
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq qarşılıqlı etimad, praqmatizm və strateji maraqlar əsasında dinamik şəkildə inkişaf edir. Bu baxımdan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri münasibətlərin davamlı və yüksələn xətt üzrə inkişafının bariz göstəricisidir. Səfərin həm regional, həm də qlobal geosiyasi proseslərin intensivləşdiyi bir dövrə təsadüf etməsi onun əhəmiyyətini daha da artırır.
Sumqayit.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözləri görə, Avropa Parlamenti daxilində təmsil olunan ayrı-ayrı siyasi qruplar Azərbaycan–Avropa İttifaqı münasibətlərinə kölgə salmağa, bu əlaqələrin inkişafına maneə yaratmağa cəhd göstərirlər:
“Ancaq bu cəhdlər tərəflər arasında formalaşmış strateji əməkdaşlıq ruhuna təsir göstərə bilmir, həmin qruplar məqsədlərinə çata bilmirlər. Əksinə, Avropa Komissiyası ilə Azərbaycan arasında mövcud olan sıx və sistemli əməkdaşlıq münasibətlərin əsas dayağı kimi çıxış edir və tərəflər arasında etimad mühitini daha da möhkəmləndirir. Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısından sonra Kaya Kallasın Azərbaycana səfər etməsi bu əməkdaşlığın yüksək səviyyədə davam etdiyini bir daha təsdiqləyir. Onu da qeyd edim ki, Kallas bundan əvvəl də Azərbaycanda səfərdə olub, müxtəlif beynəlxalq platformalar çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə görüşlər keçirib. Bu görüşlər tərəflər arasında siyasi dialoqun intensiv xarakter daşıdığını göstərir”.
Deputat bildirib ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri əsasən siyasi dialoq üzərində qurulsa da, əməkdaşlıq çoxşaxəli xarakter daşıyır:
“Xüsusilə möhtərəm Prezidentimiz İlham Əliyev ilə Avropa İttifaqı rəhbərliyi arasında imzalanmış sənədlər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini açıq şəkildə nümayiş etdirir. Hazırda tərəflər arasında üç əsas dialoq mexanizmi – nəqliyyat, enerji təhlükəsizliyi və təhlükəsizlik dialoqları uğurla fəaliyyət göstərir və əməkdaşlığın institusional əsaslarını formalaşdırır. Enerji sahəsində əməkdaşlıq Azərbaycan–Avropa İttifaqı münasibətlərinin aparıcı istiqamətlərindən biridir. Azərbaycanın zəngin enerji resursları və etibarlı tərəfdaş imici Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu, Avropa rəsmiləri tərəfindən dəfələrlə vurğulanıb, o cümlədən Kaya Kallas tərəfindən Azərbaycan Avropa İttifaqı üçün vacib enerji tərəfdaşı kimi yüksək qiymətləndirilib. Hazırda Azərbaycan qazı artıq 10 Avropa ölkəsinə ixrac olunur və bu coğrafiya genişlənməkdə davam edir. Xüsusilə bu yaxınlarda Avstriya və Almaniya kimi ölkələrə enerji təchizatının həyata keçirilməsi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bununla yanaşı, nəqliyyat və logistika sahəsində Azərbaycanın artan rolu Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Xəzər dənizi ilə Qara dəniz hövzələrini birləşdirən layihələr, o cümlədən TRİPP təşəbbüsü regionda yeni iqtisadi imkanlar yaradır və Avropa ilə Asiya arasında etibarlı bağlantı rolunu gücləndirir. Bu kontekstdə Azərbaycan Orta Dəhlizin əsas həlqələrindən biri kimi çıxış edərək qlobal ticarət marşrutlarının şaxələndirilməsinə töhfə verir”.
S.Salmanova qeyd edib ki, regional təhlükəsizlik və sülh gündəliyi də Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının mühüm komponentidir:
“Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması istiqamətində təşəbbüskar mövqe sərgiləyir. Bu baxımdan dövlətimizin başçısı cənab İlham Əliyevin Avropa Siyasi Birliyi sammitindəki çıxışı mühüm siyasi hadisə kimi yadda qalıb və Avropa tərəfdaşları tərəfindən də yüksək qiymətləndirilib. Eyni zamanda Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlərin tədricən formalaşması regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir. Azərbaycan enerji sahəsində də region ölkələri üçün mühüm tərəfdaş olaraq çıxış edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri ayrı-ayrı siyasi qrupların subyektiv yanaşmalarından asılı olmayaraq, real strateji maraqlar və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf edir. Mövcud dinamika onu deməyə əsas verir ki, tərəflər arasında əməkdaşlıq yaxın perspektivdə daha da genişlənəcək, yeni sahələri əhatə edəcək və regional sabitliyə, enerji təhlükəsizliyinə, həmçinin qlobal iqtisadi əməkdaşlığa mühüm töhfələr verməyə davam edəcək”.
Bu gün, 15:57
9