
O, bütün gecəni imtahanlara hazırlaşdığından yatağına səhərə yaxın uzanmışdı. Bazar günü olduğundan günortaya qədər yatacağına qərar vermişdi. Amma gördüyü yuxu onu bərk sarsıtmışdı və ona görə də yuxusunu tam ala bilməmişdi. Yatağından qalxmayaraq, yerindəcə gördüyü yuxu barədə düşünürdü. Balaca qızcığazın başına gələn o bədbəxt hadisə ona çox pis təsir etmişdi. Özünü yorğun hiss edirdi. Bədənini yumşaltmaq üçün bir neçə dəfə gərnəşsə də, əsnəyərək dərindən nəfəs alsa da, bu, heç nəyi dəyişmədi. Ağ mələfəni burnunun üstünə qədər çəkdi, gözlərini tavana zilləyərək fikrə daldı. Balaca qızcığazın sonrakı taleyi onu çox narahat edirdi...
Telefon zəngi onu fikirlərindən ayırdı. Ayağa qalxmazdan qabaq divar saatına tərəf boylandı. Əqrəblər 12-ni göstərirdi. Niyazın gəlməsinə hələ düz iki saat qalırdı. "Bəs, onda zəng eləyən kim ola bilər?" deyə düşündü. Ağlına heç kim gəlmədiyindən çiyinlərini çəkdi, yerindən qalxdı və tələsmədən telefonun dəstəyini qaldırdı.
- Salam, Zəminə. Mənəm ey, Gülər xala. Necəsən, qızım?
- Hə, tanıdım, salam, Gülər xanım. Çox sağ olun, yaxşılıqdır, təşəkkür edirəm. Buyurun, eşidirəm sizi.
Gülər xanım 50-55 yaşlarında olsa da, zahirən çox yaşlı görünürdü. Çoxdan rəng görməyən saçları ağappaq idi. Həyat onun belini vaxtından qabaq əymişdi. Belə ki, düz iki il əvvəl qızı ilə kürəkəni rayondan qohumlarının toyundan qayıdan zaman əyləşdikləri taksinin sürücüsü qəfildən idarəetməni itirmiş və maşın körpüdən aşağı yuvarlanmışdı. Nəticədə sürücü və sərnişinlərin hər ikisi yerlərindəcə keçinmişdilər. Elə həmin gündən də qızının 4 və 6 yaşlı körpələrinə o himayədarlıq edirdi. Uşaq baxçasında tərbiyəçi kimi çalışan Gülər xanıma nəvələri ilə öz evində yaşamaq rahat olduğundan o, qızının mənzili boş qalmasın deyə, tələbə qızlara kirayəyə vermişdi.
- A qızım, utanıram da deməyə, imkanın varsa, bu ayın pulunu gecikdirmə. Ayın sonu nəvələrimi kəndə aparacam, istəyirəm onlara bir az əyin-baş alım. Üst-başları heç yaxşı deyil. İmkanın yoxdursa...
- Narahat olma, Gülər xanım, evdən pul göndəriblər, - deyib, ani olaraq fikrə getdi, divar saatına tərəf boylanaraq, - saat üçə qədər çatdıracam.
Zəminə artıq iki ilə yaxın idi ki özündən bir kurs yuxarı oxuyan rəfiqəsi ilə bu mənzildə kirayədə qalırdı. Son günlər rəfiqəsi rayon məktəblərinin birində təcrübədə olduğundan Zəminə mənzildə hələlik tək qalırdı. Bunu bilən Niyaz dəfələrlə ona qonaq gəlmək istəsə də, Zəminə qəti şəkildə razılıq verməmişdi. Amma bu gün o, saat 2-də Niyazı bu mənzildə qarşılamağa hazırlaşırdı. Dünən Mərkəzi kitabxanadan çıxarkən Zəminəni evinə ötürən Niyaz ona vacib sözü olduğunu bildirmiş və bu sözü ona ancaq sabah deyə biləcəyini söyləmişdi. Binanın qarşısında Zəminədən sabahkı görüş üçün razılıq alan Niyaz, onu restorana nahara dəvət etdiyini, sabah saat 2-də dalınca gələcəyini deyib, sevinə-sevinə ondan ayrılmışdı...
