Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində baş tutan "Sumqayıt” - "Qəbələ” matçı gərginliyi və marağı ilə yadda qaldı. Sumqayıtlılar qarşılaşmaya yaxşı başlayıb hesabda 2:0 önə keçsələr də, bu qollar onlara 3 xal qazandırmağa yetmədi. Belə ki, bölgə təmsilçisi 90 dəqiqənin sonuna qədər oyunu öz xeyrinə dəyişə bildi və rəqibini 3:2 hesabı ilə məğlub etməyi bacardı. Qələbədən sonra "Qəbələ” avrokuboklara vəsiqə verən 4-cü pillə uğrunda "Zirə” ilə mübarizədə daha bir addım irəli getdisə, sumqayıtlılar Premyer Liqada qalmaq şanslarını nisbətən azaltdı…"Sumqayıt”ın hücumçusu, "Qəbələ” ilə matçda qol vurmağı da bacaran Vüsal İsgəndərli Qaynarinfo
-ya açıqlamasında bu məğlubiyyətin səbəblərindən danışdı:
"Oyuna komanda şəklində çox yaxşı hazırlaşmışdıq. Bu da özünü göstərdi. Həm birinci, həm də ikinci hissənin başlanğıcında yaxşı oynadıq. Amma fərdi səhvlərə çox yol verdik. İstər ön, istər arxa xətdə seçimlərimiz düz olmadı. Ona görə də məğlubiyyətə uğradıq. İstəyimiz, oyunda üstünlüyümüz var idi”.
Hücumçu ruhdan düşmədiklərini, sadəcə, komandanın üzərində təzyiq yarandığını bildirdi:"Ruhdan düşməmişdik. Sadəcə, hazırkı situasiyamız elədir ki, məğlubiyyət və ya heç-heçə olanda komanda üzərində təzyiq yaranır. Bu özümüzün yaratdığı təzyiqdir. İtirdiyimiz xallar, çempionatdakı durumumuz buna gətirib çıxarır. Komanda sonuncu yerdə olanda əlbəttə, təzyiq də artır. Amma bunun həvəsli oynayıb-oynamamağımızla bağlı əlaqəsi yoxdur. Əksinə, belə situasiyalarda daha həvəsli və istəkli olmalısan. Yəni, deməzdim ki, həvəssizik. Sadəcə, üzərimizdə təzyiq yaranıb”.
İsgəndərli mövsümün əvvəlində daha yaxşı olan "Sumqayıt”ın sona yaxın eniş yaşamasının səbəblərini belə izah etdi:"Bəzi məğlub olduğumuz oyunlarda həqiqətən çox yaxşı oynamışdıq. Məsələn, dünənki oyunu siz də gördünüz. 93-cü dəqiqədə mən səhv edirəm, Kamranı görmürəm. Bu qol vəziyyəti boşa gedir. Digər epizodda Rüfətin zərbəsindən sonra top qapı dirəyindən dönür. Bundan sonra əks-hücumda qapımızda qol görürük. Belə bəxtsizliklərimiz çox oldu. Amma bunları düşünməyə vaxt yoxdur. Əsas odur ki, dərs çıxarıb, əlimizdən gələnin ən yaxşısını edib mövsümü qələbələrlə bitirmək lazımdır. Hazırda hədəf ancaq çempionatda qalmaqdır. Başqa nəsə məqsəd qoymaq düzgün çıxmaz. İnşallah gələcək mövsümdə fərqli hədəflər uğrunda mübarizə apararıq”.
Futbolçu hazırkı heyətdə olan legionerlərin uğurlu transfer sayılıb-sayılmaması ilə bağlı suala belə cavab verdi:"Bütün günahları legionerlərin üzərinə atmaq düzgün olmaz. Sonuncu yerlərdə gediriksə, bu, hamımızın səhvidir. Komanda şəklində səhvlər etmişik”.
Vüsal komandanın indiki və bundan öncəki baş məşqçilərini müqayisə etmək istəmədi:"Bu suala cavab verməsəm, daha yaxşı olar. Əlbəttə, hər məşqçinin öz məşq və oyun sistemi var. Aleksey Baqa və Samir Abasov fərqli taktikadan istifadə edir. Sadəcə görünən odur ki, bizdə alınmadı”.
Futbolçu oyundan sonra baş məşqçinin mətbuat konfransında əvəzetmələrlə bağlı dediklərinə də münasibət bildirdi:"Dünən hamı məğlubiyyəti öz üzərinə götürdü. İstər baş məşqçi, istər kapitan, istərsə də digər futbolçular olsun. Əvəzetmələrə gəlincə, məsələn, Rüfət qol vurmaq istəyərdi, yaxşı fürsəti də vardı. Sadəcə, top dirəkdən qayıtdı. 90-cı dəqiqədə qol vurub komandaya qələbə qazandırsaydı, bəlkə də, ən yaxşı əvəzetmə olacaqdı. 2:0 hesabda öndə olduğumuz oyunda uduzduq, amma fikir etməyə vaxt yoxdur. Tezliklə özümüzə gələrək növbəti turda "Kəpəz” üzərində qələbə qazanıb rahatlaşmaq istəyirik”.
Türkiyədə legioner həyatı yaşamış futbolçunun "Sumqayıt”la bu yay müqavilə müddəti başa çatır. Bəs İsgəndərlinin mövsüm bitəndən sonra planları nədir? Klubdan ayrılıb, yenidən xaricə getməyi düşünürmü?"Ola bilər, amma indi bu haqda danışmaq, baş məşqçiyə, klub rəhbərliyinə hörmətsizlik olar. Hazırda əsas məqsədimiz komandanı Premyer Liqada saxlamaqdır. Mövsüm bitsin, bu haqda sizə ətraflı danışaram”.