Müraciətdə xüsusilə vurğulanır ki, sakinlər yeni marşrutun yaradılmasını deyil, mövcud 17 və 17A marşrutlarına əlavə avtobusların verilməsini istəyirlər.
Sakinlərin əsas tələbi avtobusların sayının artırılması və hərəkət intervalının mümkün qədər 5-10 dəqiqəyə endirilməsidir.
Bundan başqa, müraciət edənlər hazırda xətt üzrə işləyən avtobusların texniki və ümumi vəziyyətinin yaxşılaşdırılmasını, imkan daxilində daha müasir nəqliyyat vasitələri ilə əvəz olunmasını da xahiş edirlər.
Sumqayit.tv olaraq məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə hazırıq.
Bu gün, 13:26
10