Nizami Gəncəvi Beynəlxalq Forumunun açılış mərasimi keçirilib



Noyabrın 24-də “Fairmont Baku-Flame Towers” hotelində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunun açılış mərasimi keçirildi. Forum Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində reallaşır.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə tədbiri açaraq forum haqqında məlumat verdi. Qeyd etdi ki, “Nizami Gəncəvi İli” münasibətilə Mədəniyyət Nazirliyi ilin əvvəlindən müxtəlif layihələr həyata keçirib. Nizami Gəncəvi Beynəlxalq Forumu da əlamətdar ilin növbəti tədbiridir. Forum noyabrın 15-dən davam edən Beynəlxalq Nizami Gəncəvi Festivalının yekun tədbiri olmaqla yanaşı, “Nizami Gəncəvi İli”nin ən miqyaslı layihələrindən biridir.
Açılış mərasimində çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirdi ki, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ümumbəşəri dəyərlərə xidmət edir. Şairin yaradıcılığında tez-tez rast gəlinən xeyir və şər, ədalətli cəmiyyət kimi anlayışlar bəşəriyyətin bütün dövrlərinə aiddir: “Nizami Gəncəvi dahi şair olmaqla bərabər, həm də filosof idi. Buna görə də onun ədəbi irsi mədəniyyətlər və xalqlar arasında hər zaman körpü rolunu oynayıb. Biz bunu şairin əsərlərində açıq şəkildə görə bilirik. O, müxtəlif xalqların ənənələrini tərənnüm edərək onların arasında dostluq yaratmağa nail olub. Nizami 800 ildir oxunur. Onun poeziyasının bədii dəyəri və fəlsəfi yükü öz mənasını itirmir. Nizami Azərbaycan xalqının iftixarıdır. Azərbaycanda bu gün Nizami adı daşıyan minlərlə vətəndaş yaşayır. Bu bir daha sübut edir ki, o əsl Azərbaycan şairidir. Forumun bütün iştirakçılarına təşəkkür edir və uğurlar arzulayıram”.
 

