Roma Papasından daha artıq katolik: Bu kəlməni Ermənistanı tez-tez dəstəkləyən rus siyasətçi Konstantin Zatulin haqqında işlətsək, yanılmarıq. Zatulin yenə erməni havasına oynamağa başlayıb. Açıq-aşkar deyir ki, Qarabağ “erməni torpağıdır”.O, təxribatçı çıxışlar ilə Azərbaycanla Rusiya arasında münasibətləri daha da pisləşdirməyə çalışır.
Lakin onun bu niyyəti baş tutmayacaq. Bakı ilə Moskvanı güclü dostluq, iqtisadi əlaqələr birləşdirir və 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Əməkdaşlıq haqqında Moskva Bəyannaməsi Azərbaycanla Rusiya arasında münasibətləri daha da möhkəmləndirib. Vladimir Putinin Bakıya son səfəri zamanı da bir çox yeni, mühüm sənədlər imzalandı.
Ermənistanda persona non-qrata elan edilən bir şəxsin ermənilərdən çox erməniçilik etməsi qəribədir. Görünür, Zatulin pulu o qədər çox sevir ki, ağalarının önündə yalvarmağa, özünü alçaltmağa hazırdır, təki pul olsun.Ermənipərəst siyasətçi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasının qəti əleyhinədir. Çünki bu onun maraqlarına ziddir.
O, mütəmadi olaraq erməni dezinformasiya meydanında çıxış edir, öz yöndəmsiz çıxışları və absurd bəyanatları ilə təkcə Azərbaycanı deyil, qardaş Türkiyəmizi də ləkələməyə çalışır. Yeri gəlmişkən, o, Moskva ilə Ankara arasında münasibətləri korlaya bilmədi.
Rusiya Dövlət Dumasının deputatı 2020-2023-cü illərdə baş verən hadisələrdən sonra Qarabağ ermənilərinin Zatulinin iddia etdiyi kimi “əcdadlarının yaşayıb-yaratdığı, yerli ermənilərin övladlarının doğulduğu” torpaqları tərk etməsindən kədərlənir.
Politoloq Tofiq Abbasov deyir ki, Zatulin səriştəli, vicdanlı siyasətçi olsaydı, fitnə-fəsad törədənləri vaxtında ehtiyatsız hərəkətlərdən çəkindirər, onlara Azərbaycan reallığına inteqrasiyanın düzgün yolunu göstərərdi:
“90-cı illərdə qazanc qoxusunu hiss edən Zatulin Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və onlar kimilərinin maraqlarına xidmət edərək qazancını düşündü. Siyasi və mənəvi keyfiyyətlərinə görə o, separatçı rejimin rəhbərləri ilə eyni səviyyədədir. Təsadüfi deyildi ki, o, heç bir peşmanlıq hissi keçirmədən onlarla qardaşlaşıb.
Ancaq vicdan parıltısı olan yerdə peşmançılıq yaranır. Bu fəzilət Zatulinin olduğu yerdən belə keçməyib.Zatulin erməni xalqına məktubunda deyir: “...Rus xalqı, əgər onlar doğrudan da rusdurlarsa, bizim dindaşlarımıza, ermənilərə münasibətdə bu rəğbət hissini və kömək etmək istəyini yaşamaya bilməzlər. Onlar evlərini, əziz yerlərini, kilsələrini, monastırlarını tərk ediblər və bildiyimiz kimi, çox qısa müddətdə qaçqın olmaq məcburiyyətində qalıblar. Bu küllər həmişə ürəyimi yandıracaq”.
Sual olunur ki, Zatulin hansı haqla rus xalqının adından danışır? Ona bu cür danışmağa və millətlərarası eskalasiyanı qızışdırmağa kim icazə verib? Təbii ki, heç kim.Zatulinin ad günü münasibəti ilə ürəkdən təbrik etdiyi Bako Saakoviç Saakyan Azərbaycan xalqının qanında əli dirsəyə qədər olan bədnam cinayətkardır. Əgər deputat bu qəbildən olan quldurlarla dostdursa, şübhəsiz ki, o, silsilə cinayətlərdə şərikdir və təkcə Azərbaycanın deyil, Rusiyanın da istintaq orqanları tərəfindən axtarışa verilməlidir.
Bakı təcridxanasında Zatulinin digər əlaltılarının - Arkadi Qukasyan, Ruben Vardanyan və başqalarının saxlandığı yer onu gözləyir.Adları çəkilən separatçılar bu gün əsirlikdə deyil, çoxsaylı cinayət işlərində ifadə vermək üçün həbsdədirlər. Araşdırma Zatulinin bu gün müdafiə etdiyi şəxslərin cinayətlərində iştirakını da üzə çıxara bilər. Allaha tərəf dönərək dua etməlidir ki, özü də istintaqa məruz qalmasın.
O, təbii ki, merkantil lobbiçidir, amma çirkin və məkrlidir, çünki həyasızlığın sərhədlərini genişləndirir, məğlub olanlara və itirilmişlərə yalançı ümidlər aşılayır. Üstəlik, onların mahnısının oxunduğunu bilərək.
Erməni radikallarının xəstə fantaziyasını oyatmaqla Zatulin Azərbaycanla strateji müttəfiqlik olan ölkəsinin maraqlarına qurşaqdan aşağı zərbə vurduğunu dərk etmir. Azərbaycan Milli Məclisi Azərbaycan-Rusiya münasibətlərinə hər zaman xüsusi diqqətlə yanaşır.
Burada Rusiya Federasiyası haqqında sərt bəyanatlar verməkdən çəkinirlər, baxmayaraq ki, bunun üçün çox vaxt səbəb var...”
Politoloqun sözlərinə görə, bu yaxınlarda Prezident Vladimir Putinin Bakıya dövlət səfəri uğurla keçdi və burada əlaqələr yeni inkişaf göstəriciləri əldə etdi. Bütün bunların fonunda Zatulinin ermənipərəst fəaliyyəti açıq təxribatdan başqa bir şey deyil.“Dövlət Dumasının deputatı şübhəli fəaliyyəti ilə Rusiya prezidentinin siyasətinə qarşı çıxır, Yeltsin dönəminin uğursuz siyasətinin ilkin əsaslarını canlandırmağa, eyni zamanda Qafqazda müharibənin yeni mərhələsini qızışdırmağa çalışır. Rusiya ermənilərinin himayəsində qalan Zatulin Rusiya Erməniləri İttifaqının rəhbərlərindən aldığı qazanc hesabına işləyir”. //Musavat.com