
Sumqayıt şəhərində “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə “Dədə-baba Yurdun Varisləri: 2 Fevral Sumqayıt Gənclərinin Görüşü” adlı tədbir təşkil olunub.
Sumqayit.tv xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzində baş tutub və Qərbi Azərbaycan İcması Sumqayit nümayəndəliyinin Gənclər Birliyi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbir başlamazdan əvvəl iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstünü ziyarət ediblər. Büst önünə gül dəstələri düzülüb, Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi və gənclər siyasətində Heydər Əliyevin xidmətləri yüksək ehtiramla yad edilib.
Açılış mərasimində əvvəlcə şəhidlərin və Ulu Öndərin xatirəsi ehtiramla anılıb, Dövlət Himni səsləndirilib.
Tədbirdə ilk çıxış edən Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov gənclər gününün əhəmiyyətindən, gənclərin milli yaddaşın qorunmasında və gələcək nəsillərə ötürülməsində oynadığı mühüm roldan danışıb. O, Qərbi Azərbaycan məsələsinin təkcə tarixi deyil, həm də mənəvi məsuliyyət daşıdığını vurğulayaraq, bu missiyanın daşıyıcısının məhz gənclər olduğunu bildirib. Qeyd olunub ki, bugünkü gənclik yalnız müasir Azərbaycanın deyil, həm də dədə-baba torpaqlarının canlı yaddaşıdır və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında aparıcı qüvvə kimi çıxış edir. Sumqayıtın “Gənclər Paytaxtı” statusu da bu baxımdan gənclərin ictimai fəallığının və vətənpərvərlik ruhunun göstəricisi kimi dəyərləndirilib.
Ardınca Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edib. O, Sumqayıtın hər zaman gənclərin fəallığı, enerjisi və təşəbbüskarlığı ilə seçildiyini bildirib. Vurğulanıb ki, şəhərin 2025-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” elan olunması dövlətin gənclərə göstərdiyi etimadın və diqqətin bariz nümunəsidir. Çıxışda qeyd edilib ki, şəhər rəhbərliyi gənclərin təhsil, karyera, ictimai fəaliyyət və şəxsi inkişaf imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Gənclərin dövlətçiliyin möhkəmləndirilməsində, milli ideyaların təbliğində və cəmiyyətin inkişafında fəal rol alması xüsusi vurğulanıb.
Tədbirdə daha sonra Abşeron-Xızı Regional Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Sevinc Qasımova çıxış edib. O, rəhbərlik etdiyi mərkəzin əsas fəaliyyət istiqamətlərindən danışaraq, gənclərin bilik və bacarıqlarının artırılması, peşəkar kadr kimi formalaşdırılması və vətənpərvər ruhda yetişdirilməsi üçün həyata keçirilən layihələri diqqətə çatdırıb. Bildirilib ki, Sumqayıt gəncləri aktivliyi, təşəbbüskarlığı və ictimai proseslərdə iştirakı ilə regionda nümunə göstərilir. Qərbi Azərbaycan mövzusuna gənclərin xüsusi həssaslıqla yanaşması və bu istiqamətdə fəallıq nümayiş etdirməsi yüksək qiymətləndirilib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin Gənclər şurasının sədri Fuad Məmmədov Sumqayıtda gənclər üçün yaradılan imkanlardan və “Dədə-baba Yurdun Varisləri” mövzusunun ideoloji məzmunundan danışıb. Bildirib ki, bu cür tədbirlər gənclərin milli şüurunun formalaşmasına, vətənpərvərlik ruhunun güclənməsinə və tarixi yaddaşın qorunmasına mühüm töhfə verir.
Sonra Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin idarə heyətinin üzvü Akif Şahbazov çıxış edib. O, gənclərin elmə, tarixə və milli-mənəvi dəyərlərə marağının güclü dövlət quruculuğunun əsas şərti olduğunu bildirib. Qeyd olunub ki, təcrübə ilə gəncliyin enerjisi birləşdikdə daha böyük nəticələr əldə olunur. Gənclərə tariximizi dərindən öyrənmək, mütaliəyə xüsusi önəm vermək və milli kimliyə sahib çıxmaq tövsiyə edilib.
Daha sonra, icmanın üzvü, Sumqayıt Dövlət Universitetinin gənc müəlliməsi Gülçin Qasımova çıxışında gənclərin vətənpərvər ruhda yetişdirilməsi, tarixi yaddaşın qorunması və milli şüurun gücləndirilməsində oynadığı rolu xüsusi vurğulayıb. O həmçinin gənclərin elm və təhsil sahəsində qazandığı uğurların və onların bu sahədəki fəal rolundan danışıb.
Sonda tədbir çərçivəsində ictimai fəallığı və təşəbbüskarlığı ilə seçilən bir qrup gənc fəxri fərmanlarla təltif olunub. Fərmanlar onlara gənclər siyasətinin həyata keçirilməsində və ictimai fəaliyyətlərdə göstərdikləri aktivliyə görə təqdim edilib.
Təltif olunan gənclər göstərilən diqqət və dəstəyə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.














