
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda və regionlarda, o cümlədən Sumqayıt şəhərini də əhatə edən Xızı–Abşeron iqtisadi rayonu ərazisində yeni dayanacaq pavilyonlarının quraşdırılması ilə bağlı tender müsabiqəsi elan edib.
Sumqayit.tv xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nəzərdə tutulan işlərin icrası üçün ümumilikdə 3 milyon 654 min 73 manat vəsaitin ayrılmasını planlaşdırır.
Layihə çərçivəsində Bakı şəhəri və Xızı–Abşeron iqtisadi rayonu, o cümlədən Sumqayıt şəhəri üzrə 142 yeni dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulur. Yeni dayanacaqlar sərnişinlərin ictimai nəqliyyatı daha rahat və təhlükəsiz şəraitdə gözləməsinə imkan yaradacaq.
Qeyd edək ki, layihə üzrə digər bölgülər də müəyyənləşdirilib. Belə ki, Gəncə-Daşkəsən və Qazax zonasında 10, Qarabağ və Şərqi Zəngəzurda 8, Quba-Xaçmaz və Dağlıq Şirvanda 22, Şəki-Zaqatala regionunda 10, Lənkəran-Astara zonasında 11, Naxçıvan Muxtar Respublikası ərazisində 80, Şirvan-Salyan və Mil-Muğan bölgələrində 6, Mərkəzi Aran rayonlarında isə 11 yeni dayanacağın yaradılması planlaşdırılır.
Yeni dayanacaq pavilyonlarının quraşdırılması Sumqayıtda ictimai nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına və sərnişin məmnunluğunun artırılmasına xidmət edəcək.
13-02-2026, 15:42
47