Brejnevin əfqan dostu – Babrək Karməlin gecikmiş etirafları- Tarixi faktlar

Ötən günlərdə 1970-ci illərin sonlarında Əfqanıstanda baş verən hadisələr haqqındakı  (https://musavat.com/news/lideri-terakini-bogduran-emin-emini-gulleleden-kreml-qanli-efqanistanin-yaxin-kecmisi_810647.html) yazımızda Məhəmməd Tərakinin  öz yetirməsi Hafizulla Əmin tərəfindən öldürülməsindən, bu hadisədən sonra isə SSRİ DTK-sının keçirdiyi əməliyyatla Əminin məhv edilmisəndən bəhs etmişdik. Qeyd etmişdik ki, Tərakinin ölümündən sonra Moskva öz hərbi kontingentini Əfqanıstana yerləşdirməsini vacib və zəruri sayıb.

Hadisələrin bu cür inkişafından sonra Əfqanıstana nəzarətini itirməmək üçün Kremlin əsas planlarından biri də bu ölkəyə Moskvanı “eşidəcək” bir şəxsin hakimiyyətə gətirilməsi olub. Siyasi Bürodakı müzakirələrdən sonra büro üzvləri Təraki hakimiyyəti dövründə Əfqanıstandan uzaqlaşdırılaraq Çexoslovakiyaya səfir göndərilən Babrək Karməlin üzərində dayanıb.
Qeyd edək ki, Babrək Karməl 1978-ci ildə aprel ayında Saur inqilabından sonra İnqilab şurasının sədr müavini, baş nazirin müavini vəzifəsinə seçilib. Ancaq o, bu vəzifədə cəmi iki ay işləyə bilib. Hakimiyyət daxilindəki çəkişmələrdə Babrək Karməl Təraki tərəfindən vəzifələrindən azad olunaraq iyulun 5-də Çexoslovakiyaya səfir göndərilib.

Əslində Babrək Karməlin səfir təyinatı onun sürgünə göndərilməsinə bərabər olub. Təraki ölkədə vəziyyəti gərginləşdirməmək üçün onu səfir təyin edib və çox keçməmiş, həmin ilin noyabr ayında Babrək Karməl dövlət çevrilişi cəhdində ittiham olunaraq həm səfir vəzifəsindən, həm də partiya sıralarından xaric edilib. Hətta Təraki hakimiyyəti onu Praqada həbs etdirərək Əfqanıstana gətirilməsinə də cəhd edib. Amma Kreml siyasi manevrlər edərək Karməlin həbsinə mane olmağı bacarıb.
Sovet hərbi kontingenti Əfqanıstana yeridilən gün, dekabrın 25-də Yuri Andropovun Babrək Karməllə telefon danışığı olub. Səhəri gün Andropov DTK xarici kəşfiyyat idarəsinin rəisi (sonralar DTK sədri) Vladimir Kryuçkovu Praqaya göndərib. Karməl DTK tərəfindən tam təlimatlandırıldıqdan sonra dekabrın 27-də sovet xüsusi təyinatlılarının müşayiəti ilə Kabula uçub. Elə həmin gün də onun Əfqanıstan Xalq Demokratiya Partiyası Mərkəzi Komitəsinin baş katibi, İnqilab şurasının sədri və Əfqanıstan Nazirlər Sovetinin sədri olması haqqında ictimaiyyətə məlumat verilib.

Bu vəzifələr toplumunda Babrək Karməl SSRİ-dən icazəsiz bir addım da belə ata bilməyib. Əfqanıstan faktiki olaraq Kremldən idarə olunub. Karməl ən adi məsələləri belə Sov.İKP MK-nın beynəlxalq şöbəsi, DTK müşavirləri və SSRİ-nin Əfqanıstandakı səfiri Fikrət Tabeyevlə razılaşdırıb.
Hakimiyyətdə olduğu illərdə Babrək Karməl SSRİ-yə həmişə yüksək sədaqət nümayiş etdirib. Bəli, Kremlə sərf edən əfqan lideri SSRİ-də sevilib, amma Əfqanıstanda o, heç də böyük nüfuza sahib olmayıb.
Əfqanıstan Demokratik Respublikasının Silahlı Qüvvələrində baş müşavir vəzifəsində xidmət etmiş ordu generalı Aleksandr Mayorov Babrək Karməli belə xarakterizə edib:
“Mən heç vaxt həyatda axmaqları, avaraları, əyyaşları sevməmişəm, bu xüsusiyyətlərə sahib olan adamlara hörmətim olmayıb. Babrək Karməldə bu “keyfiyyət”lərin hamısı var idi – partiyanın və hökumətin rəhbəri olan Babrək Karməlda...”