Onlar düz üç il əvvəl Mərkəzi kitabxananın pilləkənlərində rastlaşmışdılar. Sonralar belə "gözlənilmədən" rastlaşmalar tez-tez olurdu. Təsadüfdənmi və ya bilərəkdənmi, nədənsə çox vaxt Niyaz Zəminənin oxu zalında oturduğu masa ilə yanaşı əyləşirdi. Beləcə yavaş-yavaş onların ilk tanışlıqları başladı və bir neçə aydan sonra özləri də hiss etmədən bu tanışlıq dostluğa çevrildi. Zəminə “Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil” fakültəsində təhsil aldığından qrupdakı tələbə yoldaşlarının hamısı qızlar idi və bu qızlar qiyabi də olsa artıq Niyazı tanıyırdılar. Memarlıq və İnşaat Universitetində təhsil alan Niyazı tez-tez Pedaqoji Universitetin qarşısında görmək olardı. Onların bir-birilərini sevməsini artıq Zəminənin tələbə yoldaşları da bilirdilər. Hətta bir dəfə sonuncu zəng vurulanda pəncərədən boylanan rəfiqələrindən biri:
- Yazıq Məcnun yenə də Leylisini gözləyir, - demiş, digər bir qız isə onun sözünə əlavə etmişdi, - yox, o, ağlını itirən Məcnuna heç oxşamır, görmürsüz yaraşıqlı, ağıllı və müasir oğlandır?! Heç Zəminə də səhranın istisində qaralmış Leyliyə qəti bənzəmir. O, öz gözəlliyi ilə Cülyettaya, Niyaz isə öz görünüşü ilə Romeoya daha çox oxşayır.
Bu sözlərdən Zəminənin qanı qaralmış, bir neçə gün sonra tələbə yoldaşlarına onları nakam sevgililərə bənzətmələrinə qəti etirazını bildirmişdi.
...Zəminə ilk olaraq yatağ otağını səliqəyə saldı və sonra onsuz da təmiz olan qonaq otağına əl gəzdirdi. İşlərini qurtarıb yaxalanmaq üçün vanna otağına keçdi. Saçlarını islatmasın deyə başına xüsusi hamam papağını keçirib suyun altında dayandı. Su onun bədənini islatdıqca ruhunun dincəldiyini, yorğunluğunun tədricən necə aradan qalxdığını hiss edirdi. Buna baxmayaraq, hamamda ən çoxu 15 dəqiqə qalmağa hövsələsi yetdi. O, bir çox gənc qızlardan fərqli olaraq, nə yuyunan zaman, nə də ki hamamdan çıxıb qurulanan zaman heç vaxt güzgü qarşısında öz bədəninə baxmağı da xoşlamazdı. Hətta onunla bir otaqda qalan rəfiqəsi də heç vaxt onu çılpaq halda görməmişdi. Zəminə bunu utancaqlığı ilə bağlı olduğunu izah edirdi. Amma saatlarla saçları ilə oynamaqdan, gün ərzində onların düzümünü bir neçə dəfə dəyişməkdən yorulmaz, əksinə - bundan zövq alardı. Bu dəfə saçları ilə məşqul olmağa da nə həvəsi vardı, nə də ki - vaxtı. Bir azdan Niyaz gəlməli idi. Mavi rəngli, üstündə zərif qırmızı gülləri olan, aşırmalı ipək xalatını geyinib, hamamdan çıxdı və mətbəxə keçdi. Çayniki doldurub, qaz plitəsinin üstünə qoydu. Acından ürəyi üzülürdü. Soyuducudan pendir, yağ, kolbasa çıxardıb masaya düzdü. Çörəyi doğramaq üçün bıçağı götürmək istəyirdi ki, qapının zəngi çalındı. Tələsmədən qapıya tərəf getdi. Dəhlizdən asılmış güzgüdə bir daha barmaqları ilə saçlarına, qaşlarına toxunub, xalatının onsuz da uzun olan ətəyini aşağı dartdı. Qapını kimin döydüyünü soruşmadan kilidi açdı. Gələn Niyaz idi.
- Salam. Sən hələ hazır deyilsən, biz axı səninlə danışmışdıq.
- Salam, Niyaz. Danışmışdıq, amma bir məsələ var.
Niyaz təəccüblə ona baxdı:
- Nə məsələ? Nə olub ki? Bəlkə deyəsən?
Zəminə gülümsəyərək əli ilə onun içəri keçməsinə işarə verdi:
- Bəlkə, içəri keçəsən, yoxsa elə burda danışaq?
