Ekvador məhkəməsi “Wikileaks” saytının qurucusu, avstraliyalı jurnalist Culian Assanjı respublika vətəndaşlığından məhrum edib. Sumqayit.tv bildirir ki, Moderator.az-in məlumatına görə, bu barədə “ABC News” ölkənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
2018-ci ilin yanvar ayında Ekvador vətəndaşlığı alan Assanj iyulun 26-da - bazar ertəsi məhkəmə qərarı ilə bu hüquqdan məhrum edilib. Nazirlikdən verilən açıqlamada “məhkəmə əvvəlki hökumətin verdiyi qərarı nəzərdən keçirərkən müstəqil və lazımi hüquqi prosedurlara uyğun hərəkət etdi" - deyə bildirilib.
Lakin Assanjın vəkili müdafiə etdiyi şəxsin məhkəmə prosesində hüquqlarının pozulduğunu bildirərək apellyasiya şikayətinə baxılan məhkəmə iclaslarında iştirak etmək imkanından məhrum olunduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi 2019-cu ilin mayında Assanja qarşı 17 ittiham irəli sürmüş, daha sonra başqa bir iddia əlavə etmişdi. ABŞ-a təhvil verilərsə, “Wikileaks”-ın qurucusu 175 ilə qədər həbs cəzası ala bilər. Keçmiş Amerika prezidenti Donald Tramp 2016-cı ildə “Demokratik Partiyanın sındırılmış serverlərindən məktubların mətnlərini aldığı mənbəni açıqlasa, Assanjı bağışlamağa hazıram” demişdi.
2012-ci ildə təcavüz ittihamı ilə İsveçə ekstradisiya olunmaqdan qorxan
(iş 2019-cu ildə dayandırılmışdı) Assanj Londondakı Ekvador səfirliyindən sığınacaq istəmiş və orada təxminən yeddi il fasiləsiz olaraq qalmışdı.
Xatırladaq ki, Assanj “Wikileaks” saytı vasitəsilə ABŞ diplomatlarının sirrlərini, Amerikanın yüksək vəzifəli şəxslərinin korrupsiya əməllərini və məxfi dinləmələrini, casusluq qalmaqallarını, həmçinin, ABŞ-ın hərbi cinayətlərilə bağlı çox sayda olduqca məxfi sənədləri aşkarlayaraq dünya ictimaiyyətinə yaymaqla məşhurlaşıb. Bir çoxları onun həbsini Avropada söz və mətbuat azadlığının sonu kimi qiymətləndiriblər.