Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadinin Axar.az-a müsahibəsi:- Məcid bəy, Rza Pəhləvinin İranda baş verən proseslərə təsiri haqqında nə deyə bilərsiniz?- Pəhləvi İranda ən güclü müxalifət lideri olmasa da, fars toplumu içində tanınan və ən çox dəstəkçisi olan liderlərdən biri kimi görünür. Bunun təsdiqi üçün hər hansı sorğu-filan ortada yoxdur, amma mediada izlədiyimiz kimi, fars toplumunda dəstəyi çox olan müxalifət lideri kimi təqdim olunur. Lakin qeyri-fars millətləri Rza Pəhləviyə nəinki dəstək göstərir, əksinə, ona qarşı çıxır.
- Güney Azərbaycan siyəsətçilərindən, yaxud partiyasından kimləri güclü müxalifət hesab etmək olar?- Düşünürəm ki, Güney Azərbaycanda hərtərəfli bir liderdən tam mənası ilə bəhs etmək mümkün deyil. Amma bizim öndə gələn tanınmış təşkilat və rəhbərlərimiz var. O cümlədən, Dirəniş Təşkilatı, Mərkəz Partiyası, Yeni GAMOH, GAMOH, GAMAC və s. kimi tanınan təşkilatlarımızı qeyd etmək olar.
- Azərbaycan Milli Dirəniş Təşkilatı hazırda İranda baş verən siyasi hadisələrin içindədirmi?- Təşkilat 2006-cı ildə yaranıb. Yaxınlarda 17-ci ildönümünü qeyd edəcəyik. Bu illər ərzində istər yurd içində, istər xaricdə lobbiçilik fəaliyyətlərində, xüsusilə də media sahəsində təşkilatımız çoxlu işlər görüb. “Araz Nyus” və “Araz Nyus TV” internet kanalı Güney Azərbaycanın ən tanınan medialarındandır. Hazırda da təşkilatımız hadisələrin içində yer alır. Media fəaliyyətimiz davam edir. Digər millətlərlə münasibət qurmaq və Azərbaycan təşkilatları ilə birgə işbirliyi yaratmaqda təşkilatımız çox aktivdir. Güney Azərbaycan siyasi quruluşları ilə birgə əməkdaşlıq platformamız var. Burada Güney Azərbaycan Demokrat Partiyası, Azərbaycan Öyrənci Hərəkatı və Azərbaycan Dirəniş Təşkilatı təmsil olunur. Güney Azərbaycan Təşkilatları İş Birliyi Mərkəzi 8 təşkilatdan ibarətdir. Biz bu qurumun da üzvüyük. Şimali Azərbaycan və İranın qeyri-fars millətləri ilə münasibətlərində çox sıx əməkdaşlığımız mövcuddur.
- İran rejiminə qarşı müxalif güclərin birləşməsinə ehtiyac varmı?- Təbii ki, ciddi ehtiyac var. İranda bir sıra qüvvələr faşist və geriçi qüvvələrdir. Şahçılar da onun önündə gələnlərdəndir. Bunlar İranı əvvəlki şah dönəminə qaytarmaq istəyir. Bəlkə, onların zamanında iqtisadi cəhətdən stabillik var idi, amma qeyri-fars millətlərinə qarşı hər zaman müstəmləkəçi münasibət olub. Biz bu qüvvələrlə heç zaman birləşməyi düşünmürük. Amma fars və qeyri-fars millətlərin demokrat və insan haqlarına inanan qüvvələri ilə birgə İran rejiminə qarşı ortaq mübarizə bizim əsas məqsədimizdir.
- Güney azərbaycanlılarının vahid koordinasiya mərkəzinin yaranmasına ehtiyac duyulur. Bunun təşkili niyə yubanır?- Güney Azərbaycan Təşkilatları İş Birliyi Mərkəzi iki il öncə qurulub. Bu aralar bəzi axsamalar yaşandı. Biz - Dirəniş Təşkilatı digər siyasi təşkilatlarla bir araya gəlmişik, qeyri-fars millətləri ilə birgə hərəkət edirik. Birgə platforma yaratmışıq. Yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq. Eləcə də Bakıda müəyyən partiyalarla iş birliklərimiz var. Təşkilatımız fəaliyyətdədir və daha çox işlər görmək üçün çalışırıq. Bütün təşkilatların bir araya gəldiyi işbirliyi mərkəzimiz də var. Amma son günlər fəaliyyətində yavaşıma var. Onu da tezliklə düzəltməyə çalışırıq.