Azərbaycan-İsrail dostluğu güclənərək dövlətlərimizə və xalqlarımıza böyük töhfələr verəcək - Milli Məclisin deputatı


Azərbaycan-İsrail dostluğu güclənərək dövlətlərimizə və xalqlarımıza böyük töhfələr verəcək
Anatoliy Rafailov Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Anatoliy Xaimoviç, bir müddət öncə Milli Məclis Təl-Əvivdə Azərbaycan səfirliyinin açılması barədə qanun qəbul etdi. İsraildə səfirliyimizin fəaliyyətə başlaması iki ölkə arasında münasibətlərin gələcək inkişafına hansı töhfələr verəcək?

- Milli Məclisin İsraildə Azərbaycan səfirliyinin açılması barədə qanun qəbul etməsi çox sevindirici haldır. Artıq diplomatik xidmətə ilk səfir də təyin olunub. Bu addımı Azərbaycan-İsrail münasibətlərində yeni mərhələnin başlanması kimi qiymətləndirmək olar. Bu hadisə hər iki ölkənin ictimaiyyəti üçün çox gözlənilən idi və böyük sevinclə qarşılandı. İsraildə Azərbaycan səfirliyinin fəaliyyət göstərməsinə böyük ehtiyac var idi. İki dövlət arasında mövcud olan 30 illik münasibətlər həyatın bütün sahələrini əhatə edir. Səfirliyin açılması ölkələrimiz arasında olan münasibətlərin yeni mərhələsinin başlanğıcı deməkdir. Başda Prezidenti İlham Əliyev olmaqla Azərbaycan hökumətinə İsraildə səfirliyimizin açılması qərarına və həmin vəzifəyə yüksək təcrübəli diplomatlardan birinin təyin edilməsinə görə dərin minnətdarlığımı bildirirəm.

Digər tərəfdən, İsraildə diplomatik xidmətin fəaliyyətə başlaması Azərbaycanın haqq səsinin Yaxın Şərqin ən qüdrətli dövlətlərindən biri olan İsrail ictimaiyyətinə daha operativ çatdırılması deməkdir. Əslində, ölkəmizi İsrail ictimaiyyətində müəyyən qədər tanıyırlarOrada yaşayan Azərbaycan əsilli 70 minə yaxın yəhudi, eləcə də İsraildə fəaliyyətdə olan Azərbaycanın turizm və ticarət mərkəzləri, QHT-lər indiyə qədər bu yöndə çox işlər görüblər. Bu sırada “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasını, “İsraildə Azərbaycan Evi” təşkilatını və digərlərini qeyd etmək olar. Bundan sonra bu məsələlər daha da intensivləşəcək və Azərbaycanı İsraildə bir qədər də yaxından tanıyacaqlar.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi hər iki dövlətin qanunvericilik orqanları arasında mövcud əlaqələr barədə nə deyə bilərsiniz?

- Azərbaycanla İsrail arasında parlamentlərarası əməkdaşlıq həmişə ən yüksək səviyyədə olub. Hər iki ölkənin parlamentində uzun illərdir parlament dostluq qrupları fəaliyyət göstərir. Milli Məclisdə Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrail Dövləti Knessetindəki İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupu ilə sıx əməkdaşlıq edir. Biz həmişə İsrail Knessetindəki həmkarlarımızdan Azərbaycanla bağlı müxtəlif məsələlərdə dəstək almışıq.
İsrail istər 2016-cı ilin Aprel döyüşləri, istərsə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqq işinə tərəfdar olub, ölkəmizin ərazi bütövlüyünü həmişə dəstəkləyib. Vaxtaşırı İsraildən müxtəlif məsələlərlə əlaqədar həm dəstək məktubları alırıq, həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı bizə təbrik məktubları gəlir. Həm sevincli, həmdə kədərli günlərdə İsrail bir dost olaraq daim yanımızda olub. Məsələn, hər il 20 Yanvar faciəsi, Xocalı soyqırımı ilə bağlı başsağlığı məktubları, digər önəmli məsələlərlə əlaqədar dəstək mesajları alırıq.

VI çağırış parlamentin fəaliyyətinin üç ili ərzində həm İsrail Dövlətinə, həm də Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupuna böyük diqqət və dəstəklə yanaşan parlamentin sədri xanım Sahibə Qafarova İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə Milli Məclisdə bir neçə dəfə görüşüb. Bu görüşlərdə spiker cənab səfirin ölkəmizdəki aktiv diplomatik fəaliyyətini yüksək qiymətləndirib.

Millət vəkili olduğum bu illər ərzində Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bir neçə dəfə İsraildə səfərdə olmuşam. İsrailin Azərbaycandakı səfiri ilə dəfələrlə görüşlərimiz, fikir mübadilələrimiz olub. Bu günlərdə VI çağırış Milli Məclisin işçi qrupu üzvlərinin səfirlə görüşü keçirildi. Söhbət zamanı qeyd olundu ki, hazırkı mərhələdə Azərbaycan ilə İsrail arasında strateji tərəfdaşlıq gündən-günə daha da dərinləşir.

Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələri qədim tarixə malikdir. Xalqlarımız uzun əsrlər boyu bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə yanaşıblar. Zaman-zaman dostluq və qardaşlıq münasibətlərimizə xələl gətirməyə cəhdlər edilsə də, təxribatlar alınmayıb. Bu birliyin kökündə nə durur?

- Azərbaycanda yaşayan yəhudilər həmişə özlərini burada doğma biliblər. Yəhudi icmasının görkəmli nümayəndələri ölkəmizin inkişaf və tərəqqisinə böyük töhfələr verirlər. Quba rayonu ərazisində kompakt halda məskunlaşan yəhudilər burada özlərini tam təhlükəsizlik şəraitində hiss edirlər. Əsrlər boyu bu ölkə yəhudi xalqı üçün isti bir yuva, təhlükəsiz ev olmuşdur.

Yəhudilər Azərbaycanda cəmiyyətə böyük töhfələr verirlər və onlar bu ölkədə mövcud olan tolerantlığın vacib bir göstəricisidir. Azərbaycandakı yəhudi icması, eləcədə İsraildə yaşayan Azərbaycan əsilli yəhudilər hər iki ölkə arasında canlı körpü rolunu oynayaraq ikitərəfli əlaqələrimizi daha da gücləndirirlər. Çətin günlərdə xalqlarımız bir-birinə qardaş münasibəti bəsləyiblər, dayaq olublar. Dostlar pis gündə tanınar- deyib atalar. Bizim xalqlarımız da hər zaman çətin günlərdə birlikdə olublar. Necə ki, İkinci Dünya müharibəsində 50 mindən artıq yəhudi Azərbaycanda sığınacaq tapıb. Həmçinin Rusiya-Ukrayna müharibəsində həmin ölkələrdən köçən yəhudilər dost Azərbaycan üzərindən İsrailə keçməyə üstünlük verdilər. Azərbaycanda hər il Holokost qurbanlarının xatirəsinə həsr olunmuş bir sıra anım tədbirləri keçirilir. İsrailin Azərbaycana yanaşması da eynidir. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra İsrail bütün beynəlxalq səviyyələrdə onun ərazi bütövlüyünü dəstəkləyir, haqq səsinə səs verir.
Qeyd etmək istərdim ki, 2022-ci il aprelin 5-də Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının önəmini vurğulayıb.

Dövlət başçısı əlaqələrimizin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diaspor nümayəndələrinin rolundan danışıb, xalqlarımızın əsrlər boyu birgə dostluq şəraitində yaşadıqlarını söyləyib, Azərbaycanın yəhudi icmasının üzvlərinin Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmələrinin və şücaət göstərmələrinin ölkəmizdə ehtiramla qeyd olunduğunu bildirib.

İsrailin turizm naziri İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının parlaq qələbəsinin ölkəsində böyük məmnunluq hissi ilə qarşılandığını deyib. O, eyni zaman­da, İsrailin Azərbaycanla hər tərəfli əlaqələrinin genişlənməsinə böyük önəm verdiyini vurğulayıb, iki dost ölkə arasında münasibətlərin qarşı­dakı illərdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Bu məqamda qeyd etmək istərdim ki, əslən Azərbaycandan olan yəhudilər hazırda dünyanın hər hansı bir ölkəsində yaşamalarından asılı olmayaraq, Azərbaycana öz dəstəklərini göstərirlər. Yeri gəlmişkən onu da deyim ki, artıq iki ildir tanınmış yəhudi iş adamları Qod Nisanov və German Zaxaryayev Dağ Yəhudilərinin Xeyriyyə Fondu (STMEQI) vasitəsi ilə Quba və Qusar rayonlarında yaşayan 92 ailəyə, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə yardımlar göstəriblər. Bu insanlar hər zaman Azərbaycanın yanındadırlar və əllərindən gələn dəstəyi ölkəmizdən əsirgəmirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə şəxs, o cümlədən xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə tanınmış iş adamları Qod Nisanov “Dostluq”, 3-cü dərəcəli ”Vətənə xidmətə görə” ordenləri ilə, German Zaxaryayev isə “Tərəqqi” və “Diaspor fəaliyyətində xidmətə görə” medalları ilə təltif ediliblər.

Düşünürəm ki, səmimi münasibətlərimizin sirri bundadır ki, əsrlər boyu hər iki millət və dövlət arasında qarşılıqlı hörmət qorunub saxlanır və nəsildən-nəsilə ötürülür.

