Seçkilər hər bir dövlətin və xalqın demokratik dəyərlərə sadiqliyinin əsas göstəricilərindən biridir. Keçirilməsinin 4-cü ili tamam olan son prezident seçkiləri də Azərbaycanın demokratik inkişafının təcəssümü idi.
Bu seçki bütün cəhətləri ilə respublikamızın müasir tarixinə azad və ədalətli seçkilər kimi həkk olundu. Müdrik xalqımız növbəti dəfə doğru seçimini edərək bu seçkidə ölkəmizə uğurlar və inkişaf bəxş etmiş möhtərəm İlham Əliyevi dəstəklədi.
Prezident İlham Əliyev 2018-ci il fevralın 5-də imzaladığı müvafiq sərəncamla növbədənkənar prezident seçkilərinin keçirilməsini elan etdi. Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən VI qurultayında isə seçkilərdə iştirak etmək üçün cənab
İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi yalnız YAP-ın yüz minlərlə üzvünün və təəssübkeşlərinin deyil, Azərbaycan xalqının mütləq əksəriyyətinin arzusunun təcəssümüydü. Bunu seçki kampaniyası dövründə cəmiyyətin reaksiyası da təsdiq edirdi və görünən o idi ki, seçicilər İlham Əliyevin növbəti müddətə prezident seçilməsini arzu edirlər. Bu da təsadüfi deyildi. Çünki qısa müddətdə Azərbaycanın keçdiyi dinamik inkişaf yolu, əldə etdiyi tarixi nailiyyətlər məhz İlham Əliyevin ölkəmizə uğurlu rəhbərliyinin nəticəsi idi. Əlbəttə, seçicilər də bunu görür və dəyərləndirirdilər. Məhz İlham Əliyevin təşəbbüsləri ilə həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin kosmik kluba daxil olması, enerji layihələrinin işə düşməsi Azərbaycanın tarixində buna qədər görünməmiş inkişafı reallığa çevirmiş, respublikamızı Cənubi Qafqazın lider dövləti, dünyada söz sahibi olan dövlət etmişdi.
Bütün bunları əsas tutaraq 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində xalqımız növbəti dəfə ən layiqli namizəd olan
İlham Əliyevin ətrafında səfərbər oldu. Səsvermənin yekunu növbəti dəfə təsdiq etdi ki, Azərbaycan cəmiyyəti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi kursa heç bir alternativ görmür. Bu seçki göstərdi ki, xalq mövcud siyasi kursu Azərbaycanın yüksəlişinin və aydın gələcəyinin yeganə yolu kimi qəbul edir.
Cənab İlham Əliyevin növbəti müddətə prezidentlik fəaliyyətinin 4 ili tamam olur. 4 il böyük zaman kəsiyi deyil. Lakin dönüb geriyə baxanda bu 4 ildə Azərbaycanın müasir tarixinə nə qədər möhtəşəm uğurların yazıldığını görə bilərik. Öncə onu qeyd edim ki, ötən 4 il bütün qlobal miqyasda iqtisadi böhrandan və daha sonra koronavirus pandemiyasından irəli gələn gərgin dövr kimi xarakterizə olunur. Lakin indiyədək bütün çətinliklərdən müvəffəqiyyətlə çıxan respublikamız dünyada yaşanan maliyyə-iqtisadi böhrandan, neftin qiymətlərinin azalmasının yaratdığı gərginlikdən də inamla keçdi və ölkədə hər hansı dərin iqtisadi fəsad baş vermədi. Bunun da əsas səbəblərindən biri Prezident İlham Əliyevin vaxtında və zamanın nəbzini tutmaqla həyata keçirdiyi iqtisadi islahatlar oldu.
İlham Əliyevin sayəsində bu dövrdə pandemiyaya qarşı mübarizədə də Azərbaycan bütün dünya üçün örnək olan nümunələr yaratdı. Dövlət başçısının ilk vaxtdan problemi nəzarətdə saxlaması, koronavirusla mübarizə məqsədilə bütün imkanları səmərəli şəkildə səfərbər etməsi COVID-19-un digər ölkələrdə odduğu kimi, faciəvi nəticələrə səbəb olmasının qarşısını aldı. Azərbaycanın Cənubi Qafqazda koronavirusa qarşı peyvəndlənməni ilk həyata keçirən dövlət olması da Prezident İlham Əliyevin bu məsələdə qətiyyətli siyasətinin nəticəsidir.
Bu məsələdə hələ illər öncə səhiyyə sistemində atılan mütərəqqi addımlar, yeni səhiyyə ocaqlarının inşası, xəstəxanaların maddi-texniki təchizatının gücləndirilməsi də böyük rol oynadı. Təsadüfi deyil ki, bir müddət əvvələ qədər ölkə üzrə koronavirusla mübarizə üçün xüsusi olaraq ayrılmış xəstəxanalardan 40-ı Prezident İlham Əliyevin 2003-cü ildə respublikamıza rəhbərliyə başlamasından sonra inşa edilib.
İlham Əliyevin növbəti müddətə Azərbaycana prezidentliyinin ötən 4 ilinin ən böyük hadisəsi isə torpaqlarımızın işğaldan azad olunmasıdır. 30 ilə yaxın işğal altında qalan ərazilərimiz məhz İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyəti ilə düşmən tapdağından xilas oldu. Lakin bu hadisə yalnız ötən 4 ilin deyil, həm də müstəqillik, o cümlədən son 200 illik tariximizin ən möhtəşəm hadisəsidir. Bu baxımdan İlham Əliyev Azərbaycan tarixinə hərbi zəfər bəxş etmiş, bizləri isə qalib xalqa çevirmiş böyük şəxsiyyətdir.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri gedir. Azərbaycan İran ərazisindən keçməklə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirən yeni layihəni reallaşdırır. Ölkəmiz qlobal enerji məsələlərində öz aparıcı mövqeyini daha da möhkəmləndirir. Pandemiyanın gərginliyini geridə qoyan respublikamız yeni iqtisadi və sosial nailiyyətlər əldə edir. Bu mənada cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin qarşıdan gələn dövrü daha möhtəşəm uğurlarla əlamətdar olacaqdır.
Müşfiq MƏMMƏDLİ,Milli Məclisin deputatı