Qurban Yetirmişli: “6-7 bal gücündə zəlzələ olsa belə… “
Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan "zəlzələ peyğəmbəri" ləqəbli mütəxəssis Frank Hoogerbeets yeni açıqlaması ilə diqqət çəkib.
O, qarşıdakı günlərdə, yəni martın ilk həftəsi yenidən güclü zəlzələ olacağını deyib:"Yer planeti Merkuri və Saturunla yaxınlaşacaq. Bu da dünyada böyük zəlzələlərin olacağı deməkdir. Mart ayının ilk həftəsi çox kritik dövrdür. Ayın 2-də 9 saat ərzində Yer kürəsinin də daxil olduğu planetar birləşmə(planetlərin birləşməsi) yaşanacaq".
Frank Hoogerbeets baş verəcək zəlzələnin 7 və 8 baldan çox olacağını deyib: "Mən insanlarda qorxu yaratmağa çalışmıram. Müşahidələrimdən belə nəticəyə gəlirəm ki, martın 3-ü və 4-ü tarixlərində böyük seysmik hadisə ola bilər. Bu tarix martın 6 və 7-sinə də dəyişə bilər. Heç nəyi şişirtmirəm. Qorxu yaratmıram. Bu bir xəbərdarlıqdır. Baş verəcək fəlakətin miqyasını və nəticəsini nəzərə alaq. Martın ilk həftəsində 7 və 8 baldan artıq yüksək seysmik hadisə gözlənilir".
Xatırladaq ki, Frank buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq. Daha sonra isə o, Türkiyədə 5-6 bal gücündə təkanların davam edəcəyini və 10 fevralda seysmik dalğalar gözlədiyini açıqlayıb.
Beləliklə, Frank Hoogerbeetsin sonuncu proqnozu qardaş Türkiyədə həyəcanla qarşılanıb. Məlum olduğu kimi fevralın 6-da baş verən dəhşətli zəlzələdən sonra ölkədə təkanlar davam etməkdədir. AFAD-ın məlumatına görə, son üç həftədə bölgədə 10 min 282 afterşok qeydə alınıb.
Təkcə fevralın 26-da Malatya vilayətinin Yeşilyurt rayonunda baş vermiş 5,6 bal gücündə zəlzələ nəticəsində iki nəfər ölüb, 140 nəfər yaralanıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə Kahramanmaraş zəlzələsində zədələnmiş 20-dən çox bina çöküb, dağıntılar altından 32 nəfər sağ çıxarılıb.
Bəzi türkiyəli zəlzələ mütəxəssisləri də həyəcanlı proqnozlar verməkdədir. Bu dəfə hədəf əsasən İstanbul şəhəri göstərilir.
AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mövzu ilə bağlı Musavat.com-a danışıb: “Fevralın 6-dan bu günə qədər Türkiyədə 10 mindən çox avterşoklar olub və bu davam etməkdədir, davam edəcək də. Bu barədə əvvəldən qeyd etmişdim ki, avterşoklar hələ aylarla davam edəcək, ta ki fon səviyyəsinə düşənə qədər. Lakin inanmıram ki, bu qədər enerji boşalmasından sonra 6 və ya 7 bal gücündə zəlzələ olsun, olsa da fevralın 6-da baş verən dağıdıcı zəlzələ kimi olmayacaq. Yəni, 10 minlərlə afterşoklar nəticəsində enerji boşalması olur və buna görə də güclü zəlzələ olması ehtimalı çox azdır”.
Qurban Yetirmişli planetlərin yaxınlaşması məsələsinin Yerdə zəlzələ yarada bilməsi ehtimalından da danışıb:“Əlbəttə ki, Yer də sanki bir insan kimi canlıdır, hər zaman daxilində proseslər, hərəkətlilik gedir. Planetlərin təsiri, cazibə qüvvəsi istər istəməz hərəkətlər, enerji toplanması, zəzlələr, vulkanlar yarada bilir. Praktika da göstərir ki, planetlərin paradı və yaxud yaxınlaşması aktib, zəlzlə ocaqları olan mərkəzlərdə zəlzələlərə səbəb ola bilir. Yəni planetlərin istər - istəməz bu məsələlər ilə əlaqəsi var və bunu inkar etmək olmaz”.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində yaralıların sayı 115 mini keçib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Təəssüf ki, yeraltı təkanların dağıdıcı təsiri, əlverişsiz hava şəraiti və zədələnmiş infrastrukturun gətirdiyi çətinliklər səbəbindən Adıyamanda ilk bir neçə gündə istədiyimiz fəaliyyəti həyata keçirə bilmədik. Baş verən zəlzələdə 115 mindən çox şəxs yaralı olaraq dağıntılar altından xilas edilib”, - deyə R.T.Ərdoğan əlavə edib.
Türkiyədə zəlzələ bölgəsində zərərçəkən Türkiyə vətəndaşı olan 20 şagird isə Azərbaycanda birinci dərəcəli yaxınlarının yanına gəlib. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən bildirilib.
Qeyd edilib ki, hazırda onlardan 20 şagird Bakı Türk Anadolu Liseyində təhsil alır.
/musavat.com/