
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan arasında mühüm sənəd imzalanıb.
Sumqayıt.tv xəbər verir ki, avqustun 23-də Daşkənddə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalanıb.
Müqavilə iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır.
Sənədə əsasən, tərəflər beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını rəhbər tutaraq münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik əsasında quracaqlar.
Müqavilədə tərəflərin bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət etməsi xüsusi vurğulanır.
Azərbaycan və Özbəkistan bir-birinin milli maraqlarına toxunan əsas məsələlər üzrə mövqeləri dəstəkləməyi, digər tərəfə qarşı yönəlmiş hər hansı hərəkətlərdə iştirak etməməyi öhdələrinə götürüblər.
Həmçinin tərəflər öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər dövlətin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadəsinə yol verməyəcəklər.
Müqavilədə iqtisadi və investisiya əməkdaşlığına da geniş yer ayrılıb.
Tərəflər bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ticarət-iqtisadi və investisiya əlaqələrini inkişaf etdirməyi, sənaye kooperasiyasını dərinləşdirməyi nəzərdə tuturlar.
Energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, “yaşıl” və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar əsas əməkdaşlıq istiqamətləri sırasında yer alır.
Bu sahələrdə birgə layihələrin həyata keçirilməsinə dəstək göstərilməsi nəzərdə tutulur.
Azərbaycan və Özbəkistan arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi də müqavilənin əsas istiqamətlərindəndir.
Sənədə əsasən, tərəflər yüklərin və sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etmək, həmçinin nəqliyyat dəhlizlərinin tranzit potensialını artırmaq üçün zəruri hüquqi, iqtisadi və təşkilati şərait yaratmağa çalışacaqlar.
Müqavilədə iki ölkə xalqları arasında mənəvi, təhsil və mədəni yaxınlığın qorunması və daha da gücləndirilməsi də nəzərdə tutulur.
Elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman sahələrində mübadilə və əməkdaşlığın inkişaf etdirilməsi planlaşdırılır.
Tərəflər Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinə, elmi və təhsil müəssisələri arasında birbaşa əlaqələrin genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və tədris-metodik materialların hazırlanması sahəsində təcrübə mübadiləsinə şərait yaradacaqlar.
Azərbaycan və Özbəkistan şəhərləri və regionları arasında tərəfdaşlıq əlaqələrinin qurulması və regionlararası əməkdaşlığın inkişafı da dəstəklənəcək.
Bundan başqa, hər iki ölkənin turizm potensialının tanıdılması və turizm məhsullarının beynəlxalq səviyyədə təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Bu məqsədlə beynəlxalq turizm sərgilərində iştirak, turizm sənayesi nümayəndələri və media üçün tanışlıq turlarının təşkili, eləcə də iki ölkənin turoperatorları arasında əlaqələrin möhkəmləndirilməsi planlaşdırılır.
Tərəflər siyasi məsləhətləşmələrin keçirilməsinə böyük əhəmiyyət verdiklərini bildiriblər.
Qlobal və regional məsələlər üzrə mövqelərin mübadiləsi və əlaqələndirilməsi üçün ali və yüksək səviyyəli səfərlər də daxil olmaqla, müxtəlif səviyyələrdə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Həmçinin Azərbaycan və Özbəkistan BMT-nin regional və qlobal təhlükəsizlik məsələlərinin həllində mərkəzi rolunun möhkəmləndirilməsinə sadiqliklərini təsdiqləyiblər.
Sənədə əsasən, müqavilə tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları tamamlaması barədə sonuncu yazılı bildirişin diplomatik kanallarla alınmasından sonra qüvvəyə minəcək.
Müqavilə qeyri-müəyyən müddətə bağlanıb.
Sənəd 23 avqust 2026-cı ildə Daşkənddə Azərbaycan, özbək və rus dillərində olmaqla iki əsl nüsxədə imzalanıb. Müqavilənin bütün mətnləri bərabər autentik hesab olunur.
Sənədin təfsiri ilə bağlı fikir ayrılığı yaranacağı təqdirdə isə rus dilində olan mətndən istifadə ediləcəyi qeyd olunub.
Bu gün, 20:32
10