O, partizanları, diktatorları silahlandırmaqla milyonlar qazanıb, ABŞ ordusundan daha çox silaha sahib olması ilə öyünüb. Onun üçün ideal vəziyyət silahların münaqişənin hər iki tərəfinə satıla biləcəyi bir müharibədir. Həyatı və fəaliyyəti barədə kitablar yazılıb, filmlər çəkilib. Qısaca olaraq “International Armament Corporationt” şirkətinin təsisçisi Semyuel (Sem) Kamminqs.
Alman dəbilqəsindən başlayan ticarətSem ilk ciddi ticarətini ABŞ ordusundan ayrıldıqdan qısa müddət sonra edib. Silahla işləmə bacarığı sayəsində II dünya müharibəsi illərində çavuş rütbəsi ilə ordunun təlim düşərgələrindən birində xidmət edib. 1946-cı ildə Sem Kamminqs vəzifəsindən azad edilib və Vaşinqtonda məmur kimi işləyib. Tezliklə “qəhrəmanımız” Avropadan qayıdan yük gəmilərinin birində ABŞ-yə gətirilən əsir almanların dəbilqələrini görüb. O, bütün dəbilqələrin hər birini 50 sentə alaraq 4 dollara suvenir kimi satıb.
1950-ci illərin ikinci yarısında Almaniya amerikalıların nəzarəti altında öz ordusunu yenidən yaratmaq üçün silahlanmağa başlayıb. İstehsal olmadığına görə digər silahlar arasında Bundesverə pulemyotlar lazım olub. Beləliklə, Sem Niderlanddan II dünya müharibəsindən qalan “Machinengever” pulemyotunu 25 dollara alaraq almanlara hər birini 300 dollara satıb.
MKİ ilə əməkdaşlıq, Hollivud “kino”su üçün silah almaqKoreya müharibəsi zamanı Sem Kamminqs ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin mülki analitiki olaraq amerikalıların şimali koreyalılardan və çinlilərdən ələ keçirlən silahları öyrənib. “Kağız” işini başa vurduqdan sonra ona Tayvanda məskunlaşan Çan Kayşi qüvvələrini silahlandırmaq üçün Avropadan daha çox köhnə alman silahı almaq tapşırılıb.
MKİ-nin planı keçmiş Vermxat silahlarını çinli millətçilərə verib, onları Tayvandan materik Çinə hücum etmələrini təşkil etmək və bununla da Maonun diqqətini Şimali Koreyaya kömək etməkdən yayındırmaqdan ibarət olub. Digər tərəfdən, bu plan ABŞ-nin həmin bölgədə rahat hərəkət etməsinə yardım edəcəkdi.
Bu silahları almaq üçün MKİ 1951-52-ci illərdə Kamminqsi Amerika kino sənayesində Lippi adlı şəxslə birlikdə Avropa turuna göndərib. Cütlük guya müharibə haqqında çəkiləcək Hollivud blokbasterləri üçün silah və avadanlıq almalı idi.
Uğurlu alışlar nəticəsində Sem ABŞ və Avropadakı dövlət qurumları ilə işləməyi, sənədləşmə işlərinin nüanslarını, həmçinin ucuz qiymətə silah almağı öyrənib. Toplanmış təcrübə nəticəsində Kamminqs tezliklə MKİ-dən təqaüdə çıxıb, lakin bu idarə ilə həmişə dostluq və işgüzar əlaqələr saxlayıb. Üstəlik, uzun illər onun sağ əli ABŞ ordusunun texniki-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, xidmət illərində adi silahlar üzrə ixtisaslaşmış Tom Nelson olub.
Artilleriya və reaktiv qırıcı alverçisiTom Nelson bütün dünyanı, ilk növbədə Cənub-Şərqi Asiya və Latın Amerikasını gəzib, müdirinin, müştərilərinin xeyrinə avadanlıq, silah və sursat alıb və konteynerlərə, qatarlara yükləyərək müxtəlif yerlərə daşıyıb və satıb.
1970-ci illərdə onun İngiltərə və ABŞ-dakı iki anbarında o qədər silah olub ki, onun öz təbirincə desək, ehtiyat qırx piyada diviziyasını təchiz etməyə kifayət edib. 1958-ci ildə Kamminqs Böyük Britaniya ordusunda yararlı olan bir molyon ədəd “Li-Enfild” tüfənglərini alıb və bir hissiəsini dərhal Pakistan və Keniyaya satıb.
Sem artilleriya sistemi almaqla yanaşı, İsveçdən Latın Amerikası ölkələrinə bir neçə köhnəlmiş reaktiv qırıcının satışını da həyata keçirib. Onun Virciniyadakı “Interarms” anbarında 700 mindən çox tüfəng, tapança və pulemyot, həmçinin çapı 25 ilə 150 millimetr arasında dəyişən 150-yə yaxın artilleriya mərmisi olub.
Diktatorların və inqilabçıların silahdaşı1950-ci illərin ikinci yarısında Kamminqs Nikaraqua və Kubaya az miqdarda ən son “AR-10” avtomat tüfənglərini satan ilk beynəlxalq diler olub. Bununla belə, Kubaya çatdırılan silahlar Kastronun yenicə qələbə qazanmış qüvvələrinin əlinə keçib. Lakin Sem pulu Kastordan istəyəcək qədər “cəsarətli” olub. Komandante Fidel bu tüfənglərin pulunu nəinki ödəyib, həm də Semə daha bir silah partiyası sifariş edib.
Silah baronunun zəngin həyatının maraqlı hekayələrindən biri də 1953-cü ildə Kosta-Rikada üsyan cəhdinin yatırılması olub. Bu üsyanı “Interarms”ın müştərisi olan Nikaraqua diktatoru Somosa dəstəkləyib və Semdən üsyançılara çatdırmaq üçün “Madsen” yüngül pulemyotları, İtaliya istehsalı tapançaları və digər texnika sifariş edib. Sifarişlər hazırlanıb və Kosta-Rikadakı üsyançıların evlərinə göndərilib.
Kosta-Rika hökuməti də öz növbəsində silahla bağlı təcili olaraq Kamminqsə müraciət edib və onlar Amerika istehsalı “M1 Garand” tüfəngləri və “Browning” pulemyotlarını istəyib. Hətta sürətli çatdırılma üçün təyyarə icarəyə götürülüb. Nəticədə Kosta-Rika ordusu silahlanmış üsyançıları “uğurla” məğlub edib. Yeganə qalib isə “Interarms” şirkəti olub.
1968-ci ildə ABŞ-da mülki bazarda satış üçün ölkəyə silah idxalını kəskin şəkildə məhdudlaşdıran qanun qəbul edilib. Bu isə Semin biraşa ticarətinin bir hissəsinin çökməsi demək idi.
Bu vaxta qədər “İnterarms” amerikalı ovçular, kolleksiyaçılar və sadəcə atıcılıq həvəskarları üçün müxtəlif vintajlı silahlar deyil, həm də Almaniyadan “Walter” və “Mauzer”, Yuqoslaviyadan “Zastava”, İspaniyadan “Star” və bir çox Avropa istehsalçılarının yeni silahlarını gətirib.
Sem bu qadağandan da çıxış yolu tapıb. “Interarms” Almaniyadan lisenziya alaraq birbaşa ABŞ-da Ceyms Bondun sevimli tapançası olan “Walter PPK” kimi ən məşhur modellərin istehsalını təşkil edb.
Musavat.com