Ramiz HüseynovYAP İdarə Heyətinin üzvüXX əsrin sonları və XXI əsrin əvvəllərində Azərbaycan dövlətinin davamlı və sabit inkişafı ötən əsrdə xalqımızın yetişdirdiyi fenomenal şəxsiyyət, nəhəng siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. Nadir şəxsiyyət Heydər Əliyev yaradıcısı olduğu qüdrətli dövlətçilik irsinin banisi olduğu kimi, həm də özünə layiq davamçısını yetişdirməsi ilə azərbaycan xalqının ürəyində taxt quran siyasi liderə, ulu öndərə çevrildi.Heydər Əliyevin şəxsiyyəti böyük bir həyat məktəbidir. Milli-mənəvi dəyərləri ilə, adət-ənənələri ilə, vətəninə-bayrağına sədaqəti ilə ürəklərdə, zehinlərdə var olan həyat məktəbidir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnmiş Şanlı Zəfərli Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar bizi Heydər Əliyev irsinə yeni prizmadan baxmağa sövq edir. Əlbəttə Vətən müharibəsində qazanılmış Şanlı Zəfər hər şeydən əvvəl Heydər Əliyev ideologiyasının, bu ideologiyanı ləyaqətlə davam etdirən siyasi varisin təntənəsidir.
Necə ki, Ulu Öndər Heydər Əliyev hələ 2003-cü ilin oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmiş, qarşıdan gələn seçkilərdə yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olan İlham Əliyevi dəstəkləməyə çağırmış, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyasının bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəyinə, özünün axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri Azərbaycan xalqının köməyi və dəstəyi ilə başa çatdıra biləcəyinə əminliyini ifadə etmiş, “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” söyləmişdir. Eləcə də İlham Əliyev müqəddəs torpaqlarımızı düşmən işğalından azad edən zaman xalqa müraciətində “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” – bəyan etmişdir.
Ulu Öndərin hər bir kəlməsinə inanan, onu sevən, ona etibar edən Azərbaycan xalqının mütləq əksəriyyəti 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə İlham Əliyevə səs verdi. Ölkədə Heydər Əliyev siyasətinin alternativinin olmadığını sübut etdi.
Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atan İlham Əliyev siyasətinin təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Yürüdülən bu siyasətin nəticəsidir ki, Azərbaycanın müttəfiqlərinin və dostlarının sayı durmadan artdı.
Prezident İlham Əliyev beynəlxalq münasibətləri dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. Bu işdə təbii ki, Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi.
İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi. Təsadüfi deyildir ki, minlərlə istedadlı gəncin dünyanın ən qabaqcıl universitetlərində təhsil almaları üçün şərait yaradıldı.
Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görən İlham Əliyev nəhəng infrastruktur layihələri həyata keçirdi. Minlərlə yeni məktəbin, səhiyyə müəssisəsinin tikilməsi ölkənin gələcək inkişafını təmin edən addımlar idi.
İlham Əliyevin Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub, insanların sosial-rifah halı daha da yaxşılaşıb. Ən əsası torpaqlarımız 30 illik düşmən işğalından azad olunub, ərazi bütövlüyümüz təmin olunub. Əlbəttə ərazi bütövlüyümüzün bərpa olunmasını şərtləndirən başlıca amil həm də ölkəmizin mənəvi birliyinin təmin olunmasıdır.
Milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malik olan fenomenal liderlik xüsusiyyətlərinin mövcudluğu ölkə prezidenti İlham Əliyevi regional liderə çevirmişdir ki, bu liderlik sayəsində hazırda regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.
Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən Prezident bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.