İkinci Qarabağ müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz parlaq qələbə əldə etdi. Hazırda işğaldan azad olunan torpaqlarımızda sürətli quruculuq işləri aparılır. Prezident İlham Əliyev bu ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə etdi.

- Bu ilin siyasi xronikasına nəzər yetirsək, həqiqətən, görərik ki, müasir dövrdə Azərbaycan-İsrail münasibətləri dinamik surətdə inkişaf etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il aprelin 25-də İsrailin maliyyə naziri, həmin ilin aprel ayının 5-də isə yuxarıda qeyd etdiyim kimi, İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri,
İsrailin turizm naziri Yoel Razvozovu qəbul etdi. Hər iki görüşdə dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının önəmini vurğuladı. Keçirilən görüşlərdə Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə etdi. Dövlət başçımız hərbi-texniki sahədə də ölkələrimiz arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırdı. İsrail şirkətləri hər zaman Qarabağda infrastrukturun bərpası prosesində iştirak etməyə hazır olduqlarını bildiriblər.

İsrail şirkətlərindən biri Zəngilan rayonunun Ağalı kəndində - “ağıllı kənd”də süd ferması tikib. İsrailin iştirak etdiyi və ya iştirak imkanlarını müzakirə etdiyi digər layihələr isə su idarəçiliyi, bərpa olunan enerji və kənd təsərrüfatı sahələrindədir. İsrail həmçinin “ağıllı şəhər”lər sahəsində əməkdaşlıq üçün də bəzi imkanlar təqdim edib.

Azərbaycan İsrail-Türkiyə münasibətlərinin qurulmasında təşəbbüskar olaraq çıxış edir və artıq müsbət nəticələr əldə olunmaqdadır. Sizcə, Azərbaycan-Türkiyə-İsrail birliyi regionda baş verən proseslərə necə təsir edə bilər?

-Qeyd etməliyəm ki, Türkiyə 1949-cu ildə İsrailin müstəqilliyini tanıyan ilk müsəlman ölkəsidir. Uzun illər İsrail ilə Türkiyə arasında mehriban dostluq münasibətləri mövcud olub. Böyük bir zaman kəsimində hər iki ölkə hərbi, strateji və diplomatik sahələrdə bir-biri ilə əməkdaşlıq edib. Türkiyə də Azərbaycan kimi İkinci Dünya müharibəsi illərində yəhudi xalqının sığınacaq tapdığı müsəlman dövlətlərindəndir.

Təəssüf ki, Türkiyə və İsrail arasında münasibətlər 2010-cu ildə Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücum nəticəsində pisləşdi. 2015-ci ilin dekabr ayında Türkiyə və İsrail dövlətləri əlaqələri yenidən bərpa etmək məqsədi ilə müəyyən danışıqlara cəhd etdilər və münasibətlərin normallaşdırılması üçün 2016-cı il iyunun 27-də razılığa gəlindi.

Artıq İsrail ilə Türkiyə arasında əlaqələr yenidən qurulur, get-gedə bu proses daha dinamik inkişaf edir. Belə ki, iki ölkə rəsmilərinin qarşılıqlı danışıqları, səfərləri, xüsusi ilə uzun fasilədən sonra İsrail Prezidentinin Türkiyəyə rəsmi səfəri qarşılıqlı əlaqələrin bərpasında öz effektini göstərdi. Orada keçirilən görüşlərdə bu tarixi səfər iki ölkə arasındakı münasibətlərdə yeni və müsbət bir dönüş nöqtəsi adlandırıldı. Bu səfərin Türkiyə və İsrail arasında ümumi maraqlara əsaslanan siyasi dialoqu canlandırmaq məqsədi daşıdığını bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlaqələrin inkişafının regional sabitlik və sülh üçün böyük əhəmiyyət kəsb etdiyini dəfələrlə vurğuladı. İsrail Prezidenti İssak Hersok da öz növbəsində İsrail ilə Türkiyə arasında münasibətlərdə son illər yaşanan durğunluqdan təəssüfləndiyini qeyd etdi və hər iki ölkənin əlaqələrinin dərinləşməsinin region üçün çox müsbət mesaj olduğunu vurğuladı. İsrail və Türkiyə rəsmilərinin intensiv səfərləri nəticəsində yenidən sürətlənən münasibətlər artıq diplomatik müstəvidə də inkişaf etdirilir. Belə ki, qarşılıqlı olaraq hər iki ölkədə səfirliklərin fəaliyyətə başlaması çox sevindirici hadisədir və İsrail Prezidenti Türkiyə ilə tam diplomatik münasibətlərin yenilənməsinin tərəfdarıdır.