Niyaz Zəminənin gülümsədiyini görcək, bir az toxtadı və ilk dəfə olaraq çoxdan arzusunda olduğu mənzilə daxil oldu. Ayaqqabılarını soyunub, Zəminənin arxasınca birbaşa mətbəxə keçdi. Masanın üstünə düzülmüş pendir-kolbasanı görüb, narazılıqla dedi:
- Sən evdə nahar eləmək istəyirsən? Demişdim axı, bu gün naharımız restoranda, romantik süfrə arxasında olacaq.
Bunu deyərkən Zəminənin üzündəki yorğunluğu görən Niyaz narahatlıqla soruşdu:
- Zəminə, bu gün sən nədənsə çox qayğılı görünürsən, xəstə deyilsən ki? Özünü necə hiss edirsən?
- Hə, elədir, özümü narahat, pis hiss edirəm. Amma xəstə deyiləm, düşünürəm ki, keçər.
- Nə olub axı?
Zəminə şkafın rəfində olan kasanın içindən pul götürüb, əlində saxladı:
- Qayğılı görünürəm ona görə ki, bu pulu saat 3-ə qədər küçəmizin o başındakı uşaq baxçasında işləyən ev sahibəsi Gülər xanıma çatdırmalıyam.
- Bu məsələ aydındır və düzələndir. Bu heç! Bəs özünü niyə pis hiss edirsən?
Zəminə çay süzmək üçün ayağa qalxmaq istəyirdi ki, Niyaz onun qolundan tutub qalxmasına mane oldu:
- Yox, heç bir çay olmayacaq, ilk olaraq əhvalının pis olmağının səbəbini söylə. Bəlkə, buna səbəbkar mənəm?
- Yox, sən deyilsən. Bu gecə çox pis yatmışam. Buna da səbəb gördüyüm bir yuxu olub və bu, mənə çox pis təsir edib. Hələ də özümə gələ bilmirəm.
- Danışsana, ürəyimi üzmə. Yuxunu danış, sonra aparım Gülər xanımın pulunu verim və mən qayıdana qədər sən də hazırlaş, olurmu?
Zəminə diqqətlə Niyazın üzünə baxıb, razılıq əlaməti olaraq sakitcə başını tərpətdi və əllərini sinəsində çarpazlayıb yuxusunu danışmağa başladı:
- Yuxuda görürəm ki, mənim 4 yaşım var və biz uzaq dağ kəndində yaşayırıq. Atam işdə olduğundan evdə anamla mənəm. Anam tut ağacımızın altında paltar yumağa hazırlaşır, mən isə ağacdan asılan yelləncəkdə yellənirəm. Paltarı yumaq üçün qaynar suyu ləyənə tökən anam mənə qəti olaraq ləyənə yaxınlaşmamağı tapşırır və çirkli paltarları gətirmək üçün eyvana qalxır. Bu vaxt qonşu kənddə yaşayan uzaq qohumumuz elə mən yaşda olan qızı ilə darvazadan həyətə daxil olur. Anam gələn qohumları görüb, əlində olan yuyulası paltarları ləyənin yanına ataraq, görüşmək üçün onlara yaxınlaşır. İki qadın bir-birini qucaqlayan anda, onların ayaqlarına dolaşan həmin o qızcığaz arxası üstə qaynar su ilə dolu olan ləyənin içərisinə yıxılır. Mən bunu görsəm də, qışqıraraq onları xəbərdar edə bilmirəm, qorxudan səsim çıxmır və qız da bir an çırpınaraq, gözlərini yumur. Tez yelləncəkdən düşüb, şoka düşən qızı ordan çıxartmaq üçün yaxınlaşanda, qadınlar bu mənzərəni görürlər. Qızın anası tez məni kənara itələyib, qızını qaynar ləyənin içərisindən çıxarır və fəryad edərək, uşaq qucağında kənd xəstəxanasına tərəf qaçır. Kənd xəstəxanasında olan vəziyyət də ki hamıya məlum olduğundan, kənd camaatının köməkliyi ilə uşağı rayon xəstəxanasına çatdırırlar. Nə isə, qızın yanmasında hamı məni günahkar bilir. Hətta doğma anam da hadisənin mənim yelləncəkdə yellənərkən ayağımın qızın sinəsinə dəyərək onun ləyənə yıxılması nəticəsində baş verdiyini düşünür. Deyilənə görə, qız çox ağır dərəcədə yanmış olsa da, xoşbəxtlikdən uzun müalicədən sonra sağ qalır. Lakin qızın bədəninin görünməyən hissələrindəki yanıq izlərinin heç vaxt getməyəcəyi məlum olur. Bir axşam anam bütün bunları atama söyləyəndə, atamın ona verdiyi cavab məni çox sarsıtdı və yuxudan ayıldım.
