İranda minlərlə siyasi məhbusun kütləvi şəkildə edam edilməsində əli olan keçmiş prokuror köməkçisi İsveçdə tələyə salınaraq tutulub və hazırda insanlıq əleyhinə cinayətlərə görə bu ölkədə məhkəmə önündə dayanıb. Sumqayit.tv xarici KİV-lərə istinadən xəbər verir ki, Həmid Nuri adlı 60 yaşlı həmin İran vətəndaşı 2019-cu ilin noyabrında İsveç polisi tərəfindən Arland aeroportunda həbs olunub. Onu tələyə salmaq üçün İsveçdə qızlarla əyləncə və alkaqol vəd ediblər.
1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbus edam olunub. Baş nazir Mir Hüseyn Musəvinin hakimiyyəti dövründə baş vermiş bu kütləvi edamlar zamanı nə qədər məhbusun öldürüldüyü hələ də dəqiq məlum deyil. Edam edilənlərin əksəriyyəti “Xalq mücahidləri” adlı müxalif hərəkatın üzvləri olublar, amma əsasən sol təmayüllü digər bir sıra təşkilatların fəalları da edam edilib. Müxalifləri xüsusi məhkəmələr mühakimə edib və onların taleyini cəmi bir neçə dəqiqəlik dindirmə ilə həll ediblər. Bu edamlar dini lider ayətullah Xomeyninin xain və dindən dönənlərin kütləvi cəzalandırılması barədə fərmanından sonra həyata keçirilib.
İray Mesdaqi adlı bu kütləvi edamlar zamanı təsadüfən sağ qalanlardan biridir. O, İsveçə qaçıb və onillər ərzində 1988-ci ildə baş verənləri sənədləşdirməyə, siyasi məhbusları edam edən hakim və cəlladların dosyesini toplamağa çalışıb. 2019-cu ilin payızında Mesdaqi onu həbsxanaya salanlardan birinin Avropaya səyahət etməyə hazırlaşdığı haqda informasiya alıb. Həmin adamın qohumlarından birinin və digər iranlı mühacirlərin iştirakı ilə Mesadqi Həmid Nurini yoldan çıxarıb İsveçə gətirmək üçün əlindən gələni edib.
“Biz Həmid Nuri üçün tələ qurmuşduq. Onun üçün İsveçə əyləncəli səyahət təşkil etmişdik. O düşünürdü ki, bura alkaqol içmək üçün və isveçli qızlarla əylənmək üçün gələcək. Biz ona qızlarla videonu göndərəndən cəmi iki saat sonra Nuri bura gəlməyə can atırdı. Onun üçün otel bron elədik və aviabilet aldıq. O, çox xoşbəxt idi, maşınında şən mahnılara qulaq asırdı və hətta bizə özünün xoşbəxt fotosunu da göndərdi. Onun İsveçdə əylənmək üçün öz ssenarisi vardı, amma bizim öz ssenarimiz də hazır idi”,-qardaşı 1988-ci il edamlarında öldürülmüş, Həmid Nurini İsveçə aparmaq əməliyyatında iştirak edən Nima Sarvestani deyir.
Prokurorların və şahidlərin bildirdiyinə görə, Həmid Nuri kütləvi edamlar zamanı Tehran yaxınlığındakı Gohardəşt şəhərinin prokuror köməkçisi olub. Və siyasi məhbuslara ölüm hökmü çıxaran və onları icra edən qrupda yer alıb. Həmid Nurinin məhkəməsi bu gün başlayır və bir neçə ay davam edəcəyi gözlənilir. O, insanlıq əleyhinə cinayətlərdə və beynəlxalq hüququn pozulmasında ittiham olunur.
virtualaz.org