Bütün bəşəriyyətə məxsus universal bir dəyər

Forumda çıxış edən mədəniyyət naziri Anar Kərimov Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçılarını salamlamaqdan məmnunluğunu bildirdi. Diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib: “Nizami ili” çərçivəsində ölkəmizdə və xaricdə çoxsaylı silsilə tədbirlər keçirilmişdir və düşünürəm ki, yekunda məhz belə bir forumun keçirilməsi xüsusilə əlamətdardır. Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası dialoq, tolerantlıq, sülh, əməkdaşlıq və dayanıqlı inkişaf kimi mütərəqqi ideyalarının fəal təbliğatçısı kimi çıxış edir. Təsadüfi deyil ki, xalqımızın mədəniyyətinin, onun multikultural dəyərlərinin və baxışlarının formalaşdırılmasında Nizami Gəncəvinin müstəsna rolu olmuşdur”.
Nizamini Şərqin böyük şairi və mütəfəkkiri adlandıran nazir qeyd etdi ki, o, bütün dünya ədəbiyyatında dərin iz buraxmış dahi şəxsiyyətlərdəndir. XII əsr Azərbaycan Atabəylər dövlətinin əsas mərkəzlərindən olan Gəncənin mədəni mühitində dünyaya gələn Nizami ömrünün sonunadək bu qədim şəhərdə yaşayıb və dünya mədəniyyəti xəzinəsinə bənzərsiz ədəbi incilər bəxş edib: “Nizami ümumbəşəri sevgini tərənnüm edən lirik-fəlsəfi lirikası və ən əsası isə “Xəmsə” kimi şah əsərlər toplusunu yaratmaqla Şərq intibahının banisi oldu. Şairin sonrakı nəsillərə qoyduğu poetik mirası insanları yaxşılığa, mərhəmətə, dostluğa, xalqları sülhə, ədalətə, birliyə çağırmışdır”.
Qeyd olundu ki, Nizaminin yaratdığı poeziya ənənələri zaman və məkan sərhədlərini aşaraq əsrlər boyu müxtəlif xalqların dahi şairləri tərəfindən uğurla davam etdirilib. Mövlanə Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Əlişiri Nəvai, Məhəmməd Füzuli, Əbdürrəhman Cami və başqa neçə-neçə Şərqin dahi şairləri Nizami yolunun layiqli davamçıları olublar. Ümumbəşəri əhəmiyyət kəsb edən Nizami mövzularının əks-sədasını Qərb ədəbiyyatının Dante, Bokaçço, Volter, Şekspir, Höte və başqa nümayəndələrinin yaradıcılığında da sezmək mümkündür. XIX əsrdən etibarən rus şairləri də Nizamiyə nəzirələr yazmışlar. Başqa sözlə, Nizami şəxsiyyəti və irsi Azərbaycan mədəni mühitində yaransa da, bütün bəşəriyyətə məxsus universal bir dəyərdir.
Anar Kərimov vurğuladı ki, Nizami təkcə poeziya və fəlsəfə tarixində deyil, həm də ötən səkkiz əsrdən artıq bir müddətdə mədəniyyətin bir çox sahələrində şah əsərlərin yaranması üçün ilham mənbəyi olub. Onun əsərlərindəki motivlərə həsr olunmuş Orta əsr miniatürləri və tətbiqi-dekorativ sənət nümunələri bu gün dünyanın aparıcı muzeylərinin ən dəyərli eksponatları sırasında nümayiş etdirilir: “Əsrlər ötüb keçsə də, Nizami irsi öz aktuallığını daim qoruyub saxlayır, dahi şairin insan cəmiyyətində xoşbəxtlik və tərəqqinin bərqərar olunması üçün XII əsrdə təqdim etdiyi sosial həllər müasir dövrdə də gələcəyi işıqlandırmağa davam edir. Onun insan cəmiyyətinə ensiklopedik yanaşması bugünkü dünyada da parlaq gələcək üçün çalışan müxtəlif din, dil, peşə sahibləri üçün ilham mənbəyi olmağa layiqdir”.
Nazir çıxışının sonunda Nizami Gəncəvi ilə əlaqədar Mədəniyyət Nazirliyinin yeni bir təşəbbüsünü forum iştirakçıları ilə bölüşdü: “Bəllidir ki, BMT-nin “2030 Gündəliyi” çərçivəsində qəbul olunmuş 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) bütün qlobal problemlərin həllini nəzərdə tutur. Mədəniyyət Nazirliyi olaraq biz bu istiqamətdə yeni yanaşmanı təklif edirik. Bu yanaşma DİM-lərə nail olunmasında cəmiyyətlərin rolunun gücləndirilməsini hədəfləyir. Bu yanaşmaya uyğun olaraq dayanıqlı inkişaf naminə 17 məqsəddən hər biri Nizami Gəncəvi prizmasından nəzərdən keçirilmişdir. Beləliklə, DİM-lərin əksəriyyətinin tarixən insanlıq problemi olduğu müəyyən edilmişdir. Təklif edilən bu yanaşma ölkələrin DİM-ləri həmçinin öz mədəniyyətləri çərçivəsində qəbul etmələrini dəstəkləyərək problemlərin həllində mədəni irsin vacibliyini qeyd edir. Bununla əlaqədar olaraq, əslində, burada DİM və mədəniyyət kəsişməsinin önəmini xüsusilə göstərmək istəyirik. Biz istəyirik ki, BMT ölkələri DİM-lərin təmin edilməsi üçün özünün mədəniyyət siyasətini, məcazi mənada hamı öz “Nizami Gəncəvi”sini tapsın.
Nizaminin dahiliyini və onun zəngin poetik-fəlsəfi irsində əksini tapan universal ideyaların ümumbəşəri əhəmiyyətini bir daha vurğulamaq üçün forum iştirakçıları adından qəbul edilməsi təklif edilən Birgə Kommunike tədbir iştirakçılarına təqdim edilmişdir”.
 