- Hə, sonra? Bəs, atan nə cavab verdi?
- Atam dedi ki, bəs o qızın sonrakı taleyi necə olacaq? Bədəni o vəziyyətdə olan qızla kim ailə quracaq? Özü nə qədər ağıllı, savadlı, zahirən nə qədər gözəl olsa da, elə bədən heç bir oğlan üçün xoş olmaz. Bax belə, Niyaz... Əhvalımın korlanmasına səbəb o qızcığazla bağlı gördüyüm yuxudur.
Zəminə susub, üzünü yana çevirdi, gözlərinin dolmasını Niyazdan gizlətməyə çalışsa da bu, mümkün olmadı. Niyaz əli ilə onun saçlarını qarışdırdı:
- Ay dəli, sən niyə ağlayırsan? Bu, sadəcə yuxudur... Hə, yazıq qızcığaz. Əslində atan da haqlıdır, məncə, aralarında nə qədər ülvi sevgi olsa da, məsələni biləndən sonra heç bir oğlan gələcəkdə elə bir qızla ailə qurmağa razı olmaz. O qız sadəcə öz həyatını tək yaşamalıdır və heç bir kişini sonradan seçim qarşısında qoymamalıdır. Mən belə düşünürəm. Bəs sən?
Zəminə yaşarmış gözlərini silərək, gülümsəməyə çalışdı:
- Mən bu yuxunu sanki hər gün görürəm deyə artıq heç nə düşünmürəm! Yorulmuşam! Yaxşı, sən get, pulu Gülər xanıma çatdır, mən də hazırlaşım. Pəncərələrim yaman gündədir, güya bu gün onları silməyi planlaşdırırdım. Eybi yox, sonra vaxtım olanda silərəm. Gəl, sənə bir söz deyim, bəlkə bugünkü görüşümüzü evdə keçirək? Heç hara getməyə həvəsim yoxdur. Xudmani süfrəmiz də hazırdır. Məncə belə daha gözəl olar. Necə bilirsən?
Niyaz heç düşünmədən dilləndi:
- Evdə? Lap yaxşı, olsun evdə. Amma icazə ver, gələndə bir şüşə şampan şərabı alım. Belə bir günü qeyd etməmək günah olar. Bu gün bizim yaddaşımızda əbədi həkk olunmalıdır.
Bunu söyləyən Niyaz cavab gözləmədən tələsik evdən çıxdı. Baxçaya dəyib, Cülər xanımla görüşdü və oradan birbaşa qastronoma döndü. Yaxınlıqda gül köşkünün olması onun əhvalını bir az da qaldırdı, gül buketi bağlatdırmaq üçün uzağa getməyə ehtiyac olmayacaqdı.
Həyətə yaxınlaşanda blokun qabağında adamların kiminsə başına yığıldığını gördü və istəməsə də belə yönünü o tərəfdən saldı, axı, yaxınlıqdakı bloka girməli idi. Maraq üçün o da adamların başı üzərindən ortalığa boylandı. Nə qədər çalışsa da, şüşə silmək üçün istifadə olunan göy maye qabdan və sarı əski parçasından başqa heç nə görmədi. Azca aralıda isə meyid gözə dəyirdi. Bir qədər əvvəl kimsə aşırmalı xalatın yaxasının açılmasına görə yanıq izləri ilə örtülən sinə və baldırının görünməməsi üçün onun üstünə ağ mələfə çəkmişdi .
Siqnal verərək həyətə yaxınlaşan təcili tibbi yardım maşınını görən Niyaz, üzünü xoş olmayan bu ağır mənzərədən çevirib, yoluna davam etdi. Döş cibinə qoyduğu qırmızı qaşlı üzüyün yerində olduğunu barmağının ucu ilə yoxlayıb, tələsmədən bloka daxil oldu.
Arif Ərşad
Bu gün, 09:16
14