Bu gün Azərbaycanın Kəlbəcər rayonunun erməni işğalından azad olunmasının ildönümüdür.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə gedib, ermənilərə 10 gün vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.
Lakin verilmiş 10 gün möhlət müddətində də ermənilər xislətlərinə uyğun davranaraq, Kəlbəcərdə dağıntılar törədib, 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb. Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırıblar. Bunun nəticəsində 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb, partlayışda "Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizi hörmətlə anır, Allahdan rəhmət diləyirəm.
Müşfiq MəmmədliMilli Məclisin deputatı