Digər bir ordu generalı Valentin Varennikov isə əfqan lideri haqqında aşağıdakıları yazıb:
“Dəfələrlə Babrək Karməllə görüşlərim olub. Görüşlər zamanı o, deyilənlərin hamısını yazırdı, qeyd edirdi, amma sonda heç nə etmirdi. O, nə öz silahdaşlarının, nə xalqın etibarını, hörmətini qazana bilməmişdi. Həmişə söz verirdi, buraxılan səhvlərin düzələcəyini vəd edirdi və hər dəfə də ona inanırdılar. Amma son nəticə olmurdu. Babrək Karməl xalqla işləməyi bacarmırdı, partiya funksiyalarını yerinə yetirə bilmirdi. Ölkədə bürokratiya hökm sürürdü. Problemlər günü-gündən artırdı. Babrək Karməl isə yeni iqamətgahlar axtarışında idi...”
Sözsüz ki, Babrək Karməl istədiyi kimi yaşamaqda, fəaliyyət göstərməkdə, heç bir çevrilişin baş tutmayacağında SSRİ-yə, Əfqanıstanda olan sovet qoşunlarına arxayın olub və yəqin ki, Brejnev hakimiyyətinin əbədiliyinə inanıb.

Məlum olduğu kimi, SSRİ-nin Əfqanıstana qoşun yeritməsi beynəlxalq müstəvidə ən yanlış və səhv bir addım kimi qiymətləndirilib və buna görə SSRİ təzyiqlərlə üzləşib. Qorbaçov hakimiyyətə gələndə qoşunların Əfqanıstandan çıxarılması məsələsi müzakirə mövzusuna çevriləndə Babrək Karməlin qara günləri başlayıb. O, qoşunların Əfqanıstandan çıxarılmasının qəti əleyhinə olub. Təbii ki, belə olan halda Babrək Karməlin Əfqanıstanda hakimiyyətdə qalması Qorbaçov üçün məqsədəuyğun sayılmayıb. Beləliklə, SSRİ-nin əli ilə Əfqanıstanda növbəti hakimiyyət dəyişikliyi baş verib. 4 may 1986-cı ildə Babrək Karməl bütün vəzifələrindən azad olunub. Əfqanıstanda yaşamasının mümkün olmadığını anlayan Babrək Karməl  SSRİ-yə mühacirət edib. Üç ildən sonra isə sovet qoşunları Əfqanıstandan çıxarılıb.

Babrək Karməl üçün SSRİ-də bütün şərait yaradılıb. SSRİ süquta uğradıqdan sonra o, jurnalistlərə bir çox məsələləri də açıqlayıb. Hətta onu da etiraf edib ki, o, Kreml üçün bir alət olub:
“Mən heç vaxt suveren bir dövlətin başçısı olmamışam. Əfqanıstan işğal olunmuş bir dövlət idi və onu SSRİ idarə edirdi. Mənim müstəqil bir qərar qəbul etməyə heç vaxt ixtiyarım olmayıb. SSRİ-nin Əfqanıstandakı səfiri mənim üstümə qışqırıb, mənə ultimatumlar verib...”
Ömrünün son illərində Babrək Karməlin səhhətində ciddi problemlər yaranıb. Onda qaraciyər xərçəngi aşkar olunub. Sabiq əfqan lideri 1996-cı ildə, 67 yaşında Moskvada 1 sayı xəstəxanada vəfat edib. Babrək Karməlin nəşi Əfqanıstana aparılıb və Hayroton şəhər qəbiristanlığında dəfn edilib.
İlham Cəmiloğlu, Musavat.com

1-07-2021, 16:32 285

Digər xəbərlər

Dünən, 15:46
Dünən, 15:39
Dünən, 15:32
Dünən, 11:42
Dünən, 11:38
Dünən, 11:35
Dünən, 11:23
Dünən, 09:32
3-10-2024, 16:19
3-10-2024, 15:44
3-10-2024, 15:38
3-10-2024, 13:06
3-10-2024, 12:31
3-10-2024, 11:36
3-10-2024, 11:30
3-10-2024, 11:27
3-10-2024, 11:20
2-10-2024, 23:42
2-10-2024, 17:28
2-10-2024, 16:55
2-10-2024, 13:06
2-10-2024, 13:03
2-10-2024, 13:01
2-10-2024, 12:57
2-10-2024, 12:51
1-10-2024, 22:46
1-10-2024, 18:40
1-10-2024, 18:32
1-10-2024, 15:47
1-10-2024, 15:46
1-10-2024, 15:43
1-10-2024, 15:29
1-10-2024, 15:26
1-10-2024, 11:27
30-09-2024, 22:29
30-09-2024, 15:58
30-09-2024, 12:52
28-09-2024, 13:18
28-09-2024, 12:05
27-09-2024, 22:02
1 2 3 4 5 6 7 8 9 10 ... 890