Aprelin 5-də Sumqayıt Dövlət Universiteti və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “Daha yaxşı kommunikasiya üçün mediasiyanın effektivliyindən necə istifadə edə bilərik?” mövzusunda tədbir keçirilib.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti ilə yanaşı, Mediasiya Şurasının üzvləri- Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və həmin təşkilatın mediatoru Elçin Hüseynov iştirak ediblər.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov tədbirin aktuallığını qeyd edərək ali təhsil müəssisəsi tələbələrinin mübahisəli məsələlərin alternativ həll yolu ilə bağlı biliklərinin artırılmasının əhəmiyyətini, bu istiqamətdə əməkdaşlığın vacibliyini vurğulayıb. Azərbaycanda mediasiya sahəsində qanunvericilik bazasının yaradıldığnı, lakin buna baxmayaraq, onun cəmiyyətimizdə populyarlaşması istiqamətində islahatların davam etdiyini qeyd edən Elmar Xəlilov bunun tələbələr arasında təbliğinin əhəmiyyətini vurğulayıb.
Məsələ ilə bağlı məruzə edən SDU-nun baş hüquqşünası, dosent Əminə Həsənova ilk olaraq sosial leksikonumuza yeni daxil olan mediasiya barədə ətraflı məlumat verib. Mediasiyanın mübahisələrin məhkəmədənkənar həlli yolu olduğunu bildirən Əminə Həsənova mediasiya zamanı tərəflərin mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirmək və barışıq imkanları qazanmaq fürsəti kimi dəyərləndərib. Mediasiya proseslərində tərəflərin mübahisəni həll etmələri ehtimalının 85%-dən yüksək olduğu qeyd edilən məruzəçi bu istiqamətdə ölkəmizdə hüquqi bazanın yaradıldığını qeyd edib.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanı, 2019-cu ilin martında “Mediasiya haqqında qanun” qəbul edildiyini xatırladan baş hüquqşünas Nazirlər Kabinetinin bu xüsusda “Mediasiya prosesinin aparılması qaydaları” qərar qəbul etdiyini bildirib. Ölkəmizdə mediasiya prosesinin rəsmi tətbiqinə 2021-ci ilin iyulundan başlanıldığını qeyd edən natiq görüşdə əsas məqsədin gənclərin mediasiya və onun önəmi ilə bağlı məlumatlılığının artırılması olduğunu diqqətə çatdırıb.
Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov
və həmin təşkilatın mediatoru Elçin Hüseynov “Daha yaxşı kommunikasiya üçün mediasiyanın effektivliyindən necə istifadə edə bilərik?” mövzusu üzrə çıxış ediblər. “Cəmiyyət, mediasiya dövrünün adaptasiya mərhələsini yaşayır”- deyən Etibar Həsənov mediasiyanın populyarlaşması üçün maarifləndirmə işinin vacibliyini vurğulayaraq, bu işdə xüsusilə gənclərin oynaya biləcəyi rol barədə danışıb. Beynəlxalq təşkilatların dəstəyi ilə qabaqcıl dünya təcrübəsinə uyğun tənzimləməni özündə ehtiva edən Azərbaycan mediasiyasının normativ-hüquqi bazasının yarandığını qeyd edən natiq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun iki il əvvəl qüvvəyə mindiyini, digər qanunvericilik aktlarında müvafiq dəyişikliklərin olunduğunu nəzərə çatdırıb.
1 saylı Mediasiya Təşkilatının mediatoru Elçin Hüseynov çıxışında istənilən mübahisə predmeti olan məsələnin məhkəməyəqədərki həllində mediasiya təcrübəsinin sivil cəmiyyətlərdə aktuallığını vurğulayaraq, bunun ölkəmizdə də adi normaya çevrilməyini insanlarımızın maariflənməsi ilə əlaqələndirib. O, mediasiyanın mülki, kommersiya, ailə, əmək, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə aparıldığı qeyd edərək, iştirakçılara bu vasitənin cəmiyyətimizdə populyarlaşması üçün oynaya biləcəyi rolu qeyd edib.
Sonda mediasiyanın əlçatanlığı, rüsumlar, nikah müqaviləsinin bağlanması, vərəsəlik hüququ, alimentlərin verilməsi və digər mövzularla bağlı tələblərin sualları cavablandırılıb, onların mediasiya sahəsində təklifləri dinlənilib.