
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova 44 günlük Vətən Müharibəsi şəhidi Səbuhi Həsənquliyevin ailəsini ziyarət edib, anası Maisə xanımla görüşüb.
Sumqayit.tv xəbət verir ki, görüş zamanı Maisə ana qəhrəman övladının uşaqlıq illərindən, Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan və şəhadətə yüksəlişindən danışıb.
2002-ci il aprelin 11-də Ucar rayonunun Boyat kəndində dünyaya göz açan Səbuhi Həsənquliyev hər zaman iradəsi, mərdliyi və Vətən sevgisi ilə seçilib.
Şuşa uğrunda gedən qanlı döyüşlərdə yaralı dostunu güllə yağışının altından çıxarmağa çalışarkən düşmən atəşinə tuş gələn qəhrəman döyüşçü son nəfəsinə qədər mübarizə aparıb. Döyüş yoldaşları ona çatdıqda artıq Səbuhi şəhadət zirvəsinə ucalmışdı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Səbuhi Həsənquliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Bu gün onun adı qəhrəmanlıq, fədakarlıq və vətənpərvərlik nümunəsi kimi yaşayır.
Elnarə Akimova daha sonra 44 günlük Vətən müharibəsinin qazisi Həsrət Quliyevi də evində ziyarət edib. Boynundan aldığı ağır güllə yarası nəticəsində ömürlük yataq xəstəsinə çevrilən qazi ilə görüş zamanı onun yüksək mənəvi gücü, həyata bağlılığı və nikbinliyi xüsusi diqqət çəkib. Fiziki məhdudiyyətlərinə baxmayaraq ruhən sınmayan Həsrət Quliyevin qətiyyəti və Vətən sevgisi hər kəs üçün nümunədir.
Görüşlər zamanı vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin ailələrinə, sağlamlığını itirən qazilərimizə diqqət və qayğı göstərmək hər bir vətəndaşın mənəvi borcudur. Azərbaycan xalqı öz qəhrəmanlarını unutmur, onların göstərdiyi igidlik nümunələri isə gələcək nəsillərin yaddaşında daim yaşayacaq.






Bu gün, 11:37
17