
Sumqayıt şəhərində güclü küləyin təsiri ilə tikinti sahəsində baş verən hadisə sakinlərin narahatlığına səbəb olub.
Sumqayit.tv xəbər verir ki, hadisə şəhərin Əzizbəyov küçəsi, 4-cü məhəllə ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasının tikinti meydançasında qeydə alınıb.
Sakinlərin sözlərinə görə, güclü külək nəticəsində tikinti sahəsində saxlanılan daş və digər tikinti materialları ətrafa səpələnərək yaxınlıqdakı ikimərtəbəli yaşayış binasının qarşısına tökülüb. Hadisə ərazidə yaşayanlar üçün təhlükəli vəziyyət yaradıb.
Bildirilir ki, hazırda tikilən yaşayış binası əvvəllər həmin ərazidə yerləşən köhnə binanın sökülməsindən sonra inşa edilir. Sakinlər tikinti meydançasında təhlükəsizlik qaydalarına daha ciddi əməl olunmalı olduğunu, tikinti materiallarının düzgün bərkidilmədiyini iddia edirlər.
Onların sözlərinə görə, hadisə ilə bağlı narazılıq bildirən sakinlər tikinti şirkətinin əməkdaşları tərəfindən kobud rəftarla qarşılaşıb və ərazidən uzaqlaşdırılıblar.
Sakinlər aidiyyəti qurumları məsələyə müdaxilə etməyə, tikinti sahəsində təhlükəsizlik normalarının yoxlanılmasına və baş verən hadisəyə hüquqi qiymət verilməsinə çağırıblar.
Mənbə: Bakıvaxtı.az
Bu gün, 18:43
6