ABŞ prezidenti Co Bayden Ukraynaya gözlənilməz səfərindən sonra gəldiyi Polşada Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümünə sayılı günlər qalmış müharibə ilə bağlı açıqlama verib.Musavat.com xəbər verir ki, Bayden Rusiya prezidenti Vladimir Putinin bir il əvvəl "Ukraynaya qanlı hücuma keçdiyini" xatırladıb.
"75 ildən artıqdır ki, sülhün təməl daşı olan qlobal prinsiplər riskə atılıb. Bir il əvvəl dünya Kiyevin süqutuna hazırlaşırdı. Mən Kiyevdən gəlmişəm və deyə bilərəm ki, Kiyev güclüdür" - o deyib.
Bayden Rusiyanın Ukraynaya təcavüzü ilə dünyanın bütün demokratiyalarının sınaqdan keçirildiyini bildirib: "Biz demokratiya üçün ayağa qalxdıq. Demokratiya Putin üçün çox güclü idi".Putinin Finlandiya və İsveçin NATO-ya üzv olmasını təmin etdiyini izah edən Bayden NATO-nun "həmişəkindən daha birləşdiyini" söyləyib. Bayden əlavə edib ki, Putin NATO-nun dağılacağını və parçalanacağını düşünürdü: “Əvəzində NATO əvvəlkindən daha çox birləşdi. O, enerjini silahlandıra biləcəyini, Avropanın qətiyyətini qıra biləcəyini düşünürdü və bunun əvəzinə biz Avropanın Rusiya yanacaqlarından asılılığına son qoymağa çalışırıq. Putin özünün sərt olduğunu düşünürdü, sonra amerikalıların dəmir iradəsi ilə üz-üzə gəldi".
Bayden deyib ki, NATO-nun istəyi Putinin uğursuzluğa düçar olmasıdır:“Putin artıq koalisiyamızın gücündən şübhə etmir. Ukraynaya dəstəyimiz sarsılmayacaq, NATO parçalanmayacaq və yorulmayacaq. Prezident Putinin torpaq və güc hərisliyi sona çatacaq və Ukrayna xalqının vətən sevgisi qalib gələcək. Rusiyanın qələbəsi olmayacaq heç vaxt! Rusiya həyasızcasına insanlığa qarşı cinayətlər törədir”.
ABŞ lideri Rusiyanın səylərinə baxmayaraq, Ukraynanın hələ də "müstəqil və azad" olduğunu xatırladıb:"Ukraynalı döyüşçülər Xersondan Xarkova qədər bütün torpaqlarını geri aldılar. Qərb Rusiyaya hücum etməyi planlaşdırmır və müharibənin heç vaxt zərurət deyil. Putin bu müharibəni seçdiyi kimi onu asanlıqla bitirə bilər. Rusiya Ukraynaya müdaxiləni dayandırarsa, müharibə başa çatacaq, lakin Ukrayna özünü müdafiə etməyi dayandırsa, bu, Ukraynanın sonu olacaq və buna görə də Ukrayna Qərb müttəfiqlərindən dəstək almağa davam edir".
Rusiya xalqına müraciət edən Bayden deyib: “ABŞ və Avropa ölkələri Rusiyanı nəzarətdə saxlamağa və ya məhv etməyə çalışmır. Putinin dediyi kimi, Qərb Rusiyaya hücum etməyi planlaşdırmır. Bu müharibə heç vaxt zərurət deyil, faciədir. Prezident Putin bu müharibəni seçdi”.
Bayden Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini də açıqlayıb.