Goranboyda şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Sumqayit.tv xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Ramil Nizami oğluna məxsus "Ramal” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Yoxlama zamanı müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.