Amerikalı milyarder Uorren Baffetin investisiya şirkətinin təxminən 1,2 milyard dollar dəyərində səhmlərini dörd ailə xeyriyyə təşkilatına köçürəcəyi barədə xəbər yayılıb.Rəqəm böyükdür və bu Baffetin keçmişinə bələd olmayanlarda heyrət doğura bilər.
Ancaq məsələ ondadır ki, bu cür əliaçıqlıq Uorren Baffetin hobbilərindən biridir. O, indiyədək milyardlarla pulunu xeyriyyə fondlarına bağışlayıb. Bu məsələdə ondan öndə yalnız Bill Qeyts ola bilər. COVİD 19 pandemiyası ilə bağlı dünya miqyasında “pis adam” kimi təqdim olunan Qeyts indiyə qədər kasıb ölkələrdə təhsilin və səhiyyənin inkişafına, müxtəlif ağır xəstəliklərin müalicəsi üçün dərman preparatlarının yaradılmasına milyardlar xərcləyib.
94 yaşlı Baffet isə hələ ötən il deyib ki, ölümündən sonra var-dövlətini xeyriyyəçiliyə bağışlamaq onun üç övladının üzərinə düşür. Hazırda onun təxminən 148 milyard dollar dəyərində varidatı var. O qədər pulun qarşısında 1.2 milyard “ehsan pulu” elə də böyük məbləğ kimi görünməsə də, milyard hər halda milyarddır.
Uorren Baffet ABŞ-nin Nebraska ştatının Omaha şəhərində anadan olub.
Uorrenin 12 yaşında olanda atası Hovard Baffet konqresmen olub. Amma gələcək milyarder erkən gəncliyindən ata pulu xərcləyən harın övlad olmayıb, öz xərclikləini özü qazanmaq istəyib. O, saqqız, Coca-Cola şüşələri və jurnalları, həmçinin qolf topları satıb, atasının mağazasında işləyib.
Uorren 1947-ci ildə Pensilvaniya universitetinin biznes məktəbinə daxil olub, lakin sonra Nebraska universitetinə köçülrülüb. 1951-ci ildə o, Kolumbiya universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
1956-cı ildə Baffett “Partnership Ltd”-ni təsis edib və toxuculuq istehsalçısı “Berkshire Hathaway”i satın alıb, holdinq şirkəti yaradıb.
U.Baffet 1962-ci ildə dollar milyonçusu, 28 ildən sonra, 1990-cı ildə isə milyarder olub.
Onun əməksevərliyi və iti ağlı sayəsində “Berkshire” dünyanın aparıcı investisiya şirkətlərindən birinə çevrilib. O, batareya istehsalçısı “Duracell” və “Apple”dakı pay da daxil olmaqla 60-dan çox müəssisənin sahibidir.
Baffet “Berkshire Hathaway” səhmdarlarına illik məktubları ilə məşhurdur, burada o, şirkətin nəticələrini bölüşür, onun atdığı addımları və etdiyi sövdələşmələri izah edir, həmçinin bazar vəziyyətinin gələcəkdə necə inkişaf edəcəyi ilə bağlı proqnozlar verir.
U.Baffet hər il ata yurdu Omahada “Berkshire Hathaway” səhmdarlarının yığıncağını təşkil edir.
Son 20 ildə milyardları artdıqca Baffetin xeyriyyəçiliyi də artıb, Bill Qeytslə birlikdə “The Giving Pledge” (“Paylaşma vədi”) təşəbbüsünü irəli sürüb.
Baffet sərvətinin 99%-ni xeyriyyəçiliyə, ən böyük hissəsini isə Qeyts və həyat yoldaşı Melindanın fonduna verəcəyini vəd edib. Baffetin artıq xeyriyyəçilik məqsədi ilə başqa-başqa fondlara 41 milyard dollardan çox ianə verdiyi məlumdur.
O, 1952-ci ildə Nebraska universitetinin dekanının qızı, bir vaxtlar atasının seçki kampaniyasını idarə edən Suzan Tompsonla evlənib. Suzan “Berkshire Hathaway”in direktorlar şurasında işləyib və Baffetdən sonra şirkətdə ikinci ən böyük paya sahib olub. 2004-cü ildə 71 yaşında vəfat edəndə Suzanın şəxsi sərvəti təxminən 3 milyard dollar qiymətləndirib.
U.Baffet 2006-cı ildə Astrid Menks ilə evlənib.
Milyarderin ilk evliliyindən üç övladı var.
Onun ən yaxın dostu biznesdəki rəqibi Bill Qeytsdir. Onların ortaq dəyəri təkcə xeyriyyəçilik sahəsində yarışmaları deyil, sevimli əyləncələrindən biri də kart oynamaqdır. 2020-ci ildəki pandemiya zamanı Baffet və Qeyts kart oyunlarını onlayn rejimdə oynayıblar. Bir dəfə Qeytsin Baffetin şərəfinə şəxsən tort bişirməsi də olub (aşağıdakı şəkildə).
Baffetin biznes sahəsindəki müdrikliyinə misal kimi əlində olan 10.000 dollar mayanı zamanla necə 51 milyon dollara çevirdiyini deyirlər. Ancaq belə görünür ki, həmin 51 milyonu 150 milyarda çevirmək o qədər də çətin olmayıb.
Bir zamanlar Qeyts və Baffet dünyanın ən varlı adamları idilər, amma sonra anladılar ki, dünya malı dünyada qalacaq, ən gözəli onu paylaşmaq, kasıb insanların həyat şəraitini yaxşılaşdırmaq, Afrika ölkələrində təhsil almaq istəyən uşaqlara şərait yaratmaqdır. Onlar varidat məsələsində birinciliyi əldən versələr də, xeyriyyəçilikdə birinci olaraq qalırlar.
Var-dövlətlərini, lüks villa və avtomobillərini dünyaya görk edən, 2 milyon dollara maşın nömrəsi alan, qoluna 2 milyonluq saat bağlayan milyarderlər başqadır, Baffet onlar kimi deyil, onun o qədər pulu yoxdur, vur-tut 148 milyardı var, onları da başqaları paylaşmaq vədi verib.
Musavat.com