İnsanlıq üçün mənəvi miras

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy çıxışı zamanı bildirdi  ki, “Nizami Gəncəvi kimdir?” sualının cavabı çox genişdir. O, yaradıcılığı ilə bir çoxlarına ədəbiyyatın qapısını açmaqla yanaşı, astronomiya, fəlsəfə, coğrafiya, tibb və riyaziyyatı, eyni zamanda bir neçə dili mükəmməl bilən alimdir. Nizami Gəncəvi ürəyində və beynində mürəkkəb düşüncələri yoxlayıb, əldə etdiyi nəticəni, istər duyğu, istərsə də fikirləri mükəmməl şəkildə sözə çevirib insanlıq üçün miras qoyub: "Türk dünyası böyük atasının əmanətlərinə qürurla sahib çıxmağa və nəsildən-nəslə ötürməyə davam edəcək. Biz Türk dünyasının mədəniyyət körpüsünü var edən əcdadlarımıza idarəçisindən sənətkarına, aliminə qədər sahib çıxmağın məsuliyyətini daşıyırıq. Biz bir olub minillik tariximizə birlikdə sahib çıxacağıq”.
Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Türk dünyasının iki böyük ədəbi şəxsiyyəti – Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılıqlarını müqayisə etdi. Bildirdi ki, bu il Özbəkistan Prezidentinin sərəncamı ilə özbək xalqının dahi şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvainin 580 illiyi yüksək səviyyədə qeyd olunur. Nazir vurğuladı ki, Nəvai Nizamini özünə ustad bilib, əsərlərində onun dahiliyini qeyd edib: “Türk dünyasının dahi ədəbiyyat və mədəniyyət simalarının irsinin tanıdılması və təbliğinə yönələn bütün təşəbbüslər, layihələr təqdirəlayiqdir”.
Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək forumun əhəmiyyətini yüksək qiymətləndirdi. Dedi ki, bu gün Nizami Gəncəviyə Moskvada və Sankt-Peterburqda heykəl qoyulub: “Hətta Rusiyada belə rus əsilli bir şairin iki heykəlinə çox az təsadüf olunur. Nizami Gəncəvi bu şəhərlərdə adının əbədiləşdirilməsinə layiqdir. O təkcə Azərbaycanın deyil, Şərqin dahi oğludur. İki mütəfəkkiri qeyd edə bilərəm ki, onlar heç vaxt yaşadığı ərazini tərk etməmişdilər. Bunlar Nizami Gəncəvi və Kant idi. Onlar başa düşürdülər ki, insanın vicdanı, başı üzərində duran Allah böyük dəyərlərdir. Nizami Gəncəvi İslam dünyasında və daha geniş məkanda maarif işığı yandırıb. Həmin işıq bu gün də bizim üzərimizdədir”.

* * *

Çıxışlardan sonra Nizami Gəncəvi Beynəlxalq Forumunun səkkiz bənddən ibarət Birgə Kommünikesi qəbul edildi. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev sənəd haqqında məlumat verdi.
Forumun açılış mərasimində həmçinin bu il Fransada nəşr olunan “Nizami Gəncəvi: qəzəllər və kəlamlar” adlı kitabın da təqdimatı keçirildi. Kitab mərhum azərbaycanlı professor, filologiya elmləri doktoru Əli Musayev tərəfindən 1990-cı illərdə fransız dilinə tərcümə olunmuş Nizami Gəncəvinin 50 qəzəli və 50 kəlamından ibarətdir.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Forumunun zəngin proqramı var. Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir. Forum çərçivəsində “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri, təqdimatlar, ikitərəfli görüş və digər tədbirlər keçiriləcək.


24-11-2021, 16:21 154

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903