Artıq heç kəsə sirr deyil ki, Türkiyə ilə İsrail əlaqələrinin istiləşməsində Azərbaycanın,xüsusi ilə və dərin strategiyası ilə tanınan mahir diplomat Prezident İlham Əliyevin rolu danılmazdır. Ölkələrimiz arasında səmimi münasibətlər həm Azərbaycan, həm də bütün region üçün müsbət bir haldır. Perspektivdə formalaşacaq Türkiyə-İsrail-Azərbaycan geosiyasi üçbucağı strateji nöqteyi-nəzərdən çox önəmlidir. Bu əməkdaşlıq bütün region üçün müsbət bir haldır. Perspektivdə formalaşacaq Türkiyə-İsrail-Azərbaycan geosiyasi üçbucağı strateji nöqteyi-nəzərdən çox önəmlidir. Bu əməkdaşlıq bütün region üçün faydalı olacaq.

Üç ölkə arasındakı əlaqələrin müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dəniz, Orta Şərq və Cənubi Qafqaz regionlarında yeni inkişaf mərhələsi yaradır. İsraildə Türkiyə səfirliyinin yenidən fəaliyyətə başlaması, orada Azərbaycanın da səfirliyinin açılması, o cümlədən İsrailin Türkiyədə səfirliyinin fəaliyyətinin bərpa olunması çoxşaxəli əməkdaşlığın inkişafına yeni impuls gətirəcək. Bu üç dövlət arasında münasibətlərin inkişafı regionda mövcud olan siyasi gərginliyin aradan qaldırılmasına, yeni iqtisadi layihələrin yaranmasına imkan verəcək.

Azərbaycan həm Türkiyə, həm də İsraillə strateji müttəfiqdirBu, həm regionun təhlükəsizliyinə, həm də inkişafının təminatına xidmət edəcək. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni iqtisadi-siyasi konfiqurasiyanın əsasını qoyur. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, üç dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsi Azərbaycan üçün də mühüm perspektivlər açır.

İsrailin Avrasiya ölkələrindəki səfirləri Bakıda toplaşdılar. Belə mühüm bir görüşün Azərbaycanın paytaxtında keçirilməsi nədən xəbər verir?

- Bu seçim, əlbəttə, təsadüfi deyildi və İsraillə Azərbaycan arasında dostluq, dərin münasibətlərin nəticəsidir. Düşünürəm ki, bu mühüm hadisə Azərbaycanın regionda artan nüfuzunu göstərir. Həmin tədbirdə iştirak edən İsrailin Xarici İşlər Nazirliyinin siyasi direktoru Əliza Bin-Nun öz müsahibəsində demişdi: “Azərbaycanla münasibətlərimiz, həqiqətəndə, çox xüsusidir. İnanıram və əminliyimi bildirirəm ki, Azərbaycanla xüsusi əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Bu baxımdan, Baş nazir Benyamin Netanyahu ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında uzun illər ərzində formalaşmış çox yaxşı, konstruktiv münasibətlər, şübhəsiz ki, faydalı olacaq”.

Xanım Əliza Bin-Nun, eyni zamanda, Bakıda keçirilən görüşlərdə cağırışlar və təhdidlər haqqında danışıqlar aparıldığını birdirmişdi. Amma o, hesab edir ki, İsrailin Azərbaycan və regionun digər ölkələri ilə perspektivli imkanları var. Məsələn, xanım Əliza Bin-Nuniki dövlət arasında su təsərrüfatı, kənd təsərrüfatı, kibertəhlükəsizlik və digər sahələrdə daha sıx əməkdaşlıq görmək istəyini bildirib. İsrail səfirlərinin konfransı başa çatdıqdan sonra İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Əliza Bin-Nunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan xalqı ilə həmrəylik rəmzi olaraq Şəhidlər xiyabanında olub və 20 Yanvar qurbanlarını yad edib.

Heç kəsə sirr deyil ki, Azərbaycan və İsrail strateji-hərbi müttəfiqdirlər. İlk öncə 2016-cı ilin Aprel döyüşləri zamanı İsrail istehsalı olan PUA-lar, İkinci Qarabağ müharibəsində isə “Harop” və digər İsrail istehsalı olan silahların genişmiqyaslı istifadəsi bu müttəfiqliyi bir daha nümayiş etdirdi.

Azərbaycan ilə İs­rail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Heç şübhə etmirəm ki, iki dövlət arasındakı bu münasibətlər daha da dərinləşərək güclənəcək, dinamik inkişaf edərək gələcəkdə hər iki dövlətə və xalqa böyük töhfələr verəcək.


9-03-2023, 16:44 185

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 12:39
Bu gün, 12:32
Bu gün, 11:50
Bu gün, 11:41
Bu gün, 11:34
Bu gün, 11:31
Bu gün, 10:24
Bu gün, 10:10
Bu gün, 10:00
Bu gün, 09:00
Dünən, 19:29
Dünən, 11:07
Dünən, 10:53
Dünən, 10:46
Dünən, 10:16
Dünən, 10:01
Dünən, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903