Zahir Həsənov Polad Həşimovla bağlı yaranan gündəmə açıqlama verib - Maraqlı detallar
Sabiq hərbi hissə komandiri, hər iki müharibənin iştirakçısı, 05.01.1994-cü il Horadiz əməliyyatının əsas təşkilatçılarından biri, Azərbaycan Bayrağı ordenli Zahir Həsənov son günlər Polad Həşimov ətrafında baş verən hadisələrlə bağlı Sumqayit.tv-yə açıqlama verib. Mətni olduğu kimi diqqətinizə çatdırırıq:
Hörmətli yazarlar və oxucular!
Son günlər sosial şəbəkələrdə yaranan böyük qalmaqal Hörmətli Şəhidimiz, Milli Qəhrəman, general-mayor Polad Həşimovun anasının müsahibəsi ilə bağlıdır. Şəhidimizin anası öz çıxışında Müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi Kərim Vəliyevi oğlunun ölümündə suçlayır.
Hörmətli oxucular və yazarlar ! Gəlin şəhidimizə hörmətlə yanaşaq və onun şərəfli ölümünə ləkə gətirməyək. Bu şərəfli ölüm ona Allah tərəfindən verilmiş və şəhidlik zirvəsinə ucaldılmışdı. Şəhid anasını da başa düşək - övladını itirib. Ana da, oğul da xalqımızın fəxr mənbəyidir. Bütün bunlara baxmayaraq, heç kimə haqq verilmir ki, digər Azərbaycan övladının ünvanına böhtan ataraq, onu ləkələməyə çalışaq. Kərim Vəliyev də azərbaycanlıdı, o da Azərbaycan xalqının əsgəridi, o da bu gün xalqımızın Generalıdı. O, Azərbaycan ordusunda xidmət edəndə, yüksək vəzifə, böyük rütbə daşıyanda, hörmətli şəhidimiz təhsil ocağında təhsil alırdı. Hətta Kərim Vəliyev general-mayor olanda hələ hörmətli şəhidimiz təhsil almaqda davam edirdi. Bunları sadalamaqda məqsədim odur ki, bunların arasında heç bir ədavətə səbəb olacaq xidməti hadisə baş verə bilməz. Hətta hörmətli şəhidimizin yüksək rütbə təqdimatını belə, Kərim Vəliyev imzalamış və Ali Baş Komandana göndərilmişdir. Belə olduğu halda, onların arasında hansı ədavətdən danışmaq olar ?! Qaldı ki, Kərim Vəliyevin təhsil almasına. Bu şəxs SSRİ dönəmində hərbi təhsil alıb. Hal-hazırda MN-nin zabitlərinin 90 faizi sovetlər dönəmində təhsil alıb. Bu, o demək deyil ki, bu zabitlərin hamısı xəyanətkardı. Yox, əlbəttə onların əksəriyəti vətənpərvər və qeyrətli xalqımızın övladlarıdı. O cümlədən, Kərim Vəliyev. Əziz qardaş və bacılarım! Sizə bir şey xatırlatmaq istəyirəm. Atılan güllə və mərmi kor olur, qarşısına nə keçirsə, ona dəyir. Dediyim bu amillər nə məni, nə də Kərim Vəliyevi tanımır. Kor olduğu üçün atılan hədəfə dəyir. Bunu deməkdə məqsədim başqadı. 44 günlük Vətən müharibəsində mən şəxsən bir neçə yüksək rütbəli, yüksək vəzifəli zabitlərin ön cəbhədə düşmənlə üzbəüz döyüşdüyünü gördüm və şahidi oldum. Bunların içərisində Müdafiə nazirinin müavini Kərim Vəliyevin adını şəxsən vurğulamaq istəyirəm. Atılan güllələrdən və mərmi qəlpələrindən biri də ona dəyə bilərdi. Əlbəttə dəyə bilərdi. O Vətən müharibəsində bir sıravi əsgər kimi döyüşlərə qatılmışdı. Bundan başqa, müharibədən sonra iki generalın, bir polkovnikin və bir baş gizirin Ağdam istiqamətində minaya düşdü. Onlardan biri Kərim Vəliyev deyildi ?! O da bu hadisələrdə Şəhid ola bilərdi. Allah saxladığın saxladı, saxlamadığın isə Şəhidlik zirvəsinə yüksəltdi. Güllə, mərmi, mina nə Rusiyada oxuyanı, nə də Türkiyədə oxuyanı tanıyır. Nə məni, nə səni, nə də Kərim Vəliyevi tanıyır. Onu atan düşməndi, hədəfə atır. Onların günahı ondan ibarətdi ki, kordu və kimə dəyəcəyini görmür. Bütün bunlara əsaslanaraq, qətiyyətlə deyə bilərəm ki, Kərim Vəliyevlə hörmətli Şəhidimiz Polad Həşimov arasında heç vaxt, heç bir münaqişə olmayıb. Bugünkü bu münaqişəni yaradanlar, hörmətli Şəhidimizin anasından istifadə edən, düşmənlərimizin kəşfiyyat mənbəyinə xidmət edir. Xalqımızın, ordumuzun, dövlətimizin vəhdəti nəticəsində düşmən üzərində çaldığımız qələbə ilə barışa bilməyənlərdi.